Qazi sözünün işığında - Əbülfət Mədətoğlu yazır

ƏBÜLFƏT MƏDƏTOĞLU
1965 | 2024-05-21 09:36

İstənilən söz adamı  ilham pərisi ilə və yaxud dəftər- qələmi ilə baş-başa qalanda tamam fərqli bir dünyanın sakini olur. Necə deyərlər cismi yanımızda, ruhu göylərdə gəzib- dolaşır.Bu da təbiidir.Çünki söz ilahi bir incidir- Tanrı payıdır.Bu vergi də, bu pay da hər adama verilmir.Deyə bilərsiniz ki, yanılırsan. Axı bir şair xalqıq!

Iradiniz haqlıdır.Lakin şair xalq o demək deyil ki, hamı şeir yazır.Hamı qələmlə, dəftərlə təmasda olur. Mən 100 faiz əminliklə deyirəm ki, Azərbaycanda insanların hamısının söz  demək, fikir çatdırmaq qabliyyəti var. Ammma bu bir misra , üç cümlə səviyyəsindədir. Ona görə ki, millətin aid olduğu coğrafiya və təbiət ona o ilhamın çınqılarını, qıığılcımlarını bağışlayır.Tutaq ki, gözəl bir ormanı görürsən, başı qarlı dağa baxırsan, şəlaləni seyr edirsən, dərə ağaşı axın edən dumanı izləyirsən...Yaxud da səhər - səhər şehli çəməndə lalənin, bənövşənin  ətrindən bihuş olursan...Bax həmin an ağlından keçən söz misradır, şeirdir.Amma sənin üçün, çünki həmin anı sən yaşadın.Həmin ana da sən münasibətini bildirdin.!

Bütövlükdə  isə  çəməni vəsf etmək, çəməni tərifləmək, onun özəlliklərini oxucuya çatdırmaq artıq sənin şeir yaradıclığındır, söz sənətinin sahibi olmaq imkanının göstəricisidir.Bu artıq  sənin  vasitənlə hamıya  çatdırılanda olur  ŞEİR! Və olur HAMININ!

Bu dediklərim mənim özəl  düşüncəmə aiddir...Öz yanaşmamın ifadəsidir.Ona görə də mükəmməl bir şeirin müəllifini şair sayıram.Beş cümləlik mükəmməl nəsrin müəllifini yazıçı sayıram.Və beləcə əvvəldə vurğuladığım şair xalqın içərisindən şairlər- yazıçılar çıxır ortaya.Hərəsi də öz sözünü yazır.Bu günlər stolüstü kitabım olan İmam Cəmillinin əsərlərini gözdən keçirmişəm.Həm şeirlərini oxumuşam, həm də nəsr əsərlərini. Düzdür, onun “Ədalət” qəzetində  çap olunmuş yazılarından imzasını tanımışdım. Sonra redaksiyada görüşdük.Ancaq sözün əsl mənasında onu mənə dəyərli ruh qardaşım Fazil Sənan böyük sevgi ilə təqdim etdi. Və dedi ki, ay qağa, bu İmam həm yaxşı söz adamıdır, həm də mənim Gəncədə güvəndiyim, sirrimi – sözümü bölüşdüyüm kişilərin birincisidir.

Fazil Sənanın bu təqdimatı mənim biraz toparlanıb, İmam Cəmillinin yaradıcılığı ilə maraqlanmağa həvəsləndirdi. Başladım oxumağa..
Bir arayış verim, İman Cəmilli Qarabağ müharibəsinin qazisidir.Birinci Qarabağ savaşında o da “Vətən!” deyib, səngərə atılıb.Özünümüdafiə dəstələrindən başlayıb döyüş yol. Doğulduğu Cəmilli kəndinin, and yeri  olan Kəlbəcərin uğrunda ölümün üstünə gedib. Köhnə kişilərin dediyi kimi əlində silah, ürəyində düşmənə nifrəti ifadə edən, bir- birindən maraqlı misralar, cümlələr...  Günlərin birində  sağlamlıq durumu, həm də yaşı ilə bağlı ordudan təxris ediləndən sonra ürəyindəkiləri vərəqlərə köçürmək imkanı qazanıb. Bu gün də ürəyindəkiləri yazır İmam Cəmilli. Özü də çox sadə, necə deyərlər elə- oba dilində söhbət edə- edə, göstərə- göstərə ..Bəzən pçıltı ilə, bəzən də qışqırtı ilə….

Mən onun poemaların oxuyanda  mövzuları bir- birinin  ardınca gedən  durna qatarı  olduğunu zənn etdim. Çnüki İmam Cəmilli “Ata”, “Ana”, “Məhəbbətin faciəsi”, “Qərbi Azərbaycandan Qarabağa məktub”, “Kəlbəcərdən gələn haray”, “Xatirələr”, “Ay Vətən”, “Dərdin yaxşısı olmaz” v.s kimi poemalarda özünün bir oğul yanaşmasını, sevgisini, həm də bu oğlun günahlarıını da eturaf etməklə qələmə alıb.

