09 Aprel 2024 15:09
2235
MƏMLƏKƏT

Paşinyanın sevimli məkanı,  macəra turizm mərkəzi olan  Kürdavan kəndimiz fotolarda

Deməli, 7 aprel ermənilərdə Analıq və Gözəllik Günü imiş. Ermənistanın baş naziri Nikol Paşinyan və ailəsi Analıq və Gözəllik Gününü hazırda azərbaycanlıların da, ermənilərin də diqqət mərkəzində olan Tavuş vilayətinin Yenokavan kəndindəki “Apaqa Resort” istirahət zonasında qeyd edib.
Erməni mediası yazır:”Bizə xəbər verdilər ki, qabaqcadan Yenokavana böyük nümayəndə heyəti, əsasən Paşinyanın mühafizəçisi, sonra isə onlardan sonra rəhbərlik yola düşüb. Bu dəstəni iki gün öz hesablarına “Apaqa Resort”da saxladılar, yedizdirdilər, zəbt etdilər. Və bu ilk dəfə deyil. Bilin ki, kurort sahibləri bu səfərlərin olmasına yaltaqlıq nümayiş etdirir və sevinirlər. Çünki bu da onlara müəyyən imtiyazlar verir və zirvəyə yaxın olmaq imkanı verir.

Beləliklə, kurortun “ müftə yeyənləri”nə xidmət etməli olan sıravi işçilər, yalnız siz özünüzü diskomfort hiss edirsinizsə və iztirablı işlərdən bezmisinizsə hər yerə şikayət edin.
Yenə marağımı saxlaya bilməyib araşdırmaya başladım. Axı, ermənilər bu torpaqlara 1813-1828-ci ildə Çar Rusiyasının təşkilatçılığı və bir başa icraası ilə köçürülüblər! Buna əmin olduğum üçün Yenokavan kəndinin bir azərbaycanlılar yaşayan kənd olduğunu düşünüb araşdırmağa daha səylə başladım.

Bəli, düşüncəm məni yanıltmadı və məlumunuz olsun ki, dədə-babalarımızın təməlini qoyduğu bu kənd bəlkə də Qafqazın 4-5 ən gözəl kəndlərindən biridir. İndi isə kənd haqqında sizə məlumat verim. 1860-cı ilə aid Rus İmperiyasının siyahıalma üzrə sənədlərində Qazax nahiyəsi ərazisində “Krdevan” kəndi adı gedir. Məlum, rus əlifbasında “ü” hərfi olmadığı üçün ruslar bu sözü belə yazıblar.Yəni, “ü” hərfi kəndin adından çıxarılıb .

Amma kəndin ilkin adı ərazidə coşqun dağ çaylarının olması ilə bağlı azərbaycanlılar tərəfindən “Kürdavanı” (kür dağ çayının axın yeri, sonu, axırı, ayağı mənasında ) adlandırılmışdı. Kəndin ərazisindən ermənilərin Sarnacur adlandırdığı Soyuq çay axır. Bu çay ermənilərin Quqarats adlandırdığı Babakar dağ silsiləsindən axıb gəlir.

Ermənilər iddia edir ki, burada yaşayan ermənilər vaxtı ilə Sevkar kəndindən gələnlər olub. Onlar iddia edir ki, sevkarlılar bura 19-cu əsrdə gəlib. Maraqlı burasıdır ki, Sevkar kəndi də qədim türk yaşayış yerlərindəndir və erməniləşməmişdən əvvəl adı Qaradaş olub

Bəli, Kürdavan Yenokavanın əvvəlki adı olub. Heç ermənilər də bunu gizlətmir. Erməni mənbələr yazır:” Yenokavan ( erməni : Ենոքավան)  Ermənistanın Tavuş vilayətinin İcevan bələdiyyəsində kənd və yay kurort zonasıdır . Kənd rayon mərkəzi İcevan şəhərindən bir neçə kilometr şimalda , əsas magistral yolun yaxınlığında yerləşir. Kəndin yaxınlığındakı kanyon meşələrlə, çaylarla zəngindir və qədim oymalar olan mağaralara malikdir.



Kənddə müxtəlif ekstremal idman növləri üçün macəra parkı olan “Yell Ekstremal Parkı” var. “Yell Extreme Park Team” adlanan bir qrup macəraçı, təqribən 200.000 ABŞ dolları dəyərində dünyanın ən uzun zip xəttini Yenokavanda quraşdırmağı planlaşdırır.

Kənd 1935-ci ilə qədər Krdevan kimi tanınıb. Kənd 1935-ci ildə Sovetlər tərəfindən rayonda ilk Kommunist partiyası firqəsinin yaradıcısı Yenok Mkrtumyanın şərəfinə Yenokavan adlandırılıb.

P.S. Oxucularımın yadındadırsa, 3 -4 il əvvəl də yanıxa- yanıxa Qarabağda erməniləşdirilmiş kəndlərimizdən yazırdım, kövrəlirdim, əsəbləşirdim, ağlayırdım...  İndi də Ermənistandakı kəndlərimizdən yazıram ... eyni hisslər... Nəisə.. Allah xeyirli-uğurlu eləsin...

Fotolara baxıram, ağlamayım, kövrəlməyim, dəli olmayım, nağayrım?

 
Əntiqə Rəşid