adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
25 Mart 2023 17:01
443
HADİSƏ

“Qadın taleyi” rubrikası: “Ailəm bacıma görə dağıldı, bu yola düşdüm...”

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə sizə Ayşənin həyat hekayəsini təqdim edəcəyik. Ayşə deyir ki, onun bu gün ailəsinin dağılmasına səbəb bacısı olub. Böyük bacısı ərindən boşanıb, Bakıda yaşayır və elə onun evinə etdiyi get-gəllə sonda Ayşənin də ailəsinin dağılmasına səbəb olub.

“Evin kiçik qızıyam. Qonşu kənddə gəlin köçdüm. Bir müddət qayınatamgillə yaşadıq və sonra isə ev tikib ora köçdük. İki övladım dünyaya gəldi. Kasıb yaşasaq da xoşbəxt idik. Amma bacımın evimə gəlib-getməsi hər dəfə söz-söhbətə səbəb olurdu”. 

“Nə geyiminə, nə də davranışına...”

“Birinci elə bacım haqqında danışım. Ailə qurmuşdu xaricdə yaşayırdılar. Amma orda etdiyi özbaşınalıqlara görə əri ondan boşandı. Azərbaycana qayıtdıqdan sonra isə bir müddət kənddə yaşadı və daha sonra isə Bakıya köçdü. Hər dəfə kəndə gələndə bizə gəlib-gedirdi. Nə geyiminə, nə də davranışına fikir verirdi. Bu da ərimin xoşuna gəlmirdi. Bacım məni bir-iki dəfə Bakıya evinə qonaq çağırdı. Mən də düşünürdüm ki, bacımın evidir gedib-gəlirdim. Amma bir gün təklif etdi ki, məni başqa kişilərlə görüşdürsün. Əvvəl razı olmasam da təklif olunan pullardan sonra yoldan çıxdım”.

“Daha sonra bu xəbər ərimə də çatmışdı...”

“Anladım ki, bacım fahişəliklə məşğuldur. Ancaq bu yolla pul qazanır. Çünki əlində elə bir sənəti, işi yox idi. Bakı balaca şəhərdir görüşdüyümüz adamlar bizi tanımışdılar. Daha sonra bu xəbər ərimə də çatmışdı. Ondan sonra söz-söhbətimiz başladı və boşandıq. Ərim gedib ailə qurdu, indi evində yaşayır. Mən isə ata evimə qayıtdım. Bundan sonra isə məcbur olub bazarda yer götürüb alver etməyə başladım. Bu illər ərzində görüşdüklərim çox oldu. Kimi mənimlə yaşayacağına, kimi bu yoldan məni xilas edəcəyinə söz verdi. Amma hamısı yalan idi. İstəyinə nail olan kişilər daha sonra üz çevirib getdilər. Övladlarım böyüdü. Oğlum əsgər getdi-gəldi. 

Qızım orta məktəbi bitirmək üzrədir, ali məktəbə sənəd verəcək. İndi dolanışığım pis deyil. Ancaq onu bilirəm ki, ailəm bacıma görə dağıldı və mən də bu yola düşdüm. Doğrudan da kişilər ailəsini qorumaqla düz edir. Bəzən onları qınayırıq, amma sonda görürsən ki, buna onların haqqı var”. 

Vasif Əlihüseyn