Qanlı günün köşəsi - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
3618 | 2023-02-25 09:01

26 fevral-Azərbaycan tarixinə qanla yazılmış günlərdən biri. Soyqırım günü. Soyqırıma məruz qalmış insanların günü. Soyqırım günləri ilə dolu olan təqvimizin ən amansızı.

31 il əvvəl baş vermiş Xocalı soyqırımı Ermənistan Respublikasının Azərbaycana qarşı apardığı işğalçılıq müharibəsində dinc azərbaycanlı əhaliyə qarşı törədilmiş soyqırımı cinayətlərinin ən dəhşətlisidir. 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır.

Bu hadisələrin içərisində olmayan şəxs belə faciəni özündə əks etdirən şəkilləri, videolenti izlədikcə vahimələnməməsi mümkün deyil. Rəqəmlər isə dəhşətdi...

Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

Və bir yurdun faciəsini qələmə aldıqca istər-istəməz digər faciəni də yada salırsan. Çünki istəyirsən ki, bu soyqırım günü hər biri xatırlansın, yaddaşlara həkk olunsun və unudulmasın. Hətta qisası alınsa belə.

Ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklərdən biri də 1993-cü ildə Kəlbəcər rayonun işğalı zamanı Başlıbel kəndində törədilib. İşğal zamanı doğma torpaqlarını tərk etməyən 62 nəfər dağlara sığınıb. Lakin həmin şəxslər cəmi 17 gün gizlində qala biliblər. 1993-cü il aprelin 18-də erməni quldurları qadın, uşaq və yaşlıların gizləndiyi yeri aşkarlayıb. Başlıbelin işğalı zamanı erməni quldurları tərəfindən 27 nəfər güllələnib. Ermənilər Başlıbel kəndini işğal edərkən II Dünya Müharibəsi iştirakçısı olan bir nəfəri – Hüseyn Hüseynovu diri-diri yandırıblar. Kənd sakini, ruhi xəstəlikdən əziyyət çəkən Qənaət Ağayevi işgəncə ilə qətlə yetiriblər. 19 nəfər kənd sakini (qadın, uşaq və qoca) isə Ermənistan hərbçiləri tərəfindən girov götürülüb.

Daha bir faciə-Azərbaycanın Ermənistanla həmsərhəd Qazax rayonunun Bağanis Ayrım kəndinin, Dağlıq Qarabağda azərbaycanlılar yaşayan İmarət Qərvənd, Tuğ, Səlakətin, Axullu, Xocavənd, Cəmilli, Nəbilər, Meşəli, Həsənabad, Kərkicahan, Qaybalı, Malıbəyli, Yuxarı və Aşağı Quşçular, Qaradağlı kəndlərinin, eləcə də Xocalı faciəsindən təqribən ay yarım sonra Kəlbəcər rayonunun Ağdaban kəndinin işğalı zamanı həmin yaşayış məntəqələri əhalisinin bir hissəsi qabaqcadan hazırlanmış plan əsasında Ermənistan Silahlı Qüvvələri tərəfindən xüsusi amansızlıqla qətlə yetirilib. Təkcə bunu qeyd etmək kifayətdir ki, Qaradağlı kəndində 80 nəfərdən çox, Ağdaban kəndində 67 nəfər dinc azərbaycanlı, o cümlədən uşaqlar, qadınlar və qocalar işgəncə verilərək qəddarcasına öldürülüb, onlarca adam girov götürülüb, itkin düşüb, kəndlər isə yandırılaraq yer üzündən silinib.

28 avqust 1992-ci il tarixində Ermənistan Silahlı Qüvvələrinin yaratdığı diversiya qrupunun 10-12 nəfər üzvü laçınlı məcburi köçkün ailələrinin Goranboy rayonunun Ballıqaya kəndində məskunlaşdıqları alaçıqları xüsusi amansızlıqla, iri çaplı silahlardan və qumbaraatanlardan atəşə tutdu. Atəş nəticəsində dinc sakinlərdən 24 nəfər şəhid oldu.

Xocavəndin Qaradağlı kəndinin faciəsi- 118 nəfər əsir götürülənlərdən 101 nəfəri vəhşicəsinə qətlə yetirilib. Öldürülənlərdən 21 nəfəri ahil və qoca, 10 nəfəri qadın, 8 nəfəri məktəbli idi. Qətlə yetirilənlərdən bəziləri xüsusi amansızlıqla öldürülmüşdür. Məsələn, 3 kənd sakininin üzərinə dizel yanacağı tökülərək yandırılmış, 2 nəfərin isə başı kəsilmişdir.

Faciələrimizin bir qismini yazdım.

Kaş ki, faciələrimiz bir köşəyə sığaydı. Çox təəssüf...

Amma təsəlli var. Təsəlli bir köşəyə sığmayan Zəfər qələbəsidir. O qələbə ki, bizi Qarabağa qovuşdurdu. Torpaqlarımız işğaldan azad olundu. Düşməndən qisas alındı. Bayrağımız Şuşada dalğalandı.

Və qarşıda hələ bizi neçə qələbələr gözləyir.

 

 

 

  • Oktyabr:
  • 25

TƏQVİM / ARXİV