05 Avqust 2024 11:38
75
ƏDƏBİYYAT

Qaynana-gəlin söhbətləri

Bineyi-qədimdən qaynana-gəlin münasibətləri haqqında söz-söhbətlər tükənmək bilmir. Bu barədə saysız-hesabsız məsəllər yaranmış, lətifələr qoşulmuş, çoxlu düzgülər deyilmişdir.

Nadiri taxtda, Şah Abbası qundaxda görənlərdən üzü bu yana gəlinlər qaynanadan, qaynana isə gəlindən gileyləniblər.

Söhbət əsnasında tələbə yoldaşlarımdan bir neçəsi ilə qaynana-gəlin  münasibətindən söz açdıq. Çünki qrupdakı qızlarımızın demək olar ki, hamısının qaynanası olub. İndi də özləri qaynanadır. Görək söhbət etdiyimiz xanımların bu məsələyə münasibətləri necədir?

 Cahan deyir ki,  mən humanist və mehriban bir ailədə dünyaya gəlmişəm. Görüb-götürdüyüm tərbiyə ilə böyümüşəm.  Gəlin olduğum bu ailədə də mehribanlıq görmüşəm.  Yadıma gəlmir ki, mən bircə dəfə də olsun qaynanamdan zərrə qədər də olsa, inciyim. İndi dünyasını dəyişib. Hər dəfə qəbiristanlığa gedəndə birinci olaraq qaynanamın məzarını ziyarət edirəm. Allah ona rəhmət eləsin!

Roza vurğuladı ki, özümün iki qızım və bir oğlum var. Gəlin gətirmişəm, qızlarımı köçürmüşəm. Gəlinimlə qızlarımı bərabər tutmuşam. Onların arasında fərq qoymamışam. Mən bu adəti qaynanamdan və anamdan öyrənmişəm.

Gülyazın cavabı da özünəməxsusdur:

-Mənim üçün gəlinim də, qızım da çox əzizdir. Hərəsinin öz yeri var. “Gəlin gəlin olmaz, düşdüyü yer gəlin olar”-deyiblər.

Zibəndə rəhmətlik qaynanasından razı olduğunu dilə gətirdi. Bildirdi ki, Qaynanam mənə həm də ana olub, bilmədiklərimi öyrədim. Biz çox mehriban olmuşuq. Qaynanam dünyasını dəyişəndən sonra hər dəfə “qara bayram”da, eləcə də digər məqamlarda qəbirüstünə çıxan zaman birinci olaraq qaynanamın məzarını ziyarət edirəm.

Müəllifdən: Mən də vaxtı ilə bu mövzuda götürdüyüm müsahibəni  tələbə yoldaşlarımın nəzərinə çatdırmağı gərəkli bildim.

Qaynana ilə ulduzu barışmayan gəlin düşdüyü evin sakinlərini də özünün “ədalət” süzgəcindən keçirər.

Yeri gəlmişkən:

Təzəcə ərə gedən bir gəlindən qohum-əqrabaları soruşurlar:

– Hə, necədi getdiyin yer? Qaynanan, baldızın, qayınların xoşuna gəlirmi?

Gəlin deyir:

-Qaynanam qaraca köpək qapıda yatar, söz deyəndə adamı qapar.

Baldızım çuval duzum, gündə gəlib sancıb qaçar, qalıram naçar.

Qayınlarım sərv ağacı qapıda bitər, hayıma yetər.

Qaynatam-sarıyağ kimi canıma yatar

 Bu da qaynana...

– Ay qaynana, heç özün gəlin olmamısan?

– Necə yəni olmamışam? Olmuşam özü də lap yaxşısından. Süpürgə kimi harda qoyublar, orda durmuşam...

– Bəs bu gəlin niyə səndən ağzıəyridir?

– Sən mənə de görüm, gəlin gətirmisənmi?

– Yox ay nənə, üzüm ayağının altına hələ heç özüm iki baş-dörd ayaq olmamışam.

– Hə, bu başqa məsələ. Elə ona görə ağzın isti yerdədir. Gilas bağın olsa, bilərsən sığırçın necə quşdur.

–Gəlin ocağa gələr-deyiblər. Axı, ərlə arvadın xəmiri eyni teştdə yoğrulub.

