19 Sentyabr 2024 17:31
6381
LAYİHƏ

"Qarabağ zəfərinin əsasları" Şərurda 

Vətəndaş Tribunası İctimai Birliyi icra etdiyi layihə çərçivəsində Şərur Rayon Olimpiya Mərkəzində "Qarabağ zəfərinin əsasları" mövzusunda əhalinin müxtəlif təbəqələrinin təmsilçiləri ilə görüş keçirib. 18 sentyabr 2024-cü ildə reallaşan görüş Vətən müharibəsinin 4 illiyi, 19 sentyabr 2023-cü ildə Qarabağda keçirilmiş antiterror əməliyyatının bir illik tarixlərinin ictimai yaddaşımızda yenilənməsinə vəsilə olmuşdur. 

Görüşü giriş sözü ilə açan Şərur Rayon İcra Hakimiyyəti İctimai-siyasi şöbəsinin müdir müavini Kamal İsmayılov rayon ictimayyətinin şəhidlərin xatirəsini daim əziz tutduğunu qeyd etmiş, şəhid ailələri və qazilərə dövlət qayğısından danışmışdır. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.

Tədbirdə məruzə ilə çıxış edən Vətəndaş Tribunası İctimai Birliyinin sədri yazıçı Səfər Alışarlı rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və layihənin donoru haqqında məlumat verdikdən sonra Azərbaycanın Qarabağ zəfərinin əsaslarını təşkil edən mühüm amilləri tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Zəfərin siyasi əsasları haqda o demişdir ki, 1992-ci ildən BMT və ATƏT üzvü, 2001-ci ildən Avropa Şurasının üzvü olan Azərbaycan BMT Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 saylı qətnamələrinə baxmayaraq, bu beynəlxalq müstəvilərin heç birində Qarabağ probleminin sülh yolu ilə həllinə nail ola bilmədi. Münaqişənin həlli üçün 1992-ci ildə yaradılmış Minsk qrupu, əslində, çox da gizlətmədiyi ermənipərəst mövqeyilə işğalçı ilə zərərçəkmiş arasında bərabərlik işarəsi qoymaqla problemin nizamlanmasına mane olmuşdur.

Erməni diasporunun qondarma erməni soyqırımı haqda beynəlxalq aləmdə apardığı antitürk siyasətinin qarşısını almaq, Azərbaycan ərazilərinin 20 faizinin erməni hərbi birləşmələri tərəfindən işğal edildiyini ictimai kanallar vasitəsilə dünyaya çatdırmaq üçün 2001-ci ildə Dünya Azərbaycanlılarının 1-ci qurultayı keçirilmiş, Dövlət Diaspora Komitəsi, 2008-ci ildə QHT-lərə Dövlət Dəstəyi Şurası (Agentliyi) yaradılmışdır.

Zəfərin iqtisadi əsasları haqda məruzəçi 1994-cü ildə imzalanmış neft Konsorsiumunu, Azəri, Çıraq və Günəşli neft yataqlarının istismarını, Bakı-Tbilisi-Ceyhan neft boru kəməri, Bakı-Tbilisi-Kars dəmiryolu, Bakı-Supsa və Bakı-Novorossiysk neft kəmərləri, TANAP qaz kəməri və Cənub Qaz Dəhlizi layihələrinin əhəmiyyətini xüsusi vurğulamışdır.

Zəfərin hərbi əsaslarını başlıca olaraq Azərbaycan Ordusunun yenidən qurulması və ən müasir silah-sursatlarla təmin edilməsi, eləcə də xüsusi təyinatlı hərbi hissələrin yaradılması ilə əlaqələndirən məruzəçi Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbər və bacarıqlı sərkərdə rolunu vurğulamışdır.

Zəfərin mənəvi əsasları haqqında danışan S.Alışarlı Azərbaycan xalqının işğalla heç zaman barışmaması, gənc nəslin vətənpərvərlik tərbiyəsi, Azərbaycan incəsənəti və ədəbiyyatının 30 il ərzində bir an belə Qarabağı unutmaması faktlarını qeyd etdi.

Tədbirdə çıxış edən Şərur rayon Ağsaqqallar Şurasının sədri Vidadi Süleymanov, şəhid leytenant Elşən Məmmədovun atası Əziz Məmmədov, şəhid mayor Vüsal Vəliyevin anası Mədinə Vəliyeva, Şərur rayon müharibə veteranları birliyinin sədri Eldəniz Əliyev, şairlər Nazlı Hacılı, Elmira Rzayeva, Xədicə Təbəssüm və başqaları şəhid ailələrinə və qazilərə dövlətin, cəmiyyətin diqqət və qayğısından danışdılar.

Tədbir iştirakçılarına layihə çərçivəsində hazırlanmış kitabça və dəftərxana ləvazimatları paylanmış, dialoq çay süfrəsi arxasında davam etmişdir.

Layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə həyata keçirilir.