21 Avqust 2024 12:11
441
MƏDƏNİYYƏT

QARA KARANDAŞIN MÖCÜZƏLƏRİ

Bir neçə gün qabaq köhnə tanışlardan biri – Tahir Qaffarovla Şəkidə Yuxarı Karvansaranın qarşısında qarşılaşdıq. Dedi  ki,  gedirəm “Şəki Palace” otelində qonaq var, onunla görüşməyə. Ondan soruşdum ki, qonağın kimdir? Dedi, çox istedadlı, məşhur bir rəssam Eldəniz Babayevdir. Jurnalist marağı mənə gec gəldi. Dedim, gedək məni də onunıa tanış et. Tahir müəllim etiraz etmədi.  Biz  söhbət edə-edə  gəldik otelin qarşısına.  Tahir Qaffarov həmin rəssama telefonu ilə zəng etdi və bir neçə dəqiqədən sonra rəssamla görüşdük. O,  sağlam bədənli, 50-55 yaşda olardı. Bu insan ilk tanışlıqda mənə  xoş təsir bağışladı. Tahir müəllim təklif etdi ki,  biz çay stolunda söhbət edək. Biz otelin restoranına daxil olduq və kənarda sakit bir yerdə oturduq. Bəlkədə mənim marağıma görə söhbətimiz onun yaradıcılığı istiqamətinə yönəldi. O, mənim suallarıma əhatəli, məntiqli cavablar verirdi.

Görüşümüz  çox maraqlı davam edirdi. Rəssam Eldəniz Babayev mənim onun sənətinə marağımı duyub getdi oteldəki otağından hərəmizə bir özünün yaradıcılıq albomunu gətirdi. Bu bizim söhbətimizi daha da maraqlı etdi. Albom nəfis formada hazırlanmışdı. Tahir müəllim də, mən də albomu vərəqlədikcə Eldəniz Babayevin  sənətkarlığı haqqında məlumatımız genişlənir və məndə onun yaradıcılığına heyranlıq yaranırdı. Sonra biz albomu kənara qoyub söhbətimizi davam etdirdik.

Eldəniz müəllimin  səlist, məntiqli danışığı, geniş diapozonlu dünya görüşü, müasir dünyanın qara buludlara bürünmüş vəziyyəti  və  belə bir zamanda onun aydın fikirləri məndə bu rəssam haqqında bir yazı yazmaq həvəsi oyatdı. Mən yenidən  albomu vərəqləyib onun yaradıcılığı barədə suallar verməyə başladım.

-Eldəniz müəllim, bu albomu vərəqlədikcə görürüəm ki, sizin yaradıcılığınızda əsas yerlərdən birini portret janrı tutur. Bu  qara karandaşın ağ vərəq üzərində yaratdığı möcüzələrdir. Burda Türkiyə və Azərbaycanın dahi şəxsiyyətlərinin portretləri var. Bu portretlər çox gözəl işlənib. Mənə elə gəlir ki, siz onların  üz cizgilərini qabarıq verməklə, onların xarakterlərini açmaq istəmisiniz. Bunu mən necə anladım. Bu portretlərdəki  dahilərin bir neçəsini şəxsən tanıyırdım və uzun  illər onlarla səmimi ünsiyyət etmişəm. Böyük şairlər Bəxtiyar Vahabzadə və Xəlil Rza Ulutürkün portretlərində  bunu mən daha qabarıq görürəm. Mənə elə gəldi ki,  bu portretlər canlıdır və ona baxan hər kəslə söhbət edirlər.  Məndə  bu hiss ona görə yarandı ki, mən onların ikisinin də xarakterinə müəyyən qədər  bələd idim. Bu portret tablolara baxanda onların türkün taleyindən narahatlıqlarını bildirən  cizgiləri və insanları milli birliyə çağırışını hiss edirsən.

Eldəniz Babayevin yaradıcılıq albomunu vərəqlədikcə mənə elə gəldi ki,  bu rəssam  haqqında haçansa məlumat almışam. Albomu bir qədər də vərəqləyəndə yadıma düşdü ki, mənim əziz dostum, qardaşım, bütün türk dünyasında tanınan türkoloq, mərhum professor Ramiz Əsgər bir dəfə  Türkiyə səfərindən qayıtdıqdan sonra azərbaycanlı rəssam Eldəniz Babayevin yaradıcılığı haqqında mənə çox həvəslə danışmışdı və onun qardaş ölkədə yaxşı tanındığı barədə demişdi. Albomda Eldəniz Babayevin yaradıcılığı haqqında rəyləri oxuduqca, onun tablolarına baxdıqca onu indiyə qədər yaxından tanımadığıma təəssüflənirdim.