– Gəlin var gələr gətirər, gəlin var gedər itirər.

– O necə olur?

– Gəlinin ayağı, çobanın dayağı. Gəlinin nəcibliyi onun oturuşundan, duruşundan, bir də iş-gücündən bilinir.

– Onda gərək qızı tanıyıb alasan.

– Anasına bax qızını al, qırağına bax bezini al.

-Axı,  belə də deyirlər ki, bacasının əyriliyinə baxma, tüstüsünün düz çıxmasına bax.

– Anası çıxan ağacı balası budaq-budaq gəzər. Hər kəsin şalı başına, başmağı da ayağına. Gəzən qızdan gəlin olmaz. Gəzən qızın qazancı ənlik-kirşan olar.

-Gəlin evin yaraşığıdır, cəlalıdır, bəzəyidir- belə də deyirlər axı.

– Evdə gəlin-gəlin, qaynana da qaynana olmalıdır. Yelkəni əyilən gəmidən danışmağa dəyməz.

Yeri gəlmişkən: Qızlarını uzaq bir kəndə ərə verdikdən sonra ata – anaya alaşıq-dolaşıq bir xəbər çatır ki, deməzsiniz bəs qızın qaynanası yaman deyingəndir. O qədər deyingəndir ki, onunla heç ilan da yola getməz. Elə ki, xəbər ataya-anaya çatır, onlar bir neçə qohum əqrabanı da götürüb onlara qonaq gedirlər.

Yay günü olduğundan qonaqlara həyətdə süfrə açırlar. Söhbət ordan-burdan düşür, hərlənir-fırlanır gəlinlə qaynananın necə yola getməsi üstündə dayanır. Qaynana arif adam imiş. Onlara heç nə demir, gəlini yanına çağırıb deyir:

– Ay gəlin, get bir qarpız gətir, kəsək yeyək, hava istidir. Gəlin içəri otağa keçib qucağında iri bir qarpız gətirir.

Qaynana qarpıza baxıb deyir:

– Bu kaldır, qaytar başqasını gətir.

Gəlin qarpızı geri qaytarır, yenə qucağında iri bir qarpız gətirir. Qaynana bunun da orasına-burasına baxıb deyir:

– Yox, bu da kaldır, ayrısını gətir.

Belə-belə gəlin qırx dəfə evə girib çıxır. Axırıncı dəfə qarpızı süfrəyə qoyduqdan sonra qaynana üzünü qonaqlara tutub deyir:

– İndi başa düşdünüzmü?

Hamı çiynini çəkir. Qaynana qayıdır ki, gördüyünüz bu qarpızdan savayı bizim evdə ayrı qarpız yoxdur. Bunu gəlin də yaxşı bilir. Mən bunu bilərəkdən edirdim. İndi özünüz deyin, bu cür sirrsaxlayan, üzüyola gəlindən kim inciyər?

-Bəs qızı necə ocağa vermək olar?

– Qızını dəli dəvəçiyə vermə, dəvəsi gedər, dəlisi qalar. Açmasını özünüz düşünün, yəni bu gün dəvə və dəvəçi olmasa da, varlı-hallı adamlar və onların insanlıqdan kənar oğulları var. Mal-dövlətə susayıb qızı hər yetənə vermək olmaz. Qız ağacı, qoz ağacı, hər yetən bir selbə atar, lakin birinə qismət olar. Qızım qız oturar qiymət gətirər, dulum dul oturar, töhmət gətirər.

-Ay qaynana, heç demədin gəlinini çox istəyirsən, yoxsa qızını?

– Gəlinimin paltar yuyanda əri gəlsin, qızım təndirə çörək yapan yerdə.

-Başa düşmədim.

–Başa düşməməklik nə var ki? Adam paltar yuyanda rəngi avazıyır və xəstəhal görünür, təndirə çörək yapanda isə rəngi çiyələk kimi qızarır. Bunun hansı yaxşıdır?

-Qızım özgə ocağı yandırar, gəlinin isə səninlə bir süfrənin qırağında oturar, hay deyəndə hayına yetişir.

-Qızım qovurğa qovuranda əri gəlsin, gəlinim qovurma qovuranda.

-Onun bir fərqi varmı?

