02 Iyul 2024 17:48
381
GÜNDƏM

Peşəkarı, vicdanlı, vətənpərvər, ləyaqətli - Mənim Polisim!

Daxili İşlər Nazirliyinin əməkdaşları ilə çoxdan tanışam, hələ öz adımı təzə -təzə yazmağa başlayandan və   zaman –zaman münasibətim fərqli olub. Amma ilk tanışlığım heç xoş olmayıb.

1980-ci illər olardı. Uşaq idik. Atam Bərdə şəhər Avtobazasında çalışırdı. “Kamaz” sürücüsü işləyirdi. Lenin adına kolxozdan (Ağdam rayonu Başqərvənd kəndi) dəfələrlə dəvət gəlmişdi ki, oradan çıx gəl, səni burda-kolxozda işlə təmin edək. Atam getməmişdi. Deyirdi ki, mən qadın başçı ilə bir yerdə çalışa bilmərəm .
Hərdən işdən gələndə bizi uşaqları da maşına yığar mal-heyvanımız üçün ot yığmağa gedərdik. Xüsusəndə Nəmirli- İlxıçılar kəndinin üzüm bağlarındakı alaq otlarını bağın briqadirindən icazə alıb çalardı.Çox vaxt qonşularımız da bizə qoşulardı. Sahələrdən xeyli ot yığıb gətirib qışa tədarük edirdilər.
Deyəsən çox uzatdım...

Yenə də təxminən 1979 - 80-ci illər idi...

Günlərin bir günü yenə atam ot biçməyə gedəsi oldu, bacım, mən, qardaşım doluşduq maşına ki, "biz də gedirik". Getdik , yenə biz oynamağımızda atam isə yenicə çiçəkdən çıxmış meynələrin arası ilə ot çalmağında ... Sonda maşının yük yeri otla doldu. Toran düşəndə sahədən ayrılıb asta –asta Xaçın çayını , sonra dəmir yolu keçib kəndə girdik. Bu zaman sədri Xuramanın (Sosialist Əməyi Qəhrəmaı Xuraman Abbasova) UAZ-ı ilə qarşılaşdıq. Sürətlə yanımızdan keçən UAZ-ın  qəfil əyləci basıldı. Sonra sürətlə geri-geri gəlib maşınımızın qarşısına keçdi. Sədr salamsız-kalamsız əsəbi şəkildə maşınımıza tərəf bağırmağa başladı:
- O otu hardan almısan? Dədənin ot sahəsi var? Haranı çapıb-talamısan? Tez elə boynuna al...
- Xuraman bajı, heçaranı talamamışam, Nəmirlidən üzüm bağından yığmışam otu. Briqadir özü icazə verib.
 -Ə yalan danışma, dayan burda!
 Eyni hikkə və əsəblə UAZ-ına tərəf yeridi. Maşında quraşdırılmış ratsiya ilə kimlərisə çağırdı.Aradan çox keçməmiş bir dəstə polis (milis) yanımızda maşından düşdü.
 Sədr: Bunu aparın idarəyə orda didik –didik axtarın, bircə dənə qarğıdalı budağı otun arasından çıxsa, saxlayın orda gəlirəm.
 Biz uşaqlar onsuzda kənddə hamının “tük saldığı” sədrdən qorxub büzüşmüşdük, heç nəfəsimizi də çəkə bilmirdik. Milisləri də görəndə olan qalan ürəyimiz  lap qırıldı. Üçümüzdə ağz-ağza verib ağlaşmağa başladıq.
Sədr qapını möhkəm çırpıb yanımızdan ötüb keçdi. Milislər bizi qapımızın ağzında maşından düşürüb , atamla bərabər harasa getdilər.
Hamımız narahat idik, üstəlik xəbəri eşidən əmilərim, dayılarım da bizə yığışmışdı bu da bizi bir yandan narahat edirdi.
Hardasa 2-3 saatdan sonra atam gəldi çıxdı. Necə deyərlər “çırtma vursan qanı tökülər”. Məlum olmuşdu ki, bir maşın otun içində 1 dənə də qarğıdalı yarpağı olmayıb.Yerə tökdükləri otu yenidən atama yerdən maşına yığdırmışdılar. Bu mənim təxminə 8-9 yaşım olarkən milislə ilk tanışlığım oldu. Sonra böyüdüm, yəni, 6-cı sinif şagirdi oldum. Kolxoz sədrimizin tələbiylə pambıq yığımına qoşulan məktəblərimiz şagirdi kimi pambıq yığmağa getdim. Bax onda çiynində “pambıq fartok”u olmayanları milis işçilərinin necə qamarlayıb maşına basıb sahələrə apardığının şahidi oldum. Sədrin qanununa baş əyməyənlərin necə polisin əli ilə cəzalandığını gördüm. Sədrə cavab qaytaranların, söyüşünə söyüşlə cavab verənlərin necə dəlixanaya, türməyə saldırdığını gördüm.
Bir azda böyüdüm. Qarabağın ilk mitinqinə toplaşan vətənpərvər insanları mitinqdən sonra idarəyə çağırıb, onlardan pul qopardan, onları hədələyən, etiraz edənləri əzişdirən milisləri də gördüm.

