08 Oktyabr 2024 13:10
2287
MƏDƏNİYYƏT

Qafqaza köçdükləri 200 il deyil, amma Erebuni qalasının 2806 yaşını qeyd edirlər

Ermənilər Qafqazda qədim və mədəni” bir millət olduqlarını sübut etmək üçün elə Qafqaza köçürüldükləri tarixdən (1813-1828) yalanlar quraşdırmaqla məşğul olublar.


Adalet.az xəbər verir ki, İrəvanda oktyabrın 13-də “şanlı tarix”lə bağlı böyük bir tədbir keçiriləcək. Erməni mediası xəbər verir ki, İrəvanın 2806-cı ildönümü münasibətilə saat 12:00-dan etibarən paytaxtın müxtəlif yerlərində müxtəlif tədbirlərə start veriləcək:” Caz, rok, klassik və estrada janrlarında konsertlər olacaq. Tədbirlər açıq idman zonalarında keçiriləcək , üstəlik burada şərab və pivə festivalları gerçəkləşdiriləcək. Saat 21:00-da Respublika meydanında günün əsas hadisəsi, paytaxtın ən sevilən sənətçilərinin çıxış edəcəyi yekun bayram konserti olacaq”.
Əslində isə  ermənilərin 2806-cı ildönümünü qeyd etdikləri Erebuni qalası E.ə. 782-ci ildə Urartu çarı I Argişti tərəfindən indiki İrəvan şəhəri ərazisində, şəhərin Cənub-Şərq tərəfində Qanlıtəpə adlı yerdə salınıb. Məlumatlarda deyilir ki, bu şəhər-qala E.ə. IV əsrə qədər mövcud olub.


Buradan tapılan 13 sətrdən ibarət mixi yazı lövhəsində qalanın Menuanın oğlu Biyan (Uratu) ölkəsi və Tuşbi şəhərinin hakimi Argişti tərəfindən salındığı və Erebuni adlandırıldığı yazılıb. Qanlıtəpənin zirvəsindəki meydan 2 hektar olsa da, qala təxminən 50 hektar ərazini tutur.
Mənbələrdə İşpuini kimi də qeyd olunan qalanın əsl adı türkcə Erbiuni olmaqla "Er-bi" (ərlər boyu) və "-uni" (urartu dilində "ölkə") deməkdir və "Ərlər boyunun ölkəsi" anlamını verir. Erebuninin İrəvan şəhərinin ilkin adı olduğu da güman edilir.

Məsələ ilə bağlı bir neçə il əvvəl Azərbaycan Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru, akademik Yaqub Mahmudov qeyd edib ki, erməni tarixçiləri hazırda Yerevan adlandırdıqları şəhərin adını Urartu çarı I Argiştinin dövründə - eradan əvvəl 782-ci ildə salınmış Erebuni (İrpuni) qalasının adı ilə bağlamağa çalışırlar. Erebuni qalası yalnız hərbi istehkam məqsədilə inşa edilib və onun ətrafında heç vaxt şəhər infrastrukturu formalaşmayıb.

Urartuluların ermənilərə heç bir aidiyyəti olmadığı kimi, qədim Erebuni qalasının da indiki İrəvan şəhəri ilə nə məkan, nə də tarixi baxımdan heç bir əlaqəsi olmayıb. Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən biri olan İrəvan şəhərinin adı indiyədək iki dəfə dəyişdirilib. Birinci dəfə çar Rusiyasının işğalından sonra - 1828-ci ildə Erivan (Эривань), ikinci dəfə isə 1936-cı ildə ermənilər tərəfindən dəyişdirilərək Yerevan (Ереван) adlandırılıb.

V.N.Karazin adına Xarkov Milli Universitetinin əməkdaşı, arxeoloq, bərpaçı, tarixçi Tatyana Krupa da qeyd edib ki, üç min il bundan əvvəl İrəvanın bu və ya digər ad altında xatırlandığı hansısa tarixi sənədi görməmişəm, bilmirəm:" İndiki İrəvan ərazisində e.ə. X-VII əsrlər Urartu dövrünə aid şəhər var, lakin o, Ereburi və Tayşebanidir. İrəvan şəhərinin bura heç bir aidiyyəti yoxdur.

Şəhərin yaşını başqa dövrlərə aid abidələrin tarixləri ilə yox, adının tarixi sənədlərdə ilk qeyd olunduğu vaxtla müəyyənləşdirirlər. Təəssüf ki, belə şeylər indi çox dəbdədir. Məsələn, Sevastopoldakı Balaklavanın iki min illiyini qeyd etmək kimi. İki min il əvvəl adının heç yerdə qeyd olunmaması qətiyyən vacib deyil. Əsas məsələ bunu elan etmək, qeyd etmək, büdcəni dağıtmaq, camaatı özünə güldürməkdir".


Yeri gəlmişkən, ermənilər iddia edirlər ki, Ermənistanın arxeoloji irsinin ən mühüm abidələrindən biri olan Erebuni qala şəhərinin qalıqları İrəvanın cənub-şərq kənarında yerləşən Arin qala təpəsində qorunub saxlanılır: "Bu gün Ermənistanın və bütün erməni xalqının paytaxtı olan 2800 illik İrəvan həmin qala şəhərinin bilavasitə varisidir və bütün İrəvanlılar bunu qürurla dünyanın ən qədim paytaxtlarından biri hesab edir. Bu gün Erebuni İrəvan şəhərində geniş ictimaiyyət üçün açıq elan edilmiş yeganə arxeoloji abidədir və “Erebuni” tarix-arxeoloji qoruq-muzeyi bölgəmizin mühüm urologiya mərkəzlərindən biridir “.

 Əntiqə Rəşid