Qardaşlıq və strateji tərəfdaşlıq yolu

Prezident İlham Əliyev: “Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir”
Azərbaycan–Tacikistan əlaqələri son illərdə çoxşaxəli şəkildə inkişaf edib. Strateji tərəfdaşlıq sərhədlərində imzalanan sənədlər, maliyyə dəyəri böyük olan iqtisadi və sənaye layihələri, mədəniyyət və təhsil sahəsində əməkdaşlıq, həmçinin “yaşıl enerji” və davamlı inkişafa yönəlmiş təşəbbüslər bu inkişafın əsas göstəriciləridir. Azərbaycan və Tacikistan beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT, İƏT, MDB və Qoşulmama Hərəkatında fəal əməkdaşlıq edir. Hər iki ölkə ərazi bütövlüyü və suverenlik məsələlərində bir-birini dəstəkləyir. Tacikistan Azərbaycanın Qarabağ məsələsində mövqeyini daim anlayışla qarşılayıb və Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Prezident İlham Əliyevin çıxışında bu dostluğun davamlı və səmimi olduğunu bir daha vurğulaması, münasibətlərin siyasi əsasda sabit olduğunu göstərir. Son illər Azərbaycan ilə Tacikistan arasında iqtisadi əlaqələr də inkişaf etməkdədir. Ticarət dövriyyəsində müsbət dinamika müşahidə olunur. Enerji, nəqliyyat, kənd təsərrüfatı, tekstil və infrastruktur layihələri sahəsində əməkdaşlıq imkanları genişdir. Azərbaycanın nəqliyyat-logistika sahəsində yaratdığı yeni imkanlar (Zəngəzur dəhlizi, Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və s.) Tacikistan üçün də alternativ nəqliyyat marşrutlarının inkişaf etdirilməsi baxımından strateji əhəmiyyət daşıyır.
İki ölkə arasında hökumətlərarası komissiya fəaliyyət göstərir və mütəmadi görüşlər, biznes forumlar keçirilir. Bu formatlar çərçivəsində əməkdaşlıq sahələrinin dərinləşdirilməsi istiqamətində konkret addımlar atılır. Həmçinin əlaqələrin genişləndirilməsi çərçivəsində nəqliyyat və logistika sahəsində əməkdaşlıq planları var. Azərbaycan Tacikistan arasında nəqliyyat yollarının inkişaf etdirilməsi, logistika infrastrukturu və tranzit imkanlarının artırılması üçün addımlar görülür. Mədəni həyat, təhsil və humanitar sahələrdə əlaqələrdə çatdırılmış uğurlar da az deyil. Milli Kitabxanalar arasında əməkdaşlıq memorandumları imzalanıb. Bu anlaşmalar kitabların, nəşrlərin, mədəni materialların mübadiləsi, ortaq tədbirlərin keçirilməsi və mədəni-irsi qoruma istiqamətində əməkdaşlığı nəzərdə tutur. Azərbaycan Mədəniyyət Günləri Tacikistanda keçirilir; eyni zamanda Tacik mədəniyyət günləri Azərbaycanda təşkil olunur. Bu tədbirlər xalqlar arasında mədəni yaxınlığı gücləndirir, incəsənət, musiqi, folklor, kulinariya və digər sahələrdə ortaq layihələri təşviq edir. Təhsil sahəsində Tacikistanlı tələbələrin, hərbi məktəblərin, ali təhsil müəssisələrinin Azərbaycanla əməkdaşlığı mövcuddur; Tacikistanlı kadetlər Azərbaycan hərbi-təhsil müəssisələrində hazırlıq alırlar.
Azərbaycan və Tacikistan regional sabitliyin və təhlükəsizliyin təmin olunmasında maraqlı tərəflərdir. Terrorizm, narkotik qaçaqmalçılığı, sərhədyanı cinayətkarlıq kimi təhlükələrə qarşı mübarizədə əməkdaşlıq edilir. Bu xüsusda MDB formatında və digər çoxtərəfli platformalarda birgə təşəbbüslər həyata keçirilir. Prezident İlham Əliyevin 2025-ci il oktyabrın 10-da Düşənbədə keçirilmiş MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası zamanı verdiyi bəyanatlar, xüsusilə Tacikistan-Azərbaycan münasibətlərinə dair fikirləri iki ölkə arasında strateji və dostluq əlaqələrinin dərinləşdiyini bir daha nümayiş etdirir. Prezident İlham Əliyev çıxışı zamanı Azərbaycan ilə Tacikistan arasında ikitərəfli münasibətlərin ardıcıl və konstruktiv inkişafını vurğuladı: “Bu gün, həmçinin Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin ardıcıl inkişafını qeyd etmək istərdim. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir”. Bu fikirlər iki ölkə arasındakı əlaqələrin yalnız bu günü deyil, gələcəyini də əhatə edən mühüm bir perspektiv ortaya qoydu.