Müstəlliyimizin bizə qazandırdığı POLİS

Elə bilirdim əynində uniforma olan hər kəs elə  zorbalıq deməkdir. Düz, müstəqilliyimizi əldə edənə qədər... Müstəqilliyimizə sevinməyə vaxt tapmamış müharibə başladı. Azərbaycanın ərazi bütövlüyü uğrunda silaha sarılıb döyüşlərə atılan igid polislərin qəhrəmanlığı polis haqqında olan bütün fikirlərimi alt –üst elədi.
 Qazi polisiərimiz, şəhid polislərimiz Azərbaycanın mübarizə tarixinə adını qızıl hərflərlə yazdı. Bu o vaxt Ağdam da da belə idi, Şuşada da, Füzulidə də, Xocalıda da digər Qarabağ rayonlarında da ... Azərbaycan polisi beyniməəbədi  belə həkk oldu. Və heç bir neqativ fikir yaddaşımdakılara təsir etmədi.

Bu hadisəni də danışım, yekunlaşdırıram: Tələbəydim . Neçə müddət necə deyərlər “yeməyib, içməyib” pul yığıb özümə işlənmiş bir telefon almışdım. O vaxt elə bilirdim indiyənə qədər onun qədər qiymətli bir əşyam olmayıb. Sanki qızıl qiymətində almışdım. O qədər dəyərli idi ki, mənə...
Bir gün  mağazadan evə gələndə anladım ki, telefonum cibimdən düşüb. Amma kirayədə qaldığım məhlənin girişində onu cibimə atdığımı xatırladım. Bildim ki, telefonu həyətdə itirmişəm. Bir –bir məhlədəki evlərin qapılarını döyüb telefon tapıb- tapmadıqlarını soruşurdum. “Gördüm” deyən olmadı. Hətta sonuncu bir evin qapısını döyüb telefonu soruşanda qadın telefonun markasını soruşdu. Markasını deyəndə ümidləndim ki, yəqin tapıb. Qadın ağzını sürüyə-sürüyə:"Onu kim tapıb sənə verər ki... Havayı axtarma”.

Sonrakı günlərdə telefonuma zəng edirdim səsimə qulaq asım, yalvarışlarımı eşidib telefonu üzümə söndürürdülər. Axırda  Binəqədi 5-ci polis bölməsinə şikayətə getdim. Sağ olsunlar, "ağzını sürüyə-sürüyədanışan" qadının evindən  telefonumu tapıb mənə verdilər. Amma  elə bildim sanki dünyanı mənə verdilər. Demək olar ki, Bakıda yaşamağa qərar verən gündən hər zaman polislərin köməyinə ehtiyacım olub . Yəni, məni səbəbsiz, günahsız yerə polisə şikayət ediblər. DİN əməkdaşları –Polislər araşdırma apararaq haqqımı-hüququmu qoruyublar. Heç vaxt haqqımda qərəzli qərar çıxarmayıblar.  Heç vaxt onlardan incimədim. Çünki həmişə onlara özümün doğmam kimi baxdım, doğmam bildim.
Xüsusən, 9-cu , 29-cu , 5-ci polis şöbələrinə sonda dərin təşəkkürümü də bildirmişəm!


Bu gün yenə də polis gündür! Öz işinin peşəkarı, vicdanlı, vətənpərvər, ləyaqətli, vətəni sevən , xalqına xidmət edən bütün polislərimizin, doğmalarımızın günü-bayramı mübarək olsun! Qazi polislərimizə Allahdan sağlamlıq, şəhid polislərimizə Allahdan rəhmət diləyirəm!


Əntiqə Rəşid