adalet.az header logo
  • Bakı -°C
15 May 2026 13:15
90
ƏDƏBİYYAT
A- A+

Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" kitabı nəşr olundu

Milli İrsi Mədəni Tarixi Araşdırmalar (MİMTA) Fondunun nəzdində fəaliyyət göstərən "MİMTA Yayımları"nda tanınmış şair Qulu Ağsəsin "Saat 6-nı gözləyirəm" adlı esselər toplusu işıq üzü görüb.

Adalet.az xəbər verir ki, kitabda müəllifin daxili dünyasını, səmimi etiraflarını və qeyri-adi müşahidələrini əks etdirən müxtəlif mövzulu esselər toplanıb. Müəllif Qarabağ mövzusu, milli kimlik, sevgi və tənhalıq kimi məsələləri bəzən ironik, bəzən isə dərin fəlsəfi baxışla sorğulayır.

"Hər söz bir xatirədir. Hər xatirə bir yara... Və bəzən insan bütün ömrünü o yaraları sözlə sağaltmağa sərf edir..."
Qulu Ağsəs bu kitabda oxucunu öz yaddaşının dərinliklərinə aparır – uşaqlıqdan başlayan yol, şeirə çevrilən talelər, itirilmiş torpaqların ağrısı və susmayan daxili səs bu yazıların ana xəttini təşkil edir. Müəllifin qələmindən çıxan bu əsər sadəcə esselər toplusu deyil – düşüncəsini sözə çevirməyi bacaran bir insanın mənəvi gündəliyidir. Kitaba adını verən “Saat 6-nı gözləyirəm...” ifadəsi isə hər kəsin içində səssizcə gözlədiyi o xüsusi anın rəmzidir.

Həm poetik dilin incəliyini, həm də həyatın mahiyyətini axtaran oxucular üçün nəzərdə tutulan bu toplu müasir ədəbiyyatımızın dəyərli nəşr nümunələrindən biri kimi qiymətləndirilir.

Kitabı "Litera" kitab evi və şəhərin digər kitab mağazalarından əldə etmək olar.