Əməkdar elm xadimi, akademik, Millət vəkili, Azərbaycanda Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov onun haqqında belə yazıb: 

Eldəniz Babayev  30 ildən  çoxdur ki, peşəkar yaradıcılıqla – rəssamlığın müxtəlif sahələri ilə məşğuldur və onun yaratdığı əsərlər həm mütəxəssislər, həm də tamaşaçılar tərəfindən həmişə yüksək qiymətləndirilmişdir. Mən istedadlı sənətkarın geniş diapozonlu fəaliyyəti, mövzularının rəngarəngliyi, üslubun özünəməxsusluğu barədə deyil, ideya – məzmunca mənə yaxın olan işləri haqqında bəhs edəcəyəm ki, bu da Azərbaycan-Türkiyə dostluğunun tərənnümünə həsr olunmuşdur. Hər şeydən əvvəl Eldəniz Babayev bu mövzuya professional məharəti ilə yanaşıb, hisslərinin dərinliklərindən gələn çox böyük bir sevgi, istək və heyranlıqla müraciət edir. İstər Azərbaycanın öz ərazi bütövlüyü uğrunda mübarizəsinə, istər eyni kökdən olan xalqlarımızın mənəvi yaxınlığına, ortaq adət-ənənələrimizin təsvirinə həsr etsin, istərsə də  tarixi şəxsiyyətlərimizin portretlərini canlandırsın. Onun əsərlərinin hamısında türklüklə sonsuz qürur duymaq meyli dərhal nəzəri cəlb edir.

Eldəniz Babayev Ulu öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” sözlərini epiqraf seçərək bütöv bir silsilə, xüsusi sərgi  təşkil edəcək qədər möhtəşəm  portretlər qalereyası yaratmışdır. Burada Azərbaycandan Almaz İldırım, Hüseyn Cavid, Əhməd Cavad, Səməd Vurğun, Məhəmməd Hüseyn Şəhriyar, Bəxtiyar Vahabzadə, Xəlil Rza Ulutürk, Türkiyədən Tofiq Fikrət, Mehmet Akif Ərsoy, Nəcib Fazil Qısakürək, Yəhya Kamal Bayatlı, Aşıq Veysəl, Akif Nihat Asya, Nazim Hikmət kimi məşhur şair və mütəfəkkirlərin  obrazları daxildir. Məsələ yalnız onunla bitmir ki, müəllif bu əsərləri hər nə qədər mükəmməl olsa da, yalnız rəsm sənətkarlığının verdiyi imkanlarla təqdim edir. Eyni zamanda o, hər bir obrazı canlandırarkən ədəbi ideya-estetik araşdırmalar aparmış, ayrı-ayrı şair-mütəfəkkirlərin bədii-fəlsəfi irsini öyrənmiş, bütün  bunları qəhrəmanlarının simasında ümumiləşdirməyə çalışmışdır ... Önəmli də odur ki, bu silsilə gənc nəslin milli ruhda, milli dəyərlər zəminində yetişməsinə əhəmiyyətli təsir edəcəkdir.

Xalq rəssamı, akademik Tahir Salahov Eldəniz  Babayev  haqqında belə bir rəy yazmışdır:

Eldəniz Babayev ilə aramızda olan dostluq münasibətindən başqa, onun yaradıcılığı haqqında öz fikrimi bildirmək istəyirəm. Eldənizin yaradıcılığı və ictimai fəaliyyətinə nəzər salarkən incəsənətimizin, uzaq  keçmişimizin dərin köklərinə gedib çıxdığının şahidi oluruq. Xalqımızın zəngin tarixini, milli ruhunu, mənəvi prinsiplərini və milli ənənələrini uzaq keçmişimizdən bu günümüzə gətirib çatdırmasını rəssam öz əsərlərində qeyd etmək istəyir. Onun yaradıcılığını müəyyən mərhələyə bölmək olar. Birinci qisim əsərləri qədim Bakının rəngli boyalı sujetli təsvirlərdir. Tablolarında dövrün kolariti aydın çalarda əksini tapmışdır. Dəvələrin və ulağın belində görünən insanların geyimlərin, Qız qalasının görüntüyə alınması  və ətraf sahənin  təcəssümü həyatidir. Rəssam rənglərin boyasından dəyərincə bəhrələnərək ekspresivliyi qabarıq nəzərə çatdırır. Qədim Bakının təsviri tamaşaçını həmin  çağlara qovuşdurur.

Bakımızın müasir təsviri olan iki qisim tabloda da rənglərin ahəngdarlığı maraq doğurur. Əsərlərində xüsusən göy, açıq qəhvəyi rənglərdən məharətlə istifadə olunmuşdur.

Rəssamın xalqımızın qədim tarixi, etik-estetik, mənəvi-psixoloji durumuna müraciəti tablolarının mayasını təşkil edir: “Səyyah şair” əsərinə baxdıqda  sufi təriqətinə inamı özündə əks etdirən portret, tamaşaçının xəyalını orta əsr dünyagörüşünün təsəvvürlərinə qovuşdurur.

