29 Sentyabr 2025 10:04
91
ELM VƏ TƏHSİL

“Oğlan uşağını üstünlük bilən ailələr bunu düşünürmü?”

“Deyə bilərəm ki, məktəb cəmiyyətin sosial vəziyyətini ifadə edə bilən ən güclü ölçü meyarlarından biridir. Ölkədəki iqtisadi- sosial durumu asanlıqla məktəbin vasitəsilə müəyyən edə bilirik. Buna misal olaraq, şagirdlərin geyim - keçimi, davranışı və təbii ki, sayını göstərmək olar. Bəzi ərazilərdə şagird sıxlığı olsa da, ümumilikdə hər il şagird sayında ciddi azalma müşahidə olunur. Birinci  sinfə müraciətdə şagirdlərin ildən- ilə  sayının azalması və oğlanların çoxluq təşkil etməsi həyəcan təbilini çalır”.

Bunu Adalet.az-a Laçın rayonu P.Məmmədova adına 46 nömrəli tam orta məktəbin ingilis dili müəllimi Səbinə Əsədova deyib. 

S.Əsədova bildirib ki, şagirdlərin azlığı dərs prosesində həm üstünlük, həm də çatışmazlıq yaradır: 

“Bəzən az uşaqlarla işləmək rahat görünür – diqqəti bölmək asan olur. Amma əslində, o coşqu, rəqabət, canlı müzakirəni azaldır. Digər tərəfdən, oğlanların çox olması sinifdə öz təsirini göstərir. Onların enerjisi, hərəkətliliyi bəzən dərsi istiqamətindən yayındırır. Müəllim kimi  borcumuz təkcə dərsi öyrətmək deyil, həm də hər kəsə bərabər imkan yaratmaqdır. Lakin qeyd etdiyim bu iki məsələ çox ciddi şəkildə nəzərə alınmalıdır. Bu işlə məşğul olan qurumlar nələrsə etməlidir. Əks təqdirdə oğlanlarımız gələcəkdə kiminlə evlənəcək ?! Oğlan uşağını üstünlük bilən ailələr bunu düşünürmü? İslamda bir kişinin bir neçə zövcəsi məqbul sayılırdısa, gələcəkdə dövran tərsinəmi dönəcək? Bəlkə fərqində deyilik, bəlkə hamımız indi oğlumuz olsun "başımız uca olsun" yanaşması ilə baxırıq, amma  qadın görkəmində, qadın xislətində olan "oğlanlar" sizin gələcək barədə təsəvvürlərinizi oyatmırmı? Bəlkə bu gün bizim oğlumuz deyil, amma sabah bizim nəvələrimiz olacaq onlar”. 

Qeyd edək ki, boşanmalar, oğlan uşağı istəmələr, tək övlad istəmələr demoqrafik vəziyyətə çox pis təsir edir. Əhalinin təbii artımının hansı vəziyyətə düşdüyünü son 7 tədris ilində I sinfə gedən uşaqların sayında görə bilərsiniz: 

2019-2020-ci tədris ilində 159 min 644 uşaq birinci sinfə getmişdi; 2020-2021-ci tədris ilində 165 min 511 uşaq birinci sinfə getmişdi; 2021-2022-ci tədris ilində 153 min 312 uşaq birinci sinfə getmişdi; 2022-2023-cü tədris ilində 151 min 560 uşaq birinci sinfə getmişdi; 2023-2024-cü tədris ilində 137 min 862 uşaq birinci sinfə getmişdi; 2024-2025-ci tədris ili üzrə bu rəqəm 132 min 261 olmuşdu. 2025-2026-cı tədris ili üzrə isə I sinfə 130 min uşaq başladı.

Vasif ƏLİHÜSEYN