Peşəkar səhnədəki və həyatdakı obraz: Yaddaşlara yazılan Fuad Poladov

Bu gün mərhum sənətkar, Azərbaycan Kinematoqrafçılar İttifaqının üzvü, görkəmli teatr və kino aktyoru, xalq artisti Fuad Poladovun doğum günüdür.
Fuad Poladov 1948-ci il may ayının 24-də Bakıda Sovetski məhəlləsində müəllim ailəsində anadan olub. 132 saylı orta məktəbi bitirib. O, Cəfər Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyasında Ədil İsgəndərovun aktyorluq studiyasını bitirib. 1967-1972-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Sənət müəllimi Tofiq Kazımovun dəvəti ilə tələbə ikən Akademik Milli Dram Teatrında hazırlanan İlyas Əfəndiyevin "Məhv olmuş gündəliklər" pyesinin tamaşasında Savalan rolunu oynayıb. Premyerası 1969-cu il noyabrın 29-da göstərilən tamaşadan sonra Fuad Poladov teatrın aktyor truppasına daxil olub. İyirmi il bu kollektivdə işləyən sənətkar 1989-cu ildən Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının aktyorudur. 1987-ci ildən Xalq artistidir.
Lirik-psixoloji üslublu aktyorluq məktəbinin qabaqcıl sənətkarlarından biri, fəlsəfi-dramatik və faciə rollarının mahir ifaçısı Fuad Poladovun səhnədə yaratdığı bütün obrazların taleyi ifa baxımından uğurlu olub. Aktyorun yüksək sənətkarlıqla oynadığı Rəhman, Valeh, Qədim, Mübarək Səltənə ("Mahnı dağlarda qaldı", "Qəribə oğlan", "Büllur sarayda" və "Şeyx Xiyabani", İlyas Əfəndiyev), Cığatay ("Yağışdan sonra", Bəxtiyar Vahabzadə), Fərhad ("Məhəbbət əfsanəsi", Nazim Hikmət), Şahbaz bəy ("Müsyö Jordan və dərviş Məstəli şah", Mirzə Fətəli Axundzadə), Şöklü Məlik ("Torpağa sancılan qılınc", Nəbi Xəzri), Zaur ("Təhminə və Zaur", Anar), Baron ("Həyatın dibində", Maksim Qorki) rolları yüksək bədii dəyərli səhnə surətləridir.
Teatrın dəvəti ilə Fuad Poladov 29 mart 2002-ci ildə Akademik teatrda Uilyam Şekspirin eyniadlı faciəsində Hamlet rolunu uğurla oynayıb. Fuad Poladov səhnədə düşünməyi, düşüncələrini fəlsəfi dəyərlərlə çatdırmağı, ən adi obraza da psixoloji ahəng verməyi bacarıb.Fuad Poladovun səhnə plastikası ifa etdiyi obrazın psixoloji və emosional duyğularına uyğun şəkildə dəyişib. Bu yaradıcılıq xüsusiyyətləri hər dəfə yeni ölçü-biçidə və orijinal təqdimdə tamaşaçılara çatdırılıb.
Fuad Poladov obraza ictimai dəyər gətirməyi, ona psixoloji-sosial mahiyyət aşılamağı sevən və bunu yüksək peşəkarlıqla öz oyununda realizə edən aktyor olub.
Həmkarı, aktrisa Vəfa Fətullayeva ilə sevgisi əfsanəyə çevrilib. Lakin onlar qovuşa bilməyiblər. Ətrafdakılar buna səbəb kimi Vəfa Fətullayevanın anası, Hökumə Qurbanovanın izdivaca mane olmasını göstəriblər. Fuad Poladov ömrünün sonuna kimi bu sevgi haqqında bir kəlmə də danışmayıb.
Həyatın Fuad Poladov obrazı
Fuad Poladov İncəsənət Universitetində tanış olduğu Gülüstan Poladova ilə evli olub. Bu evlilikdən Ağarəhim adlı oğlu və Fəridə adlı qızı var. Aktyorun həyat yoldaşı qeyd edir ki, o, çox yaxşı həyat yol yoldaşı olub. Xəstələnməyənə qədər evə bazarlığı belə daim özü edirmiş ki, yoldaşı əziyyət çəkməsin.
Azərbaycanın xalq artisti Rasim Balayev hesab edir ki, mərhum həm böyük aktyor həm də ki, böyük şəxsiyyət idi:"Bütün müsahibələrdə də demişəm: aktyorlar sənət dünyasında müəyyən maqamlara çata bilər. Ama şəxsiyyət olmaya da bilərlər. Fuad həm də böyük şəxsiyyət idi", - Rasim Balayev BBC Azərbaycancaya bildirib.
"Aktyorlar var iki özünü camaatın içində apara bilmir. Ama Fuad Poladovu görəndə elələri özünü yığışdırırdılar. O, cəmiyyətdə özünü apara bilirdi. Bununla da aktyor sənətinə adamlarda hörmət yaradırdı. Gendən baxanda deyirdilər ki, aktyor da ciddi şəxsiyyət olarmış".
Jurnalist Firuzə Nadir yazır:”Fuad Poladov nəhəng idi, intriqabaz deyildi, tamaşaçı onun adının hansısa qalmaqalda hallandığını eşitməmişdi. Fuad Poladov sadə və qürurlu idi. Mərdliyi ilə şəxsiyyətinin arasında bir sərhəd görünmürdü. Fəlsəfi-dramatik və faciə rollarını ustalıqla ifa edən Fuad Poladovu sevməmək mümkün deyildi. Tamaşa bitəndən sonra səhnəyə çıxan Fuad Poladov onu alqışlayan tamaşaçılara baş əyəndə belə fərqlənirdi. Həmin anlarda da sənətkarlıq nümayiş etdirir, şahanə görünüşü ilə seçilirdi.
Əsil sənətkarlar heç bir zaman ölmür, sadəcə dünyalarını dəyişir, sevənlərinin qəlbinə hopur, yaddaşlarda qorunub saxlanırlar. Fuad Poladov xalq artisti kimi polad iradəli, əyilməz, məğrur və qürurlu şəxsiyyət olaraq SƏNƏTKAR ömrünü başa vurdu. Son yolçuluğu da alqışlarla müşaiyət olundu. O, göz yaşlarına bürünmüş alqışları özü ilə apardı. Amma qazandığı "azman sənətkar" titulu və səhnədə qurduğu "şahlıq taxtı" əbədi olaraq Azərbaycan xalqının xatirində qaldı. Çünki o, öz şərəfli ömrünü əzəmət və məğlubedilməzlik "aksesuarları" ilə bəzəmişdi”.
Sənətkarımız- uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən aktyor 4 may 2018-ci ildə vəfat edib. Məzarı "Qurd qapısı" qəbiristanlığındadır. Sevimli aktyorumuzu göz açdığı və dünyasını dəyişdiyi may ayında böyük ehtiramla yad edirik nə yaxşı doğulmusan, nə yaxşı var olmusan - deyirik!
Əntiqə Rəşid