Qarlı, küləkli, şaxtalı bir hava…Yollar dumanlı, hava buludlu… Küləyə qarşı atılan sərt addımlar… Soyuqdan paltosunu bərk-bərk sıxan buz kimi əllər…
Qar dənəciklərinə baxıram, bəzisi mənə təbəssüm, bəzisi kədər verir. Külək elə nifrətlə əsir ki, elə bil heç ömründə əsməyib.Tanrı bizlərə qəzəblidi, qarla küləklə göstərir bizə sərt üzünü. Bizsə gülümsəyərək əsən küləyə baxıb nadinclik etdiyini düşünürük. Bəlkə də təsəlli tapırıq. Havalar soyuduqca yollar boşalır, həyat səssizləşir, divarlar çılpaqlaşır. Kimsə şaxtalı, boranlı gecədə, soyuq daxmada gözləyir ömrünün sonunu. Bunu sözlə təsəvvür etmək belə ağırdı..
Hər tərəf qara bürünür, örtür bütün günahları yerə düşən qar dənəcikləri. Baxırsan, gülən insanlar, əl-ələ gəzən sevgililər və dəniz kənarında tək oturub mavi sularla danışan tənha qoca. Soyuğa təslim olmuş dəniz ləpələrinin sayı qədər həyatı təkrar olan qoca.
Nə vaxt ki, qar dənəcikləri səmadan düşür, bürünür yer üzü ağ örtüyə, gizlənir bütün günahlar. Müvəqqəti, hələlik. Sonra Günəş doğur və heç nə gizlində qalmır. Əbədi, həmişəlik.


                                Bakı -°C
                            
                            
    
    
    
    
    
            
            
            
            
            
            
            
            
            
            
            
            
            
            
            