24 Iyul 2025 12:43
327
MƏMLƏKƏT

Qarabağımın azadlığa çıxmış gozəllikləri: Vəngli - I yazı

Bu gün sizə tətil günlərimdə gəzdiyim, gördüyüm ən maraqlı yerlərdən, ən maraqlı detalları çatdırmaq istəyirəm!

Tam 40 ildən sonra yolum ilk dəfə Ağdərə rayonunun Vəngli kəndinə düşdü! Hələ uşaq ikən, Kəlbəcər yaylaqlarına məhz bu kəndin yaxınlığından keçib gedirdik. O vaxt sovet hökumətinin sayəsində elə ermənilər kimi kəndə Vəng deyirdik. qSonuncu dəfə 1985- çi ildə bu ecazkar yurdumuzu görmüşəm!

Və sonrası məlumdur!

Üzü Vəngliyə tərəf

ZatənTəzəkənddəki post-patrul gömrük məntəqəsini keçəndən Şəhidlərimizə rəhmət qazilərimizə can sağlığı diləyə-diləyə təxminən Ballıcanı da keçəndən sonra əlavə 5 postu da arxada qoyub çatdıq təbiətinin gözəlliyi dillər əzbəri olan ermənilərin Vank dediyi Vəngli kəndinə!

Ermənilərin " dədəmizdən qalıb" dediyi bu cənnət yurdumuz Xaçınçayın sol sahilində, yüksək dağlıq ərazidə yerləşir. Havası yay zamanı sərin, yağışlı, qışda isə soyuq və qarlı keçir. Kəndin ətrafı meşələrlə örtülüdür, buna görə havası təmiz və səfalıdır.Məcundu eeey, məcun!

Dumduru , göz yaşı kimi axan Xaçın çayının zümzüməsi elə kənardan eşidilirdi. Yolların kənarı dağ çiçəkləri ilə sanki xalçanı xatırladırdı. Uşaq vaxtı adına çayçiçəyi dediyimiz topa-topa, günəş kimi sapsarı dazı otu, bənövşəyi rəngli qaraqınıq çiçəyi, çəhrayı qantəpər (Qafqaz lomeloziyası) , ağ qantəpər, sarı gülxətmi, çobanyastığı, sapsarı çətirli çiçəklər, həqiqətən yolların kənarını "ölüb-qalmalı" məkana döndərmişdilər.

Yamyaşıl çoxillik ağacların da gözəlliyi, kənardan adama gəl-gəl deyən zümrüd meşələr ağzımı ayrıq saxladı.

Simasından möhtəşəmlik, məğrurluq tökülən dağlar, qayalar!

Kəndə girdik. İlahi bu yerlərdə 200 ildir ermənilər necə xoşbəxt yaşayırmışlar?Bu gözəllikləri hər gün gözlə görmək ruha qida, ömrə şəfadır. Ona görə , bu nankorların yanaqları yay- qış lalə kimi qıpqırmızı olardı, sağlam yasayardilar!

2014-cü ildə  kəndin giriş qapısındakı  monumentin üstündəki aslan heykəlləri ermənilər kimi tarixin arxivinə atılmışdı. Artıq begemontmu, şirmi olduğu ayrıd edilməyən "şirlər" yoxdu, yalnızca  postament qalıb. Hətta üstündəki yazılar da qaşınıb.

Amma tarixçilərimizə istinad edərkən öyrənirik ki, Vəngli əslində tək təbii gözəllikləri ilə deyil, qədim, çox qədim olduğu qədər də sirli-sehirli bir məkandı. Sanki nağıllarımızdan qopub bu günümüzə düşüb . Qədimlik də kəndə bir ayrı abu- hava qatır.

Tarixçilər deyir ki, islam hələ Azərbaycan ərazisinə gəlməmişdən əvvəl Vəngli kəndi uzun müddət Alban Xaçın knyazlığının mərkəzi olub. Xaçın knyazlığının ən görkəmli rəhbərlərindən olan Həsən Cəlalın iqamətgahı olan Holanaberd qalası ilə üzbəüz, Ağdərə rayonunun Vəngli kəndində Xaçın çayının sol sahilində dağın üstündə ucaldılmış məşhur Gəncəsər monastrı( ermənilər adını dəyişdirib Qandzasar monastırı qoymuşdu) Qafqaz Albaniyası xristian memarlığının ən görkəmli abidələrindən biridir.

Monastrın divarında daş üzərindəki epiqrafik yazıdan məlum olur ki, bu abidə "yüksək və böyük Arsax ölkəsinin hökmdarı, geniş vilayətin çarı, Böyük Həsənin nəvəsi, Vaxtanqın oğlu, Həsən Calal Dövlə və anası Xorişə xatun tərəfindən 1216-1238-ci illərdə inşa edilmişdir". 1261-ci ildə monqol-tatar işğalçıları tərəfindən İranın Qəzvin şəhərində qətlə yetirilmiş Həsən Cəlalın oğlu knyaz Atabəy gətirib Gəncəsər monastırında dəfn etmişdir.

Bu monastır 1511-ci ildən 1836-cı ilədək, yəni Rusiya sinodunun rəsmi qərarı ilə Alban kilsəsi ləğv edilənədək diofizit alban xristianlarının iqamətgahı olmuşdur.

qə Rəşid

Bəzi azərbaycandilli müasir mənbələrdə abidənin əsil adının Xəzinədağ məbədi olduğu qeyd edilir. Soruşsanız ki, niyə belə adlanır , onu da tarixçilərin araşdırmasına əsaslanaraq deyək: Gəncəsər monastırının adı, monastırın inşa edildiyi təpəlik ərazinin adından götürülür. Gəncəsər sözü "gənc" və "sər" olmaqla iki hissədən ibarətdir. Hər iki söz pəhləvi dilindən gəlməklə "gənc" — xəzinə "sər" — təpə, zirvə, hündür yer anlamını ifadə edir.

Deyilənə görə, 1992-ci ildə Ermənistan Müdafiə Naziri Vazgen Sarqsyan və Qarabağ ermənilərinin silahlı birləşmələrinin rəhbəri Serj Sarqsyan Gəncəsər monastırının rahib hücrələrindən birində ilk toplantılarını keçirirlər.

Aha, Azərbaycan bundan xəbər tutan kimi, dəmir qanadlı quşlarını göndərir ora. Yəni 20 yanvar 1993-cü ildə hava hücumu zamanı monastır ətrafındakı binalara ziyan dəyir, keşişlər qırılır. Ermənilər bombardmanın qorxusundan bir müddət orda ibadət etmir. Amma bundan əvvəl də Şuşa işğal ediləndən sonra döyüşçü - keşiş Qurgen Martirosyan Qazançı monastrında şükranlıq ibadəti keçirmişdi.

Sonralar 1998-ci ildə qərara gəldilər ki, Qarabağ yeparxiyasının mərkəzi Qazançı kilsəsinə köçürülsün!Köçürdülər və bu tarixdən başlayaraq ən çox ibadətlərini burda etdilər.

Təsəvvür edin ki, işğal dövründə Vəngli ən çox turist axınına layiq olan bir məkan olub.

Bu məqalənin arxasında oradakı tikililər, istirahət yerləri, gəzinti əraziləri abidə və heykəllər haqqında daha geniş yazacağam. Görün bu cənnətdə ermənilər nələr tikib, nələr qurub...

Əntiqə Rəşid