Qarabağa qayıdan ailənin Bakıdakı son günü - Sübhan Mahmudov yazır

SÜBHAN MAHMUDOV
1177 | 2023-11-24 17:53

Dostumun evindəyəm. Onlar yır-yığış eləyirlər. Bu gün, ya sabah Qarabağa, Füzuliyə, öz evlərinə qayıdacaqlar. Anası xudmani bir süfrə açıb. Gedən-gələnin ardı-arası kəsilmir. Həyətdə it hürür. Külək pəncərələri silkələyir. Qapı açılır. Kimsə, olsun ki, onların qohumlarından biri əllərini açıb dostumun atası ilə görüşür. Atası kövrəkdir, arada bir gözləri yaşla dolur. Gizlətməyə çalışır, üzünü biz olmayan tərəfə tutur. Ancaq göz yaşlarını gizlədə bilmir. Yanaqlarına axan göz yaşlarının izi görünür. 

Dostumun bacısı da nişan kəsib. Bu gün, ya da sabah köçəsidir. Ev əhli bir yandan da bu xoşbəxt günün qayğısını çəkir. Toy gününə hazırlaşırlar. Dəvətnamə yazırlar. Biz dostumla həyətdə durub siqaret çəkirik. Qıraq, kənar yerdə. Dostum öz kəndlərini görməyib. O, anasının bətnində olanda kəndə hücum olub. Qaça-qaçda anası ilə kamazda gediblər. Dostumun yadında ancaq səslər qalıb. Gülə-gülə danışır. Deyir, kamazın iri daşlara dəydiyini eşidirdim. İnanıram ona. Yalan demir. Doğrudan da, o faciə gününün səslərini eşitdiyinə sidq-ürəkdən inanıram. Siqaretlərimizi atırıq. Həyətdəki it özünü yırtır. Yenə gələn var.

– Bıyy bacı, xoş gəldiniz!

– Ay dayı, keçin də! İçəriyə keçin! Soyuqdur. 

– Ayaqqabılı girin elə. Onsuz gedirik də. 

Ayaqqabılara baxıram. Bəlkə də, bu evdə heç vaxt bu qədər ayaqqabı olmayıb. Dostumla uşaqlıqdan tanışıq. Bir yerdə oxumuşuq. Hamını iş-güc, uzaq şəhərlər ayırdı. Amma biz dostumla eyni səmtdə yaşadığımız üçün heç vaxt ayrı düşmədik. O, elə mənim sinif yoldaşım kimi qalıb. Hələ də eyni zarafatları edir. Ciddi olanda da məktəb vaxtındakı ciddiliyi yadıma düşür. Sanki ciddilik ona yad bir xüsusiyyətdir. Özünü gülməmək üçün məcbur tutub saxlayanlar kimi o da ciddiyyətini güc-bəla üzünə yerləşdirir. 

Evin babası Füzulidən danışır. Dağlardan, dərələrdən, çaylardan. Qaça-qaçda inəkləri tövlədə qalıbmış. Baba o inəyi orada qoyduqları üçün peşman olduğunu deyir. Dostum zarafat edir:

– Baba, inək gedən deyil. Narahat olma. 

– Bəsdi görək, ə. – baba ona çəmkirir. 

Həqiqətən, o inəyə nə oldu, görəsən? İnəyi erməni əsgərləri aparıb kəsdilərmi? Ya aparıb saxladılarmı? 

– Baba, evimizi tapa biləcəksən? – dostum soruşur. 

– Ə, niyə tapmıram? – baba əsəbiləşir – Uşaqlıqdan o evdə böyüməmişəm? Elə o saat da tapacam. 

Nəvəsi ona irişir:

– Baba, sən buradakı evimizi gücnən tapırsan. Onu necə tapacaqsan? 

Baba heç nə demir, əlindəki əsanın iti yerini nəvəsinə vurur. Yaxşı ki dostum tez tərpənir, qaçır zərbədən. Həyətdə yenə it hürür. İçəri külək dolur. Çoxlu uşaq girir evə. Hərəsi bir tərəfdə mısıb durur. Dostumun atası bu uşaqları bir-bir öpür, ovuclarına konfet qoyur. Uşaqlar əllərindəki konfetlərə baxıb susurlar. Bayırdakı it yenə hürür. Dostumun anası gələnlərə çay süzür. Çayın ətri evə dolur. Televizorda müharibə filmi göstərirlər. Baba elə bil içəridə heç kim yoxmuş kimi televizora baxır. 

