18 Fevral 2025 15:01
421
MƏMLƏKƏT

Qar yağacaq, temperatur 7-10 dərəcə enəcək - XƏBƏRDARLIQ

Azərbaycanda fevralın 19-u axşamdan 22-si gündüzədək ölkə ərazisində hava şəraitinin dəyişəcəyi, fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı, şimal-qərb küləyinin əsəcəyi və arabir güclənəcəyi, havanın temperaturunun ötən günlərlə müqayisədə tədricən 7-10 dərəcə aşağı enəcəyi gözlənilir.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, havanın minimal temperaturu Aran rayonlarında 0-5, dağətəyi rayonlarda 5-10, dağlıq rayonlarda 10-15, yüksək dağlıq ərazilərdə 15-20 dərəcə şaxta olacaq. Bakıda və Abşeron yarımadasında isə gecə saatlarında havanın minimal temperaturunun 0 dərəcəyə yaxınlaşacağı, sonrakı günlərədə isə mənfi 3 dərəcəyədək olacağı proqnozlaşdırılır.

Bakıda və Abşeron yarımadasında fevralın 19-u axşamdan başlayaraq arabir yağış yağacağı, 20-si səhərdən bəzi yerlərdə sulu qara keçəcəyi, 20-si axşam və 21-də arabir qar yağacağı gözlənilir.

Azərbaycanın rayonlarında hava şəraitinin fevralın 19-u axşamdan 22-si səhərədək fasilələrlə yağıntılı olacağı, bəzi yerlərdə qar yağacağı gözlənilir. Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara bölgəsində yağıntıların intensivləşəcəyi ehtimal olunur.

Gözlənilən qarlı və şaxtalı hava şəraiti ilə əlaqədar bəzi yolların buz bağlayacağı ehtimalı var.

***

12:40

Fevralın 19-da gözlənilən hava şəraiti açıqlanıb.

Bu barədə Adalet.az-a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə çiskinli olacağı, axşama doğru isə arabir yağış yağacağı gözlənilir. Mülayim şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2-5° isti, gündüz 5-7° isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 766 mm civə sütunu olacaq. Nisbi rütubət 70-80 % olacaq.

Azərbaycanın rayonlarında havanın əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi şərq rayonlarında çiskinli, axşamdan isə bəzi yerlərdə arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 1-5° isti, gündüz 5-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-4° isti olacaq.

Gecə və səhər bəzi dağlıq rayonlarda yolların buz bağlama ehtimalı var.