03 Mart 2025 11:34
145
MƏDƏNİYYƏT

Qazax memarlıq abidələrinin tarixi əhəmiyyəti

Azərbaycanın coğrafi mövqeyi və təbii zənginlikləri memarlığın təşəkkülünə və inkişafına müsbət təsir göstərən amillərdəndir. Qazax rayonunda yerləşən ”Avey” Dövlət-Tarix Mədəniyyət qoruğu zəngin tarixi memarlıq və arxeoloji abidələr diyarı kimi ən qədim daş dövrünün yadigarı olan “Avey” dağının adı ilə adlandırılıb. Qoruğun ərazisində olan: arxeoloji və memarlıq abidələri, daşınan və daşınmaz tarixi və mədəniyyət abidələri qoruğun əsas mülkiyyəti hesab olunur. Bu ərazilərdə yüzlərlə qədim paleolit, mezolit, enolit, orta əsr, tunc, mis dövrlərinin və sonraki tarixi əsrlərin mədəniyyət abidələri mövcuddur.   Qoruğun “Damcılı filialında” Avey dağında tapılmış mağaralar ən ibtidai və ən qədim insan məskənləri kimi qiymətlidir. Burada təbii mağaralarla yanaşı, qayaların içəriyə doğru uzanmış çıxıntılarının əmələ gətirdiyi süni mağaralar da vardır. Bu tipli mağaraların qara dam yaşayış evlərinin ən ibtidai forması olduğu güman edilir. Bölgədə olan tarix və mədəniyyət abidələri bu ərazilərdə xalqımızın minilliklər boyu yaşadığını sübut edir. Bu mədəniyyət nümunələri tariximizin daşlaşmış yadigarları olaraq xalqın tarixini təfəkkürünü yaşam tərzini keçmişdən bu günə bu günümüzdən gələcəyə götürür........

Gil, daş, metal, qiymətli daş, şüşə kimi cisimlər üzərində müxtəlif rəsimlərin iti uclu alətlər vasitəsi ilə oyulması həkkarlıq sənətini yaratmışdır. Daşın üzərində oyma üsulu insan, heyvan və başqa təsvirlər həkk etmək XII-XV əsrlərin dekorativ tətbiqi sənətləri üçün səciyyəvidir. 
Daş üzərində oyulmuş bəzək nümunələrinə qoruğun ərazisində bir neçə qrup məzar daşlarına rast gəlinir. Bunlar müxtəlif formalarda yonulmuş baş daşları, sənduqələr, at fiqurlu heykəllərdir. 

Ümumiyyətlə, daş kitabələr xalqımızın qədim tarixindən xəbər verən, ən dəqiq məlumatları özündə əks etdirən orijinal mənbələrdir. Orta əsr tariximizin, ədəbiyyatımızın, təsviri incəsənətimizin və mədəniyyətimizin araşdırılmasında da qeyd etdiyimiz bu kitabələr aparıcı rol oynamaqdadır.
Qəbirdaşları dəfn olunan şəxsin həyatda, cəmiyyətdə tutduğu mövqeyindən asılı olaraq müxtəlif səpkidə, formada və məzmunda bəzədilərdi. Aydındır ki, dövlətli şəxslərin məzarı daha bəzəkli və zərif işlənilirdi. Dəfn olunmuş şəxsin peşəsini əks etdirən təsvir kimi də istifadə edilirdi. Məsələn əgər qəbirdaşları üzərində gəncliyi, şücaəti əks edən qılınc, qalxan, at, qoç, qartal və s. təsvir edilibdisə bu o deməkdir ki, bu qəbir daşı gənc bir sərkərdəyə aiddir.  Hörmətli qoca bir şəxsin və ya ruhaninin qəbirdaşında isə təsbeh, qadın qəbirdaşı üzərində isə iynə, sap, qayçı, güzgü və s. rəsmlərə rast gəlirik.

Qəbir daşları üzərində bundan əlavə bir çox simvolik mahiyyət daşıyan rəsmlərə də rast gəlinir. Bunlardan islamı təmsil edən ay ulduzu, günəşi bildirən svastika və zolaqlı dairə və s. naxışları göstərmək olar. Bundan əlavə qəbirüstü daşlarda ölən adamın fəlsəfi kəlamları, görkəmli şairə və aşıqların sətirləri, dua, şifahi ədəbiyyatından gəlmə şerlər yonulur. 

