adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
08 May 2023 11:06
1996
MÜSAHİBƏ

Polkovnik:” Şuşaya buraxılsaydım, 147 şəhidin nəşi qalmış ərazini göstərərdim”- MÜSAHİBƏ

31 il əvvəlin bu günü ... Bu gün Ermənistan silahlı qüvvələrinin Rusiyanın 366-cı alayının 40 zirehli texnikasının köməyi lə Azərbaycanın dibər guşəsi Şuşa şəhərini işğal etməsinin ildönümüdür.

Adalet.az xəbər verir ki, 1992-ci il mayın 7-dən 8-nə keçən gecə erməni hərbi birləşmələri 11 min nəfərlik qoşunla üç istiqamətdən Şuşa şəhərinə hücum edib və Şuşa talan olunub. Həmin gün nəinki, şuşalıların, qarabağlıların eləcə də, bütün azərbaycanlıların ən ümidsiz, kədərli, məğlub olduqları bir gün kimi yaddaşına həkk olundu. Şuşa rayonunun Malıbəyli kəndində doğulub boya-başa çatmış peşəkar hərbçi, ehtiyatda olan polkovnik Azay Kərimovla həmin günü bir daha xatırlayacayıq.

- Cənab Polkovnik, 3 ildir Şuşa düşmən işğalından azad olub. Artıq 8 may bizi əvvəlki illərdə olduğu qədər ağrıtmır... 2020-ci ilə qədər və 2020-ci illərdən sonra 8 mayı siz necə hiss edirsiniz?

- Hər zaman bunu təkrar etmişəm ki, 2020-ci ilə qədər bir hərbçi olaraq , bir şuşalı kimi gündüz oturanda da, işləyəndə də, yemək yeyəndə də, gecə yatanda da yalnız Şuşanı azad etməyin yolları barədə düşünmüşəm. Hər gün beynimdə əməliyyat planları hazırlamışam, xəritələr çəkmişəm, hesabatlar aparmışam. 2020-ci ilə qədər nəinki Şuşa, hətta 7 rayonumuzun da işğaldan azad olunacağına Allahın möcüzəsi hesab eləyirdim. Nəhayət 2020-ci ilin noyabrında Şuşa ermənilərdən azad oldu.... Əslində bu möcüzə deyildi, bu Azərbaycan Ordusunun peşəkar, psixoloji hazırlığı, əsgər və zabitlərimizin əməyidir..

- Şuşanın azad olması xəbərini necə qarşıladınız?

- O anı nə vaxt xatırlayıramsa, yenə kövrəlirəm. Bəli, Şuşa işğaldan azad olanda ömrümdə ilk dəfə idi ki, bir zabit olaraq hönkürtü ilə ağladım. Çünki Şuşa və 7 rayonun işğaldan azad olunması Azərbaycanı dünyada məğlubiyyət biabırçılığından, soydaşlarımızı xəcalət hissindən , tənqid və təhqirlərdən qurtardı. Təəssüf ki, 2020-ci ildən bu günə qədər yenə eyni hissləri keçirirəm, ürəyim sakit deyil. Çox şey bilirəm, xırdalamaq istəyirəm. Daha dəqiqi, nə qədər ki, Xankəndidə, Xocalıda 10 mindən çox rus hərbçisi var, mən Şuşanı təhlükədə görürəm. Hazırki, durum mən istədiyim , arzuladığım səviyyədə deyil, deyə sevinə də bilmirəm.

- Neçə dəfə getmisiniz Şuşaya?

-Düz 3 dəfə “portal”a müraciət eləmişəm. Bilmirəm, hansı səbəbdəndirsə, məni Şuşaya buraxmırlar. Heç dövlət səviyyəsində dəvət edən də olmayıb. İncimirəm. (festival və turlar ı nəzərdə tutur-red Ə.R ) Amma baxıram, 1992-ci ilin martından, aprelindən Şuşanı qoyub, qorxusundan Bakıya qaçanların hamısı Şuşada “boydu-boyduya” verib, şəkil çəkdirirlər, “canım Şuşam “ deyib , özlərini reklam edirlər. Bu da xətrimə dəymir. O vaxt Şuşanın icra hakimiyyətinin başçısı rəhmətlik Nizami Bəhmənov və şəhər sovetinin sədri Vaqif Hüseynov Şuşa şəhərində mənə 3 otaqlı ev vermişdilər. Mən o evdə bir dəfə olsun uzanıb rahat dincəlmədim. O evdə qalmırdım . 777 saylı xüsusi təyinatlı əlahiddə hərbi hissənin kazarmasında qalırdım. Maraqlı olan, daha doğrusu məni incidən odur ki, indi siyahıya alınma gedir, məni heç o siyahıya da almırlar. Evimisə özümə qaytarmaq istəmirlər.

