PREZİDENT: «O TORPAQLAR SAHİBLƏRİNƏ PAYLANILACAQ»
Hazırda işğaldan azad olunmuş ərazilərdə ən çətin iş minalardan təmizlənmədir ki, onu da ANAMA və Milli Ordumuz lazımınca həyata keçirirlər. Təkcə Füzuli rayonunda 2500 hektar torpaq minalardan tam təmizlənib və həmin ərazilərdə müxtəlif şirkətlər əsasən taxıl əkiblər. Eləcə də Ağdamın azad olunmuş torpaqlarında müxtəlif şirkətlər əkinçiliklə, yenə də qeyd edirəm, xüsusilə taxılçılıqla məşğul olur.
Füzulidə təməlqoyma mərasimində Möhtərəm Prezident çoxlarını, həmin bölgənin sakinlərini narahat edən çox vacib bir məsələyə aydınlıq gətirdi. Bildirdi ki, hələ ki əhali azad olunmuş torpaqlara köçürülməyib, ona görə də həm torpaqlar boş qalmasın, həm də bu torpaqlar öz bərəkətini itirməsin deyə müvəqqəti olaraq müəyyən şirkətlərə icarəyə verilib ki, əksinlər-biçsinlər, ölkədəki ərzaq proqramına yardımçı olsunlar. Amma elə ki köçkün əhalinin öz doğma yurdlarına dönüşü başlayacaq, həmin torpaqlar onlara pay torpaq kimi veriləcək ki, onlar həm əkin-biçinlə məşğul olsunlar, həm də onlara iş yerləri açılsın.