adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
09 Avqust 2022 12:21
659
HÜQUQ

Qaydalar pozulursa...


«Şamaxınka» və «20 Yanvar» dairəsində taksi sürücüləri dayanacaqları tez-tez zəbt edir

Heç kimə sirr deyil ki, «20 Yanvar» dairəsi və eləcə də «Şamaxınka» istiqamətində səhər və axşam saatlarında nəqliyyat vasitələri daha çox intensiv hərəkət edir və hətta tıxaclar yaranır. Təbii ki, bu cür hərəkət axını istər-istəməz həmin ünvanlarda müəyyən problemlər və çətinliklərə səbəb olur. Nə yaxşı ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları xidməti vəzifələrini məsuliyyətlə yerinə yetirirlər. Axı səhər saatlarında tıxaclar yol polisi tərəfindən aradan qaldırılmasa, onda görün nə qədər sürücü və hərəkət iştirakçısı yollarda qalar, vaxt itirər.


Hər şeydən öncə hər bir sürücü qaydalara əmək etməyə borcludur. Başqa sözlə demiş olsaq, onlar qaydalara əməl etməklə həm özlərinin, həm də hərəkət iştirakçılarının təhlükəsizliyini qorumuş olurlar. Ancaq təəssüflə qeyd etməliyik ki, heç də bütün sürücülər yol hərəkəti qaydalarına əməl etmir, mövcud qaydaları tez-tez pozurlar. Bu isə bayaq dediyimiz kimi, digər nəqliyyat vasitələrinin hərəkətinə çətinlik yaradır, problemlərin baş qaldırmasına təkan verir.


Heç uzağa getməyək, «Şamaxınka» istiqamətində və «20 Yanvar» dairəsindəki dayanacaqların Xırdalana və Sumqayıta gedən taksi sürücüləri tərəfindən tez-tez zəbt edilməsi həm avtobus sürücülərinin, həm də o dayanacaqda avtobus gözləyən sərnişinlərin böyük narazılığına səbəb olur. Bəzən taksi sürücüləri imkan vermir ki, avtobus dayanacağa girsin və sərnişinləri götürsün.


Siz elə bilməyin ki, Bakı Şəhəri Yol Polisi İdarəsi adını çəkdiyimiz ünvanda hərəkətin təhlükəsizliyi ilə bağlı tədbirlər görmür. Dəfələrlə onun şahidi olmuşuq ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 5-ci tağımının əməkdaşları həmin yerdə olur, sürücüləri maarifləndirir və onları ordan uzaqlaşdırırlar. Bəzən 5-ci tağımın əməkdaşları məcbur olub, həmin ünvanda vəziyyəti çətinləşdirən sürücülərə qarşı saatlarla xidmət aparır, onlara tövsiyələrini verir və xəbərdarlıq edirlər. Ancaq yol polisi gedəndən sonra yenə onlar dayanacağı zəbt edir, avtobusların ora rahat daxil olmasına imkan vermirlər.


Bir faktı qeyd edək ki, bu istiqamətdə «dayanma-durma» qaydalarını pozan sürücülər çoxdur. Düzdür, onlara qarşı adını çəkdiyimiz 5-ci tağımın əməkdaşları inzibati tədbirlər də görürlər, maarifləndirici söhbətlər də edirlər. Təəssüf ki, bu cür intizamsız sürücülər bu səmimi və mədəni münasibətdən nəticə çıxarmırlar. Ona görə də «dayanma-durma» qaydalarını pozan və parklanma qaydalarına əməl etməyən onlarla sürücü «İnzibati Xətalar Məcəllə»sinin müvafiq maddəsi ilə 20 manat məbləğində cərimə ediliblər. Görünür, bu cür sürücülərə inzibati məsuliyyət də bir o qədər təsir etmir. Yəni cərimə az olduğuna görə, onlar yenə parklanma qaydalarını pozmaqda davam edirlər. Nə var-nə var dayanacaqda sərnişin götürəcəklər və onları mənzil başına aparacaqlar.


Yol Patrul Xidməti Alayının 5-ci tağımının komandiri, polis kapitanı Nurlan Əliyev son dərəcə peşəkar, məsuliyyətli və tabeliyində olan işçilərə qarşı tələbkar komandirdi. Bir qayda olaraq növbə qəbul olanarkən Nurlan Əliyev tağım əməkdaşlarına öz göstərişlərini verir, tövsiyələrini bildirir, hərəkətin təhlükəsizliyinin təmin edilməsini onların diqqətinə çatdırır. Xüsusən də səhər və axşam saatlarında hərəkətin intensivliyi artanda yol polisinin üzərinə daha böyük məsuliyyət düşür. Hamıya gün kimi aydındır ki, «20 Yanvar» və «Şamaxınka» dairəsində hərəkət sıxlığı olur, bəzən də tıxaclar yaranır. Bax, o tıxacların aradan qaldırılmasında 5-ci tağımın əməkdaşları öz üzərinə düşən vəzifələrini daha məsuliyyətlə yerinə yetirirlər.


Əlbəttə, qanunlar onun üçündür ki, biz ona əməl edək və bunun nəticəsində təhlükəsizliyimizi qorumuş olaq. Amma təəssüflə qeyd etməliyik ki, bəzi sürücülər hətta hərəkətin sıx olduğu vaxt belə qanunları pozur. Qarşıda tıxac yaransa da, siqnallar verir, bir sözlə, həm sürücülərin, həm də sərnişinlərin əsəbini pozurlar. Əgər tıxac yaranıbsa, onu siqnalla aradan qaldırmaq mümkün deyil. Sadəcə olaraq səbirli olub gözləmək lazımdır və yol polisinə həmin anlarda maneçilik törədilməməlidir.


Üstəlik də tıxaclar olarkən bəzi sürücülər düşünür ki, qarşı tərəfin yoluna keçsin və çıxış yolu tapsın. Qarşı tərəfin yoluna keçmək isə daha ağır problem yaradır və qarşıdakı avtomobillərin də hərəkətində tıxaclara səbəb olur. Ümumiyyətlə, sükan arxasında əyləşmiş hər bir sürücü səbirli olmalıdır. Səbrin yoxdursa, sükan arxasında əyləşmə və üstəlik də digər nəqliyyat vasitələri üçün problemlər yaratma.
Ona görə də həm dayanacaqları zəbt edən, dayanma-durma qaydalarını pozan, həm də qarşı tərəfin yoluna çıxıb çətinlik yaradan sürücülər yol polisinin tövsiyələrinə və xəbərdarlıqlarına əməl etməli, yol hərəkəti qaydalarını məsuliyyətlə icra etməli, bir sözlə, başqa avtomobillər üçün çətinliklər yaratmamalıdır. Bu çətinlik yaranırsa, deməli, yol hərəkəti qaydalarını pozan sürücü məsuliyyətsizdi, özü və digər hərəkət iştirakçıları haqqında qətiyyən düşünmür. Bunun acı nəticəsini isə həmin sürücü gec-tez özü görür...

Faiq QİSMƏTOĞLU