Təbii ki, Azərbaycanda ataya, anaya həsr edilmiş şeirlər, qoşmalar və nəğmələr yüzlərlədi. Onların hər birində də müəllif  öz sevgisini hopdurub obraza. Məsələn, İ.Cəmilli yazır:

Ata qeyrət rəmzi, qürur yeridir,
Sevginin, övladın həm sərhədidir.
Ata dəyanətim, sipər yerimdiir,
Ailədə Allahdır, Allahdan sonra.

Diqqət yetirsəiniz sadə və hamımızın bildiyimiz sözlərdir.Lakin biz onun belə bir qəlibdə, İmam Cəmillinin şeiri kimi oxuyuruq.Qazi şair bu sadə sözləri öz qələmi ilə şeir çevirib.  Yaxud İ. Cəmilli yazır:

 

Bu həyat dərsini almışam səndən,
İnciyən tapılmaz təmiz qəlbindən.
Həyata gözümü açdığım gündən,
Ömür uyuşduran mayamsan, ata.


“Ata” poemasından gətirdiyim bu nümunələr bir oğulun atasına sevgisini, güvəncini, onun ölmü ilə vuruşmaq istəyinə yardımçı olmaq, lap elə birbaşa desək, qılınc götürüb yolunu kəsmək  niyyətini də məramını da tam şəkildə  realaşdırmaq istəyir.. Özü də bunu şeirin dili ilə deyir.
“Ana”poemasındanda həmin duyğular misra-misra qanadlanır:

“Necə çəkim şəklini,
Bənzədim sənin özünə.
Fırçamla nur- işıq verim,
Yaxşi görməyən gözünə.

Dərddən tərpədə bilmirəm,
Donub- qalıb əl- ayağım.
Necə yaradım əksini?
Ömürlük onunla qalıım”

Anaya üz tutub bir oğul sevgisi ilə onun ağrısını, acısını, yurd-yuvasından, öz əli ilə qurduğu yuvasndan didərgin düşməyi bədii sözə çevirən İ. Cəmilli  folklorumuza da yaxşı bələddir. Çünki onun poemalarında yer verdiyi özünəməxsus bayatıları  da dərhal diqqəti çəkir. Məsələn:

Ürəyi vətən istər,
Geyməyə kətan istər,
Qərib ömrü boyunca,
Ölməyə vətən istər.
Yaxu da:

Anam hey vətən deyir,
Vətəndən ötən deyir,
Ay oğul, qismət ola,
Arzuma çatam deyir.

Ümumiyyətlə,  “Ana” poemasında şairin kövrək notları daha çoxdur. Bu da təbiidir.Çünki analar özləri dözümlü olduqları qədər də, kövrəkdilər.Əgər hər birimiz öz anamızı, ümumiyyətlə valideynlərimizi düşünsək, onların övlad üçün hansı çətinliklərə sinə gərdikllərini, hansı od- alovdan keçdiklərini göz önünə gətirib, onlara nə qədər borclu olduğumuzu dərk etmiş olarıq. Və belə bir məqamda şairin öz- özünə pıçıldayırmış kimi  dediyi kimi:

Durna gedir, qatardasan
Ürəkdəsən, məzardasan?
Mən hardayam, sən hardasan?
Səni gəzir gözüm, ana.
Adım vətən, sözüm ana.

Burda mütləq qeyd etməiyəm ki, 105 yaşında  (amma gəlin ulu Məmməd Arazın məşhur misrasını unutmayaq: “Ana itirmişəm, ana yaşında”-Ə.M.)haqqa qovuşan ana üçün ürəyi təşnə olan oğlun sevgisi qarşısında baş əyir. Məncə məhz bu sevgi “Ana” poemasını dünyaya gətirib. Ana həm də vətən olduğu üçün şair onun qarşısında diz çöküb, az qala üsyan edirmiş kimi deyir:
“Millətimə çağırışım var birbaşa,

Dayanmışam    altmışbeşlə   baş-başa.
Mən köçəcəm, sən bütövləş min  yaşa
Birləşməsək, olammasaq yenə tən
Məndən sənə oğul olmaz , ay vətən.

Yaxud :

Həqiqətin doğru üzü acıdır,
Zəmanəmiz ədalətin acıdır.
Qazi, şəhid haqsızlığa acıdı.
Vətənimdə budur bu gün görünən,
Məndən sənə oğul olmaz, ay vətən.