Hazırda müxtəlif sahələrdə - siyasət, iqtisadiyyat, mədəniyyət, təhlükəsizlik və digər istiqamətlərdə qarşılıqlı maraq və etimada əsaslanan münasibətlər, iki ölkə arasında sabit və davamlı əməkdaşlığın möhkəm təməlini təşkil edir. Azərbaycanın və Tacikistanın strateji baxışları, qarşılıqlı hörmətə əsaslanan siyasətləri regionda sülhə və tərəqqiyə mühüm töhfə verir. Gələcəkdə bu münasibətlərin daha da genişlənməsi üçün ticarət dövriyyəsinin artırılması, logistika və nəqliyyat əlaqələrinin təkmilləşdirilməsi, texnologiyanın transferi və innovativ layihələrin həyata keçirilməsi kimi sahələrə xüsusi diqqət yetirilməlidir.
Cənab Prezident iclasda etdiyi çıxışında Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması və bunun ətrafında aparılan humanitar əməkdaşlıq barədə verdiyi mesajlar həm siyasi, həm də mədəni baxımdan dərin əhəmiyyətə malikdir. Bununla bağlı dövlətimizin başçısı bəyanatla çıxış edərək təşəkkürünü bildirdi. Bu təşəbbüs təkcə Azərbaycanın deyil, bütün MDB məkanının mədəni-tarixi irsə verdiyi dəyərin göstəricisidir. Eyni zamanda bu hadisə, Ermənistanın 30 illik işğalı dövründə viran edilmiş Laçının sürətli bərpasının və yenidən dirçəlməsinin nümunəvi timsalıdır. MDB çərçivəsində humanitar sahədə əməkdaşlıq siyasi və iqtisadi əməkdaşlıq qədər əhəmiyyətlidir. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması bu baxımdan strateji və simvolik mahiyyət daşıyır.
2025-ci ilin iyun ayında Laçında “MDB-nin Mədəniyyət Paytaxtı İli”nin rəsmi açılış mərasimi keçirildi. Tədbirdə bir sıra MDB ölkələrinin nümayəndələri, mədəniyyət xadimləri, beynəlxalq qonaqlar iştirak etdilər. Onlar şəhərdə aparılmış geniş bərpa və yenidənqurma işlərinin nəticələrini öz gözləri ilə gördülər. Tədbir zamanı Azərbaycan xalqının bu torpağa nə qədər bağlı olduğu, bu yerlərin qədim mədəniyyət ocağı kimi formalaşmış tarixi irsi bir daha beynəlxalq auditoriyaya təqdim olundu. Laçının qədim memarlıq nümunələri, musiqi və sənət irsi, folklor ənənələri və yerli mədəniyyət nümunələri tədbir iştirakçılarına təqdim edildi. Bu açılış təkcə mədəniyyətin qeyd olunması deyil, həm də birliyin, əməkdaşlığın və mədəni dirçəlişin bayramı idi. Prezident İlham Əliyev çıxışında xüsusi olaraq MDB məkanında humanitar əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğuladı. Mədəniyyət sahəsində ortaq layihələrin həyata keçirilməsi ölkələr arasında qarşılıqlı anlaşmanı və sülhü möhkəmləndirir. Laçın nümunəsində olduğu kimi, ortaq tədbirlər vasitəsilə müxtəlif xalqlar bir-birinin mədəni irsini daha yaxından tanıyır, ortaq dəyərlərə sahib çıxır. Laçın şəhərinin MDB-nin mədəniyyət paytaxtı elan olunması, həm regionun, həm də Azərbaycanın post-münaqişə dövründə əldə etdiyi uğurları nümayiş etdirir. Bu təşəbbüs eyni zamanda göstərir ki, Azərbaycan təkcə öz ərazilərini fiziki olaraq bərpa etmir, həm də onların mənəvi və mədəni ruhunu dirçəldir. Prezident İlham Əliyevin də dediyi kimi, bu qədim Azərbaycan torpağı qısa zaman ərzində həm müasir şəhər, həm də mədəniyyət mərkəzinə çevrilib. Laçın artıq təkcə Azərbaycanın deyil, bütün MDB məkanının diqqət mərkəzindədir — bu isə regionda davamlı sülh və inkişaf naminə əhəmiyyətli bir addımdır.
Kamal Paşa-zadə
Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbinin
violonçel ixtisası üzrə müəllimi,
Azərbaycan Respublikasının Əməkdar müəllimi