Qurban Qurbanov: "Qarabağ" çox vacib səfərə çıxacaq"
"Qarabağ" çox vacib səfərə çıxacaq.
Adalet.az xəbər verir ki, bunu Ağdam təmsilçisinin baş məşqçisi Qurban Qurbanov UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Tvente" (Niderland) ilə ilk matçından öncə Bakıda təşkil edilən mətbuat konfransında deyib.
Mütəxəssis qarşılaşmaya ciddi hazırlaşdıqlarını bildirib:
"Çox vacib səfərə çıxırıq. Köhnə, tanış komandadır. İlk xoş xatirələrimiz həmin stadionda olub. İnanıram ki, qələbə qazanmaq üçün futbolçular əllərindən gələni edəcəklər. Sabah səhər məşqçimiz var. Komandanı hazırlamağa çalışacağıq. İnanıram ki, futbolçuların təcrübəsi özlərini idarə etməyə yetəcək".
O, komandanın çətin dönəmdən keçdiyini deyib:
"Həm insan, həm idmançı, həm də klub çətinliklərlə böyüyür. UEFA Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanmaq istəyirik. Oyuna ciddi hazırlaşmışıq. Bundan da çətin dönəmlərdən keçmişik".
Q.Qurbanov "Tvente" ilə əvvəlki qarşılaşmaları yada salıb:
"Tvente" ilə əvvəlki oyunlarda daha hazırlıqlı və istəkli idik. Bunu hazırkı durumumuza, zədəli futbolçuların olmasına görə deyirəm. O vaxt təcrübəli futbolçularımız daha çox idi. İndi dinamik oyunçularımızın sayı daha çoxdur. Kim sona qədər dözə bilirsə, o da qalib gəlir".
Qeyd edək ki, "Tvente" – "Qarabağ" qarşılaşması avqustun 20-də, Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Cavab matçı avqustun 27-də, saat 20:00-da Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.


Bakı -°C