Eldəniz  çəkdiyi portrettlərdə istədiyinə nail olur. Belə  ki. xalqımızın qədim məişət əşyalarının hər təsvirində boyalarla təcəssümü maraq doğurur. Rəssamın rənglərdən yerli-yerində istifadəsi, habelə tarın təsvirində bütöv çalarda verilməsi lakonikdir. Təsvirə gətirilən hər bir detalın rəngi biri-birini tamamlayır.

Ümumilikdə fərça ustasının müxtəlif  sujetli bütün əsərlərində milli kolorit aydın nəzərə çarpır, ancaq milliliklə bir sırada  əsərlərin müasir üslubda təsviri də diqqət çəkir.

Mehmet  Nuri Ersoy, Türkiyə Cünhuriyyəti Kültür və Turizm Bakanı

Dünya  kültür və sanatına en önemli katkıları sağlayan  kadim medeniyyet  mirasımızı  gün yüzünə çıkartmak amacıyla tarihin  en yoğun çalışmalarını gerçekleştiriyoruz. Türk dünyasının  dörd bir köşesine bulunan kültür hazinemizin  müstesna eserlerine sahib çıkarak  medeniyyetimize ihya ediryoruz. Bu çerçevede TÜRKSOY tarihi bir sorumluluğu yerine yetirmektedir.

Kuruluşundan bu yana  uluslararası  bir çok değerli  çalışmaya imza atan  “TÜRKSOY”un “Ressamlar  Buluşması” adlı çalışması da Türk kültürünün yeni nesillere aktarımı və genç sanatçıların  yetişmesine dönük katkıları açısından  son derece başarılı bir çalışma olmuştur.  Sanat  eserleriyle türk dünyasında resim sanatının gelişiminde  pay ashibi olan  ressamlarımızdan biri de Eldeniz Babayevdir.

Sultan Raev, TÜRKSOY Genel  Sekreteri

TÜRKSOY Türk Dünyası resim sanatının  gelişimine ve tanıtımına katkıda bulunan, dünya kültür hazinesine unutulmaz eserler bırakan değerli ressamlarımız için çeşitli vasitelerle düzenlenen sergilere de destek vermektedir.   

Bu değerli sanatçılardan olan Azerbaycanlı ressam Eldeniz Babayevin  Azerbaycan Cümhuriyyetinin 105-ci , Türkiye Cümhuriyyetinin  100-cü ve Azerbaycanın  Ulusal  Lideri  Haydar  Aliyevin  doğumunun  100-cü yılı  munasebetiyle İstanbul  Atatürk  Kültür Merkezinde düzenlenen “Zafer Müjdesi” kişisel  resim sergisi   “TÜRKSOY”un Türk Dünyası resim sanatına yaptığı katkılardan  biridir.  

Samir Abbasov,

Türkiyə Cümhuriyyəti Azərbaycan Xarici İşlər Nazirliyi nəzdində Azərbaycan Mədəniyyət Mərkəzinin  sədri

Eldəniz Babayevin  Türk dünyasının seçilən şəxsiyyətləri, Ulu öndərlər Mustafa Kamal Atatür, Heydər Əliyev və digər tanınmıış şəxsiyyətlərin  qara qələmlə  yaratdığı  portretləri onun  yaradıcılığında  xüsusi bir yer tutur. Bu portretlərdəki hər insanın  dərin iç dünyasını qara qələmlə anlada bilmək, əsərin  yüksək  professionallıq  və sənətinə olan   dərin sevgisini göstərir.

Sənətçi Eldəniz Babayevin  30 illik yaradıcılıq müddətində yaratdığı əsərlər incəliyi ilə  Azərbaycan ilə Türkiyə xalqları arasındakı bağın nə qədər dərin olduğunu hiss etdirir. Onların bu əsərləri  gənc  nəslin  milli vətənpərvərlik ruhuyla yetişməsinə və mənəvi dəyərlərimizə sevgiylə  yaxınlaşmalarına önəmli bir təsir edəcəkdir.  Bu əsərlər xalqlarımızın arasındakı dostluk və qardaşlıq münasibərləinin açıq  örneyidir.   

Mən, bu böyük sənətkarı çoxlarına daha yaxından  tanıtmaq üçün onun haqqında rəsmi məlumat almaq həvəsi ilə suallarımı Eldəniz müəllimə istiqamətləndirdim və ondan  dəqiq cavablar aldım.