Dostumun evindəyəm. Onlar Füzulidəndilər. Bu günə, ya sabaha qayıdacaqlar. Evin əşyaları yığılıb bir qıraqda gözləyir. Güldanlar, kitablar, pal-paltarlar, televizor, tozsoran... Köç başlayacaq. İllər əvvəl kamazda getmişdilər. Dedim axı, dostum onda anasının bətnində idi. O biri uşaqlar isə hələ doğulmamışdı. Evin içərisində yaman adam var. Qonşudan stul gətirir dostumun qardaşı. O da Füzulini görməyib. İki stulu qoluna keçirib gətirir. Üzü gülür. İçəridəkilərin hamısı səs-küylə gülürlər. Çöldəki it hürür. Yenə kimlərsə gəlir. Əllərində mer-meyvə var. Baba müharibədən bəhs edən filmə baxır. Yox, indi fikir verdim, baxmır, yuxulayır. 

– Baba, baba – nəvəsi onu dümsükləyir. – Dur, dur.

– Nə oldu? Çatdıq? – baba soruşur. – Füzulidəyik?

Hamı gülür. Hətta bu gülüş o qədər uzanır ki, mənə elə gəlir, Füzulidəki dağlar da gülüş səslərini eşidiblər. 
Onlar qayıdırlar. Öz torpaqlarına, doğulduqları yerə qayıdırlar. Qayıtmaqların ən gözəlini yaşayırlar. Evdə qayıdış söhbəti gedir. Hərə edəcəyi işi götür-qoy edir. Gələcək planlarından danışır. Evlərini düzəltməkdən, iş qurmaqdan və s. O ağac qalıbmı? O çayxana necədir? O dağlar? Dağlar durur. Evlər yoxdur. Ancaq evlər də olacaq. Hər şey təzədən sehrli çubuqla öz əvvəlki nağıl dünyasına qayıdacaq. Dostum babasını təzədən dümsükləyir. Sən demə, baba yenə yuxuya gedibmiş. Hamı bu mənzərəyə baxır.

– Baba, dur, baba! 

– Nolub, ə?

– Füzulidəyik.

Hamı gülür yenə. Bu dəfə elə bil qapıda hürən it də gülür. İçəri onları Füzuliyə aparan taksi şoferi girir. O da qohumdur. Hamını salamlayır. Sabah gedirlər, ya o biri gün. Nə fərqi var. Taksi şoferi hər vaxt qulluğunuzda hazıram deyir. Onsuz, o da gedəcək. Bu dəfə vita maşınla gedəcəklər. Dostum pəncərə yanında oturmaq istəyir. Hamı pəncərə yanında oturmaq istəyir, əslində. Mübahisə düşür. Sonra gülüşürlər. Hamı birinci görmək istəyir Füzulini, kəndini. Babanın səsi gəlir bu vaxt:

– Noldu, ə? Niyə dümsükləmirsiniz? Bayaqdan elə hey gedirik, oyadan yoxdur? Çatmadıq evimizə?

Çatdıq, baba. Evdəyik. Düzdü, ermənilər bu evi tanınmaz hala gətiriblər. Ancaq sən tanıyacaqsan. Evin həndəvərindəki daşlardan, ağaclardan, otlardan tanıyacaqsan. Mütləq tanıyacaqsan. Çünki evi dağıtmaq olar. Ancaq evi öldürmək olmur. Ev həmişə oradadır. Dağıntı kimi də olsa, dəbdəbəli vəziyyətdə olsa da. Ev həmişə öz yerindədir. 

Onlar qayıdırlar. 30 ildir görmədikləri evlərinə. Evlərinin həyətinə. Məhəllələrinə. Küçələrinə. Rayonlarına. Qarabağa. Əvvəl bunu desəydin, heç kim inanmazdı. Gülərdi. Romanlarda yazılırdı. İnanmırdılar. Filmdə çəkildi. İnanmadılar. Axırı düz çıxdı. Nağıl gerçək oldu. 

Mən onların sevincinə qoşulmaq, onlarla bir yerdə getmək istəyirəm. Çünki mən də oraları görməmişəm. Bunu deyəndə hamı kövrəlir bu vaxt. Qadınlar şallarının ucu ilə göz yaşlarını silirlər. Dostumun atası da ağlayır. İndi isə göz yaşlarını gizlətmir. Çünki o göz yaşlarının arxasında gülüş də var. Gülə-gülə ağlayır. Bəlkə, elə qayıtmaq da budur? Gülə-gülə ağlamaq... 
 

TƏQVİM / ARXİV