Ölkədə ən gözəl futbol infrastrukturası «Qəbələ»nindir. «Qarabağ»dan da, «Neftçi»dən də, «Səbail»dən də daha gözəl infrastrukturası var. Üçmü-dördmü stadionu var - biri oyun üçün, digərləri məşq üçün. Güclü bazası var, akademiyası var. Futbol üçün nə lazımdırsa hələ neçə il bundan qabaq «Qəbələ»də yaradılıb.
Dəfələrlə, hətta ailəmi götürüb Qəbələyə futbola baxmağa getmişəm. Və həmişə də məyus olmuşam. Məyus olmağıma da səbəb stadionda azarkeşlərin azlığı olub. Özü də stadion kənarda deyil ki, yol uzaq ola azarkeşlər gəlməyə ərinə. Belə demək mümkünsə, azarkeşlər həyətlərinin barından hoppansalar stadionun ortasına düşərlər. «Qarabağ», «Neftçi», «Turan-Tovuz»u çıxsaq, digər klublar da azarkeşlərdən aclıq çəkirlər. Futbolumuz tamaşaçısız teatra dönüb. Tamaşaçı alqışı olmasa aktyor necə oynaya bilərsə, tamaşaçısız futbolçu da elə oynayar.
«Sabah» bu gün liderdi. Çox gözəl oyun nümayiş etdirir. O gün baxıram, öz meydançasında oynayır, onun da tamaşaçısı yoxdur.
Qayıdaq Qəbələyə. Qəbələ respublikamızın ən füsunkar, səliqəli şəhərlərindən biridir. Niyə «Qəbələ»nin futbolçuları Bakıda yaşamalıdır? Buyursunlar öz doğma şəhərləri Qəbələdə yaşasınlar, insanların arasında olsunlar, bazara-dükana çıxsınlar, çayxanalarda çay içsinlər, qəbələlilərlə doğmalaşsınlar. Gör nə qədər adam onlarla şəkil çəkdirmək istəyər, çay içmək istəyər, dostlaşar, onu meydanda görmək üçün stadiona gedər.
Çox təəssüf ki, on iki klubda oynayan bütün futbolçular Bakıda yaşayır.
Niyə «Turan»ın futbolçuları Tovuzda yaşamasın? Əsrik dərəsinin təmiz havasını dadmasın?
«Kəpəz» Gəncəyə köçəndən, öz doğma meydançasında oynamağa başlayandan sonra görün, Tovuzdakı kimi, stadiona nə qədər azarkeş gəlir, oturmağa yer də tapmayacaqlar.
Nə isə…


Bakı -°C