Eldəniz  Tanrıverdi oğlu Babayev 1971-ci ildə  Azərbaycanın Lənkəran şəhərinin Boladı kəndində anadan olmuşdur. 1986-cı ildə Bakıdakı  39 saylı  orta məktəbi bitirmişdir. 1990-cı ildə  Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbini, 1997-ci ildə də Azərbaycan Dövlət İncəsənət Universitetinin  Boyakarlıq  fakultəsini bitirmişdir. 1989-1991-ci illərdə Azərbaycan  Musiqi Mədəniyyəti  Dövlət Muzeyində  rəssam kimi fəaliyyət göstərmişdir. 1989-cu ildən bakı  İncəsənət Mərkəzi Yaradıcılıq Birliyinin və 2005-ci ildən  Azərbaycan Rəssamlar  İttifaqının  üzvüdür, 1998-2006-cı illərdə Bakı  Şəhər Mədəniyyət İdarəsinin “Qala”  Rəsm Qalereyasının müdiri vəzifəsində çalışmışdır. 2006-cı ildən  “Bakı” rəsm qalereyasının müdiridir.

2011-ci ildə Azərbaycan KİV Həmkarlar Konfederasiyası tərəfindən “Azərbaycan bayrağı” mükafatına, 2016-cı ildə də “Azərbaycan Ziyalısı” fəxri mükafatına layiq görülmüşdür. Misir Ərəb Respublikasının  və Kolumbiya mədəniyyət əlaqələrinin inkişafına görə  Təşəkkürnümə,  2023-cü ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Bakı Şəhər Mədəniyyət İdarəsi tərəfindən Fəxri Fərman və bir çox digər diplomlarla təltif edilmişdir. 2024-cü ildə isə  “TÜRKSOY”un  “Uluslararası Türk Kültürü Teşkilatı) tərəfindən  Türk dünyasının mədəniyyət və incəsənətinin  inkişafına verdiyi töhfələrə görə Təşəkkürnümə ilə təltif olunub və Azərbaycanda Atatürk Mərkəzi tərəfindən “Türk Dünyası Sənətçisi” mükafatına layiq görülmüşdür. 

26 may  2023-cü il Bakı  Muzey Mərkəzində “Zəfər müjdəsi” adlı fərdi sərgisi keçirilmişdir. O, dəfələrlə ümumrespublika və  beynəlxalq sərgilərin  iştirakçısıdır. Əsərləri bir çox muzey və qalereyalarda, şəxsi kolleksiyalarda saxlanılır.

27 iyun  2024-cü ildə Türkiyə Cümhuriyyəti, İstanbul Atatürk Kültür Mərkəzində  Eldəniz  Babayevin “Zəfər müjdəsi” adlı fərdi sərgisi keçirilmişdir. Sərgi  Azərbaycanın  105, Türkiyənin 100, Ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuşdur. 

Mənim Eldəniz Babayevə bu görüşdə sonuncu sualım belə oldu.

-Eldəniz müəllim, sizin  ən böyük və dolğun sərgiləriniz Türkiyədə, həm də Azərbaycanda nümayiş edilib. Bu sərgilərin adı  “Zəfər müjdəsi” dir. Bu sərgilərdə də bir çox dahi şəxsiyyətlərin, o cümlədən Mustafa Kamal Atatürkün və Ulu öndərimiz Heydər Əliyevin portretləri var. Amma zəfərin əsl səbəbkarı, siyasi, strateji və taktiki baxımdan hər işi öz vaxtında görən Ali Baş Komandan, möhtərəm cənab Prezidentimiz İlham Əliyevin portretini nə vaxt çəkəcəksiniz? Eldəniz müəllim bir qədər düşünüb dedi:

-Olar ki, mən bu suala cavab verməyim?

Mən bir qədər təkidlə xahiş etdim və dedim:

-Sizin vətənpərvərliyiniz, yaradıcılıq diapazonunuz əsərlərinizdə aydın görünür. Ona görə də bu sualın cavabı mənə maraqlıdır. Eldəniz müəllim yenə bir qədər düşünüb dedi:

-Mən elə gəlir ki, Müzəffər Ali Baş Komandanımızın zəfər yürüşü hələ davam edir. Mən bu tablonu indi yaratsam mənim düşündüyüm ssenarinin ideyası yarımçıq olar. Ona görə də gözləyirəm ki, bu yürüşün heç olmasa birinci mərhələsi başa çatsın və mən Ali Baş Komandanımızın portretinin arxa fonunda Azərbaycanın yeni xəritəsini təsvir edə bilim. Həmin portret yüz illər yaşayacaq və gələcək nəsillərə fateh İlham Əliyevin  əsl  milli  qəhrəmanlığını və fədakarlığını göstərən portret olacaqdır.   

Biz Eldəniz Babayevə  bundan sonra da sonsuz yaradıcılıq uğurları arzulayırıq. Böyük  sənətkarın yaradıcılığı daim zəfər müjdələri ilə zəngin olsun.    

 

Çingiz Nağıyev,

“Qızıl qələm" mükafatı laureta, Şəki  20.08.2024-cü il