20 May 2025 17:30
127
HÜQUQ

Prokuror "Abzas işi" ilə bağlı cəza istəyib

“Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktoru Sevinc Vaqifqızı, direktor müavini Məhəmməd Kekalov, jurnalistlər - Hafiz Babalı, Nərgiz Absalamova, Elnarə Qasımova və iqtisadçı Fərid Mehralızadə məhkəmə prosesi davam edib.

Adalet.az Report-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən prosesdə prokuror çıxış edib.

Prokuror Ülvi Həsənlin 12 il, Sevinc Vaqifqızının 11 il, Məhəmməd Kekalovun 11 il, Hafız Babalı 12 il, Fərid Mehralızadə 12 il, Elnarə Qasımova 11 il, Nərgiz Absalamovanın 11 il azadlıqdan məhrum edilməsini istəyib.

Proses iyunun 10-da davam edəcək.

Qeyd edək ki, 2023-cü il noyabrın 21-də “Abzas Media”nın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı (Abbasova), noyabrın 23-də direktor müavini Məhəmməd Kekalov, dekabrın 1-də saytın əməkdaşı Nərgiz Absalamova, dekabrın 13-də jurnalist Hafiz Babalı, daha sonra saytın əməkdaşı Elnarə Qasımova barəsində qrup halında qaçaqmalçılıq ittihamı ilə həbs qətimkan tədbiri seçilib.

Onlar barəsində ilkin olaraq Cinayət Məcəlləsinin 206.3.2-ci (qrup halında qaçaqmalçılıq) maddəsi ilə ittiham irəli sürülüb.

İstintaq dövründə Cinayət Məcəlləsinin bir sıra, o cümlədən 193-1.3.2-ci maddəsi (Cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, xeyli miqdarda törədildikdə) üzrə yekun ittiham verilib.