Şair bu poemanı yurd həsrətimizin hamımızı dara çəkdiyi   məqamda yazıb. Amma ürəyindəki ümidi, qisas məqamını bir an da olsa unutmayıbdı. Sanki o, böyük savaşın, 44 günlük müharibəmizin mütləq olacağın görürmüş.Ona görə də I Qarabağ savaşının acılarının içində qovrulmaqla, məğıubuyyətin acısının çəkdiyini də gizlətməyib.Açıq şəkildə bəyan edib ki, qisas qiyamətə qalmamalıdır.Qisas alınmalıdır.Çünki biz bu qisası almasaq, nə tarix, nə vətən, nə də övladlarımız bizi bağışlamaz. Ona görə də şair hər misrasında  Kəlbəcərin özəlliklərini oxucu yaddaşında təzələyir. Şuşanın baş tacı olduğunu bəyan edir, vətənin dünənini, bu gününü və sabahını  oxucu önünə çıxarır. İşğal olunmuş torpaqlarımızın hər qarşısına sevgisini, o torpaqlara daman şəhid qanının unudulmazlığını bizə diqtə edir.

Bəzi  məqamlarda hətta, elə bil ki, o, Vətəni, Vətən övladına hansı sözlə sevdirməyin bilicisi kimi çıxış edir.Və mən də bir oxucu kimi onu dinləyir, onu oxuyur və ona qoşuluram.

Azxı hər kəs doğulduğu ocağı özünün yarısı hesab edir.Bu mənada şairin Cəmilli kəndinə yazdığı qoşması poemada xüsusi diqqəti çəkir. O yazır ki:


Yaman göz qırılıbdı qeyrətin,
Halı tamam pərişandı ismətin,
Yeri yoxdur danışmağın, söhbətin,
yaşamaq da dərd- azardır, İlahi!


Mən İman Cəmillinin  poemalarıının bir ana xəttini diqqətə çatdırmaq istəyirəm . O da  bir qazi övladın vətən sevgisidir. i.Cəmilli vətənin həm qazisidir, həm də aşiqid. Onu həm sevir, həm də uğrund döyüşür.Vətən yolunda çəkdiyi ağrı-açını da mərd- mərdanə çəkməyi boynunun haqqı bilir.Onun üçün dünyada dərdsiz insan olmadığı kimi, çəkilməyən də dərd yoxdur. O yazır ki,

“Dərd var saman çöpüdür

Dərd var tuluq- tuluqdur.

Yaxud :

Dərd var çox, dərd də var az
Onsuzda bu dunyada
Dərdsiz insan tapılmaz!


Deməli bütün hallarda bu vətən bizimdir.Və onun vətən daşı olmaq, bizim bprcumuzdur.Həmin borcu anlayanda biz artıq vətəndaş oluruq.Deməli İ.Cəmilli də bütün poemalarında özünün vətən daşı olması üçün oda- közə vurmasını gizlətmir. Bunu da mərd kişi kimi edir. Çünki o, vətənin qazisidr. Və bu  qazi inanır ki vüsalın bayramı olduğu kimi, həsrətin də bayramı var. Bu bayram isə ocağına, yurduna qovuşduğun gün hesab olunur.Ona görə də böyük inamla dağlara üz tutur.  Yazır ki,

“Qoyma qəribsəyim aman günüdür,
Görüşünə mən gəlirəm, a dağlar.
Dizimdə gördüyün taqət qalmayıb,
Saçlarımda dən gəlirəm, a dağlar.

Ürəyimiz neçə illər oyulub,
Bağrım başı parçalanıb, soyulub.
Otuz illik həsrətə son qoyulub,
Sevinc boğur, şən gəlirəm, a dağlar. 


Bəli, mən Qarabağ qazisinin, vətən sevdalı İ. Cəmillinin poemaları haqda bir oxucu kmi duyduğum, qəbul etdiyim  bir şəkildə  dünüşcələrimi sizinlə bölüşdüm. Demək istədim ki, bu gün yaşının yaddaqalan, diqqət çəkən məqamını yaşayan , yəni 70-nin əlin sıxan İmam Cəmilli deyir ki, o, hər yerdə   Vətən axtarıb.Kəlbəcər soraqlayıb.Özü də yorulmadan usanmadan, həm də ümidllə axtarıb.Və nəhayət onun və bizim hamımızının ümidi böyük Zəfərlə reallığa çevirildi. Biz Şuşaya, Ağdama, Xocalıya, Zəngilana, Qubadlıya , Xocavəndə  qayıtdıq. Bütövləşdik.İndi də Zəngəzurun haqqını almaq üçün birlikdəyik. Bax elə həmin birliyin işığında bir oxucu kim İmam Cəmilliyə, Sözünün yolu açıq olsun !-deyirəm. Düşünürəm ki, özü də sözü də hər kəsə açıq olan İ.Cəmilli bundan sonra da yazıb- yaradacaq və bizləri öz sözünün qonağı edəcək. Uğurlar sizə, İmam Cəmilli, qazi qardaşım!

TƏQVİM / ARXİV