adalet.az header logo
  • Bakı -°C

QORXU VƏ SEVİNC GÜNÜ - Kəmalə Abiyeva yazır

KAMALƏ ABİYEVA
47 | 2026-06-01 11:37
A- A+

(Uşaqların Beynəlxalq Müdafiə Gününə)

İnsanların həmişə nəyəsə ehtiyacı olur. Təbii, mənəvi, maddi... Bir də adamı heyrətə salan qorunmaq ehtiyacı var. Yox, təbii fəlakətlərdən demirəm, bir-birindən qorunmaq. Bir anlıq hər birimiz düşünək:həmişə  bir-birimizdən qorunmaq, müdafiə olunmaq ehtiyacımız niyə olsun? Bu nə ağır yükdür. Nə sarsıdıcıdır.
Bir də uşaqlar var. Daha dəqiq, 1 iyun uşaqların Beynəlxalq Müdafiə Günü var. Beynəlxalq gün! Bütün dünyada bayram kimi qeyd olunan gün.

Bu günü qadınlarımız tarixiləşdirib. “Niyə” si maraqlıdır. Önəmlidir. Bu günün qeyd olunması qadınların – anaların dünyaya "müharibələrə yox” mesajıdır.
Dünyanı Analar idarə etsəydi...

Hələ Birinci Dünya savaşından dəhşətə gələn ingilis sosial reformçusu Eglantye Jebb (1876 – 1928) kimi. Müharibənin gətirdiyi acıları anlayan xanım səfalətə düçar olan, aclıq çəkən Avstriya və alman uşaqlarına yardım etmək üçün 1919 – cu ildə "Uşaqları xilas edin” (Save the Children) fondu yaradır. 1959 – cu ildə BMT tərəfindən müəyyən redəktə, dəyişikliklərlə qəbul olunan, 1989 – cu ildə isə Uşaq Hüquqları Konvensiyasının təkanvericilərindən olan ilk Uşaq Hüquqları Bəyannaməsinin ilkin variantını da 1925 – ci ildə E. Jebb hazırlayıb. 1 iyun 1950 – ci ildə "Qadınların Beynəlxalq Konfransı”nda isə təkliflər səslənib və BMT-nin Baş Assambleyası tərəfindən 1 iyunun Uşaqların Beynəlxalq Müdafiə Günü kimi qeyd olunması qərara alınıb. Bu günü biz də qeyd edirik. Hər il müxtəlif maraqlı tədbirlər hazırlanır, uşaqlara "sənin bayramındır” deyirik - nə gözəl. Simvolik olaraq - bayram kimi qeyd etsəydik sevinərdim. Sevinclidir, amma bu sevinc ağrılı, ağlayan sevincdi. Çünki uşaqları - dünyamızı müdafiə etməyə - qorumağa məcburuq, ehtiyacdı artıq. Yada salmalıyıq uşaqları - yadımıza salmalıyıq. "NİYƏ”si narahat edir. Yəqin ki, bu "niyə” savaşlara qarşı "Durun! Dayanın!” harayıdı.
Vikipediyadan öyrəndim ki,  "Uşaq Hüquqları Bəyənnaməsi"ndən əlavə 1989-cu ildən bütün dövlətlərin qəbul etdiyi "Uşaq Hüquqları Konvensiyası]" da (UHK) mövcuddur..

Təəssüf ki, bunu qəbul edən ölkələr müharibə edir.