– Uşaq deyilsən ki, bunların fərqin bilməyəsən. Buğda qovurulanda artır, ət isə qovurulanda azalır. Qızımın əli varlı olacaq, gəlinimin əli darlı .

-Ay qaynana, geydiyin əbrə ilə şal olsun, oğlunu öyrətsən dilin lal olsun- bunu gəlinlər deyirlər.

– Gəlindən qız olmaz axı. Qaynanalı gəlinin həmişə dilinin altında qənd olar. Adamınkı qızdır, yanan-dönən. Qızım oğul başı tumarlasın, gəlinim qız başı yusun. Qızım ər qucağında, gəlinim ev bucağında.

Yeri gəlmişkən:

Gəlinlə qaynananınkı əvvəldən düz gətirmirmiş. Onlar bir-birinin işinə qarışmaz, özləri ayrıca bişirib, ayrıca da yeyirmişlər. Ancaq hər axşam gəlin ərinə gileylənərmiş ki, bəs anası ona yemək vermir, o ac qalır. Qaynana isə heç nə deməzmiş.

Bir gün gəlin yenə də aclıqdan ərinə gileylənir. Bu səfər qaynana özünü saxlaya bilmir, oğluna deyir:

– Gəlinin nənəsi ölsün, o doğrudan da ac qalır. Dörd taqqır-tuqqur (kəsilmiş qoyunun ayaqları), iki baxar (kəsilmiş qoyunun gözləri), bir mələr (kəsilmiş qoyunun dili), bundan yazığın dişinə nə gələr? Bir başıdı, dörd ayaq, gəlin aşıdı bayaq. Yazıq nə yeyib ki...

Rəvayət:

İki qayınarvadı bacıların tündməcaz, bədxasiyyət qaynanaları varmış. Onlar arvadın qorxusundan, onun icazəsi olmadan bir şeyə əl vura bilməzmişlər.

Bir gün qaynana harasa getməli olur. Böyük bacı kiçiyə deyir:

– Acından ürəyim ovulub gedir.Yaman tökmüş arvad da çörəyi sayıb, indi neyləyək?

Kiçik bacı dillənir:

– Gəl bir az xəmir yoğurub fətir bişirək. Qaynanamız nə biləcək.

Onlar fətir bişirməyə başlayırlar. Elə fətir hazır olan zaman bir də baxırlar ki, budu ha qaynana gəlir. Bacılar tez-tələsik sacı bir tərəfə qoyub bişirdikləri fətiri harada gizlədəcəyini bilməyərək ora-bura vurnuxurlar.

Kiçik bacı eləmir tənbəllik fətirin ortasını deşır, xalatının altından tuman bağına bağlayır və xalatını düymələyir. Qaynana darvazadan içəri girən kimi bacılar adətləri üzrə onun qabağına gəlir, heç nə olmamış kimi onun qarşısında atılıb-düşməyə, qol götürüb oynamağa başlayırlar.

Böyük bacı fətirin düşəcəyindən qorxaraq oynaya-oynaya oxumağa başlayır:

Atdı bacı, tutdu bacı,

Allah, amanatdı, bacı!

Kiçik bacı onun nə demək istədiyini başa düşür, daha sürətlə oynayaraq oxuyur:

Atdı bacı, tutdu bacı,

Qorxma, bağı bərti, bacı!

Gəlinlərin hiyləsindən qaynana başmı çıxara bilərdi...

Hə, istəkli oxucular, biz dünəndən bir söhbət açdıq, keçmişdən danışdıq. Yəni bu söhbətlər ki var, onların anılma məqamı da məlum deyil. Ancaq bu məsəllərin bəziləri günümüz üçün öz əhəmiyyətini itirmiş olsa da, bəziləri indi də öz qədir-qiymətini qoruyub saxlayır. Hər halda bunlar qədim-qayım qaynanaların və gəlinlərin dünya görüşünə və məişətinə bir baxışdı. Keçmiş-keçmişdə qaldı. Bəs indi vəziyyət necədir? Növbəti dəfə indiki qaynanalardan və gəlinlərdən ətraflı  söhbət açacağıq.

Faiq Şükürbəyli,

 filologiya üzrə fəlsəfə doktoru