- Axı niyə? Siz 1990-cı ilin iyulundan doğma Şuşanızın, Malıbəyli kəndinin erməni quldurlarından müdafiəsinə qoşulmusunuz, Malıbəylidə insan qırğının qarşısının alınmasında şücaət göstərmisiniz, 6500 nəfərin həyatını xilas etmisiniz.... Qarabağda döyüşmüş, canını torpaq yolunda fəda etmiş qaziyə qarşı bu nə soyuq münasibət?

- Bilmirəm.... 28 il 7 ay orduda xidmət etmişəm, bunun 16 ildən çoxunu Azərbaycan Ordusunda xidmət göstərmişəm. Qarabağda əlimdən gələndəndə artıq eləmişəm, hər şeyimi qurban vermişəm bu müharibəyə, hər şeyimi...3 dəfə ağır yaralanmışam, 31 ildir, elə indi də o travmaların yaraların acısını yaşayıram. Hazırda xəstəxanada yatıram, vəziyyətim heç yaxşı deyil ..Bildiyim odur ki, elə bil məni heç kim görmür, duymur, hesaba almır... (Susur...)

- Bu 3 ildə siz ora getsəydiniz nəyi dəyşdirə bilərdiniz, baş vermiş hansı olayın üstünü aça bilərdiniz?

- Bilirsiniz, indi ora gedənlərin çoxu Gəncə qapısının, Qala qapısının qarşısında şəkil çəkdirirlər. Ordan təxminən 2-3 km Albertin vurduğu tanka çatmamışa qədər 3-ü şuşalı olmaqla 147 insan o zonada şəhid olub. Bu günə qədər də nə adları çəkilir, nə də axtaran var.Orada 147 nəfər Ramiz Qənbərovun, 25 nəfər Tofiq Oğuzun, 15 nəfər Fəxrəddin Səfərovun batalyonundan, 777saylı xüsusi təyinatlı əlahiddə hərbi hissədən 25 nəfər həlak olubdur. Hələ indiyə qədər nə o uşaqların adlarını çəkən var, nə onların axtarılıb tapılması üçün təşəbbüs göstərən. Nə də bunun üçün yuxarı instansiyalardan icazə istəyən var. Bu şəhidlərin hamısı o torpaqdadır, icazə verilsə o uşaqların hamısını axtarıb tapmaq mümkündür. İzləyirəm, deməli, Şuşaya gedənlərin heç birisi, istər adi vətəndaş, istərsə də keçmiş hərbçilər lər olsun, həlak olan o hərbçilərin aşkarlanmasında maraqlı deyillər. Amma mən 90 faiz onların harada, hansı səmtdə şəhid olduqlarını bilirəm.  Məni buraxsınlar, gedim kimin harda həlak olduğunu, nəşi harda qaldığını göstərim.

- Azay bəy, bir dəfə, Vətən müharibəsindən çox əvvəl sizdən müsahibə götürürdüm, sual verdim ki, ən böyük arzunuz nədir? Dediniz ki, azad olunmuş Şuşanı görmək! Sonra da gülümsəyərək əlavə elədiniz ki, Şuşada sizə müsahibə vermək! Şükür həmin arzunuz yerinə yetdi, Şuşa azaddır! Bəs nə vaxt gedək Şuşaya, qarış –qarış gəzdiyiniz, sevdiyiniz o yerlərdə mənə daha maraqlı bir müsahibə verəsiniz?

- Məsəl var, deyirlər, ömür bitir arzu bitmir. İndi də başqa arzum var. İstəyirəm ki, Fuzulinin Əhmədbəyli kəndindən başlayaraq Şuşaya gedən 82 km-lik yol ilə yox, Ağdam - Şuşa arasındakı 28 km-lik yolla yurduma gedim. Bax, onda bütün ağrılarım sakitləşəcək, ürəyim narahat qalmayacaq, incikliklərimi unudacağam. Hə, bax onda sizə də bir müsahibə məndən!

- İnşallah! Bu həm də bir Ağdamlı kimi mənim arzumdur! Allah ikimizi də arzumuza çatdırsın! Hələlik isə salamat olun! Allah sizə şəfa versin!

Əntiqə Rəşid