adalet.az header logo
  • Bakı 22°C
  • USD 1.7
27 Mart 2023 11:11
360
HADİSƏ

“Qadın taleyi” rubrikası: “Məni qaçırdı, amma ailəsi evə qoymadı, gedib-qayıtmış qızı...”

Adalet.az-ın əməkdaşı “qadın taleyi” rubrikasında daha bir qadının həyat hekayəsini təqdim edir. Bu dəfə Validənin (adı şərtidir) həyat hekayəsini təqdim edəcəyik. Validə deyir ki, başına gələnlər əslində öz səhvinin ucbatından baş verib. O, olanları belə nəql edib:

“Ailədə iki qardaş və iki bacıyıq. Evin kiçiyi mənəm. Qonşumuzda bir oğlan məni sevirdi. Doğrusu, mən də onu sevirdim, görüşürdük. Ailə quracaqdıq. Amma elə oldu ki, qonşu rayondan anamın qohumlarından mənə elçi çıxdı. İstədiyim var demək əvəzinə o adama ərə getməyə razılaşdım. Amma başıma hansı oyunların gələcəyindən xəbərsiz idi. Bir günün içində sevdiyim adamdan ayrıldım və mənə elçi göndərən oğlana “həri”mi verdilər. Həmin oğlan çox imkanlı idi, Rusiyada yaşayırdı”. 

“Bir neçə gün sonra ərim keçmişimdəki faktları qarşıma...”

“Bir neçə ay nişanlı qaldıq və sonra toyum oldu, gəlin köçdüm. Bir neçə gün sonra ərim keçmişimdəki faktları qarşıma qoyub məni evdən qovdu. Bir müddət ərimin qonşuluğunda yaşayan qohumlarımgildə qaldım. Kənddə qayıtmağa üzüm yox idi, utanırdım. Məlum oldu ki, keçmiş sevgilim mənlə olan şəkillərini, aramızda olan hər şeyi oğlanı taparaq ona danışıb. Əslində bunları ərimə toydan əvvəl deyib, amma ərim də mənlə istəyinə çatmaq üçün bir neçə gün yaşayıb və sonra “səni istəmirəm” deyərək evdən qovub. Ərim cehizimi də evdən çıxartdırdı. Onu da qohumumgilə yığdıq. Amma bir müddət sonra burda yaşamağımın mənasız olduğunu və ata evimə qayıtmağımın məqamı çatdığını düşündüm”. 

“Ondan sonra atam ölən gününə qədər mənlə evin içində...”

“Elə oldu ki, ərim qohumumgilə gəlib məni maşınına mindirdi. Hara apardığını bilmirdim, amma yol uzandıqca gördüm ki, atamilə gedirik. Atamgilə çatanda maşından düşdü və məni qolumdan tutub sürüyə-sürüyə həyətimizə gətirdi. Atama dedi ki, “bir dənə qızı düz ağıllı başlı böyüdə bilməmisən. Götür qızını, mənə belə qadın lazım deyil”. Özü isə maşına minib çıxıb getdi. Atam da məsələnin nə yerdə olduğunu artıq bilirdi. Ondan sonra atam ölən gününə qədər mənlə evin içində danışmadı. Çünki etdiyim hərəkət onu da dərindən sarsıtmışdı. Həmişə içki içirdi, siqaret çəkirdi. Deyirdi ki, “mənim kənddə boyumu yerə soxdun”. 

“Görünür qəlb qırdığıma görə Allah da məni cəzalandırdı...”

“Keçmiş sevgilim də, ərim də illər sonra ailə qurdular. Mən isə hələ ata evimizdəydim. Elə oldu ki, qonşu kənddən bir oğlan məni istədi, təbii ki, elçi gəlməyə ailəsi razı olmazdı. Gedib-qayıtmış qızı kim idi ki, oğluna alan. Onunla danışdıq və məni qaçırdı. Amma ailəsi məni qəbul etmədi, bir müddət bizi evə qoymadılar. Orda-burda qaldıq. Daha sonra ərimin qohumlarının təkidi ilə bizi ailəsi qəbul etdi və evə qayıtdıq. Ərim də, mən də işləyirik. Üç övladımız var. Ayrıca özümüzə kənddə ev də tikdik. Amma keçmişim bir ləkə kimi üstümdədi. Gözümün içinə baxanda bunu hamı sanki üzümə deyir. Görünür qəlb qırdığıma görə Allah da məni cəzalandırdı. Həqiqətən keçmiş sevgilimi aldatmağa haqqım yox idi, məni sevirdi, ailə quracaqdıq, hər şeyi mən məhv elədim”. 

Vasif Əlihüseyn