Yenə düşünək: Bu nədir? Dövlətlər özü özüylə oyunmu oynayır? Bir-birinimi aldadır?
Bütün insanlar müharibə istəyə bilməz. İstəmir də. Hamı öləcəyini bilir, niyə bir-birini öldürsün ki?
İnsanlar bir-birindən qorunmaq üçün evlər, məhlələr, kəndlər, şəhərlər, dövlətlər - sərhədlər yaratdılar. İnsanların ağlı, savadı, dünyagörüşü artdıqca sərhədlər də artıb, möhkəmlənib, daha güclü qorunub. Atom fizikası, radioaktivlik, nüvə reaksiyaları - filan keçirdim uşaqlara. Hələ 2500 il əvvəl Demokrit cisimlərin kiçik zərrəciklərdən - atomlardan təşkil olunduğunu deyib. Atomun quruluşu 25 əsrə yaxın öyrənilib, hələ də öyrənilir. Bapbalaca atom bəşəriyyəti həmişə təəccübləndirir. Bəlkə Bekkerel təsadüfən radioaktivliyi - nüvələrin özbaşına şüalanmasını müşahidə etməsəydi, Pyer və Mariya Kurilər, ya başqa alimlər bu hadisəni tədqiq etməsəydi, Pezorford da atomun quruluşunu verə bilməzdi. Nüvə reaksiyaları da öyrənilməzdi, nüvə silahları da yaranmazdı…Nə bilim o qədər fikir yürüdürəm ki. Yəqin Demokrit, Bekkerel, Rezorford kimi nəhənglərin ağlına gəlməyib ki, insanlar atomu öyrənə - öyrənə bir gün kütləvi qırğın silahları düzəldəcək bir-birlərini məhv etməkçün. Təbiiki atomu əvvəl-axır kimsə kəşf edəcəkdi.  Və bir gün sevginin yavaş-yavaş öləcəyi gümanlıqdan çıxacaqdı.

Müharibə adamyeyən divdi, yeddibaşlı əjdahadı, təpəgözdü. Onlar haqqında anaların, nənələrin danışdığı nağıllarda eşitmişdik. Boşuna deyilmiş, yalan deyilmiş. Ana və nənələrin nigaran duyğularıymış, bir gün bu adamyeyənlərə qalib olmaq ümidiymiş nağıllar. Böyüdükcə anladım bunu:

Nağıllar anaların uydurduğu ümidlər,
ümidlər anaların uydurduğu nağıllardı.

Uşaqları qorumaq kimi ehtiyacımız varsa – insanlığı qorumağa ehtiyacımız var, deməli sevgi ölür. Yəni tarix boyu çəkişmələrin, müharibələrin baş verməsini heç cür ağlım almır. Hamı həyata bir dəfə gəldiyini, necə yaşasa da öləcəyini bilir, özü də dəqiq bilir, güman yeri olmadan bilir. Nəinki ayrı-ayrı insanların, dövlətlərin də "mənəmlik iddiası”nı başa düşmürəm. Niyə döyüşürlər, niyə müxtəlif bəhanələrlə həyatı cəhənnəmə döndərirlər? Sonra da deyillər "cənnət o biri dünyadadı”. Dünyada səfil, ac-yalavac, evsiz-eşiksiz bu qədər insan varsa, nəhəng, demokratik dövlətlər niyə silaha bu qədər pul xərcləyir? Öz nəhəngliyini qorumaq üçünmü? Əgər insanlar silah düzəldirsə, deməli sevgi ölür. Müharibə sevginin məğlubiyyətidir.

Müharibə-İnsanlığın faciəsi, fəlakəti,
Müharibə inasanların bir-birinə xəyanəti.
müharibə ölüm yağışı-göz yaşı, göz yaşı, göz yaşı...
Bircə damcı göz yaşına dəyməz vallah, min cür silah.
Bircə damcı göz yaşıdı, İnsan qanıdı
edə biləcəyimiz ən böyük günah.

Bu günahdan qorunsaq əgər!
Əslində insan həyat uğruna, xoşbəxtlik uğruna savaşmalı, yaşamalıdır. Xoşbəxt günləri qeyd etməliyik biz. Təntənə ilə qeyd etməliyik; Uşaqların Beynəlxalq Müdafiə günü kimi. Sadəcə bir bayram günü kimi. Qorxuyla, göz yaşıyla deyil, bayram kimi. Sevinclə.
Bu il də bu gün qeyd olunacaq müxtəlif ölkələrdə. Şənliklər olacaq, mahnılar oxunacaq, uşaqlara hədiyyələr alınacaq...
Uşaqlar xoşbəxt olacaqmı?
Dünyamızın qaynar qazana bənzədiyi bir vaxtda nə arzulamaq olar? Rahat, güllə səsi eşidilməyən günlər, sülhdə yaşamaq. Mən də bütün dünyamıza bunu arzulayıram.

 

TƏQVİM / ARXİV