Tarixdən məlumdur ki, Qoç heykəlləri, qəbirüstü abidələr, daş üzərində oymalar, “Çərxi-fələk”-svastikalar türk elində həmçinin Azərbaycan Türk yurdlarında qədim və orta əsrlərdə mifoloji və dini baxışlarla bağlı olmuşdur. Bunlar həm xalqımızın qədim mədəniyyətindən nümunələr, həm də estetik təsir bağışlayan sənət əsərləridir. Türk tayfalarında,  qoç  var-dövlətdən əlavə həmçinin qoçaqlıq igidlik mənasını ifadə etdiyi üçün əvvəllər  sərkərdələr, igid döyüşçülər, zadəgan əsilli insanların məzarları üzərində bir simvol olaraq qoyulmuşdur. 

Daş qoç fiquru Daş salahlı kənd qəbiristanlığında yerləşir. Yerli əhəmiyyətli, dekorativ və tətbiqi sənət nümunəsidir. Keçmişdə xalqımızın həyat və məişətində mühüm rol oynayan bu heyvan yalnız qəbirdaşlarında yox başqa sənət nümunələrində də öz əksini tapmışdır. 

Daşdan yonulmuş qoç fiquru yurdumuzun zəngin və rəngarəng təbiəti kimi doğrudan da müxtəlif və orjinal bədii üsullara malikdir.  Daş qoç fiqurunun uzunluğu 80-90 sm, hündürlüyü 50-60 sm olub.  Bu Daş qoç fiqurları başqa yerlərdəki abidələrdən həm real təsviri həmdə zəngin bədii tərtibatı ilə fərqlənir. 

Azərbaycanda qoç fiqurlu məzar daşlarından sonra ən çox yayılmış fiqur at olmuşdur. Bu da ulu babalarımızın  qoçla birlikdə atı da müqəddəs bir heyvan saydıqlarını göstərir. Yerli bərk boz daşdan yonulmuş bu at fiqurlarının uzunluğu 1,5 metr, hündürlüyü 85 sm, eni isə 35 sm-dir. At fiqurunun üstündə qabarıq səpkidə yəhər yonulmuşdur. Bundan əlavə atın üzərində saçaqlı çul və atçılıqda istifadə olunan qoşunlar (yüyən, cilov, üzəngi, və s) təsvir edilmişdir. Onlar yəhərə nisbətən xeyli səthi oyulduğu üçün elə bil ki, ikinci planda verilmişdir. Canlı təsvirlər at fiqurlarını qabaq ayaqları tərəfdə, döşə yaxın hissəsində həkk olunmuşdur. Daşdan yonulmuş at fiqurlarının Azərbaycanın müxtəlif yerlərində ayrı-ayrı vaxtlarda müxtəlif sənətkarlar tərəfindən hazırlanmasına baxmayaraq onları-bir-birinə bənzədən çoxlu əlamətlər var. Bu əlamətlər özünü onların ümumi ölçüsündə statik ifasında və xüsusilə dekorativ bəzəklərində biruzə verir. 

Sənduqə isə (3ədəd) VII-VIII əsrə aiddir. Daş Salahlı kənd qəbiristanlığında yerləşir. Yerli əhəmiyyətlidir, dekorativ tətbiqi sənət nümunəsidir. Bu qəbirdaşları öz zəngin bədii tərtibatı ilə yanaşı oyma üsulunun müxtəlifliyi ilə fərqlənir. Burada üzdən zərif, təkəldüz işlərini andıran oymalarla yanaşı, elə bil ki, burğulu deşilmiş bəzəkli çuxurlar və hətta ikiüzlü oyma işləri vardır. 

Bir sözlə, daşların üzərinə həkk olunan hər bir yazı, hər bir naxış xalqımızın daş yaddaşıdır. Ümumiyyətlə tarixi abidələri qorumaq, gələcək nəsillərə çatdırmaq isə hər birimizin vətəndaşlıq borcudur.  

 “Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun 
  Kiçik elmi işçisi Nağdalıyeva Tehran.