“Müsabiqəni ədalətli təşkil edə bilmirlər...”
“Azərbaycanda, demək olar, bütün ədəbi mükafatların iflasa uğramasının yalnız bir səbəbi var: müsabiqəni ədalətli təşkil edə bilmirlər. Bizdə ümumiyyətlə müsabiqə mədəniyyəti formalaşmayıb. İndiyədək təşkil edilən bütün müsabiqələrin aqibəti bunu göstərir. Hər dəfə postfaktum məlum olur ki, komissiya üzvləri bu və ya digər şəkildə üzgörənlik eləyib. Bir dəfə tamahsınıb, Mədəniyyət Nazirliyinin keçirdiyi tərcümə müsabiqəsinə əsər təqdim eləmişdim. Orda komissiya üzvlərindən birinin, konkret olaraq, məni sıradan çıxarmaq üçün necə hoqqalar verdiyini öyrənəndə əlim üzümdə qalmışdı. Özü də ədalətsizcəsinə və mənim tərcümələrimin keyfiyyətini bilə-bilə! Bu adam təkbaşına bütün digər komissiya üzvlərinin üzünü yenməyi bacarmışdı. İnsanlar müsabiqə komissiyalarına inanmır, bu böyük problemdir”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Etimad Başkeçid deyib.
O, bildirib ki, komissiyalar da insanların ən pis təxminlərini və gümanlarını doğrultmaq üçün hər şey edirlər:
“Ağzıbütöv, sözübütöv, ədəbiyyatdan, sənətdən başı çıxan, qərəzsiz, vicdanlı bir neçə adam tapmaq nə çətin işdir axı? Niyə eyni adam(lar) ölkədə təşkil edilən bütün komissiyaların içindən zühur eləyir? Əziz dostlar, gözəl insanlar, ədalətli ədəbiyyat müsabiqəsi təşkil etmək çətin deyil. Bizim şəraitdə nə qədər inanılmaz görsənsə də! Əvvəla, müsabiqənin məqsədi və hədəfi müəyyənləşməlidir: bu müsabiqə nə üçün keçirilir? Biz yeni müəlliflər, təzə imzalar üzə çıxarmaq istəyirik, yoxsa hansısa janrı populyarlaşdırmaq məqsədi güdürük? Müsabiqəni kimlər üçün keçiririk: yeni yazmağa başlayan müəlliflər, yeniyetmələr, professionallar və s.? Hansı janrlardan söhbət gedir: nəsr, poeziya, fentezi, qarışıq janr? Bu detallar müəyyənləşməsə, dəyərləndirmələrdə böyük bir hərc-mərclik yaranır. Həmişə olduğu kimi. Bütün bunlar ona görə lazımdır ki, müəlliflər kriteriyaları bilsin; jüri isə öz yanaşmasını formalaşdırsın. Başqa bir məqam: müəlliflərin anonimliyi gözlənilməli və təmin olunmalıdır. Burada ədalət prinsipinin ən əsas elementi budur: müəlliflər mətni imzasız göndərir; təşkilatçı mətnləri nömrələyir; jüri yalnız kodlaşmış, imzasız mətnə işləyir. Beləcə, şəxsi simpatiyalar, tanınmışlıq, filan kimi elementlər ortadan qalxmış olur. Daha bir məqam: dəyərləndirmələrin mümkün qədər dəqiq kriteriyaları müəyyənləşməlidir: məsələn, dilin ifadəliliyi, süjet və kompozisiyanın məntiqi, dinamikası, ideyanın orijinallığı və s. kimi məsələlərin hər biri üzrə 1-dən 10-a qədər ballar qoyula bilər. Komissiya üzvlərinin hər biri mətni ayrıca oxumalıdır, bir yerə toplaşıb “gəlin bunu belə eləyək, onu elə eləyək” deyə hərə öz namizədini sırımağa çalışmamalıdır. Birmənalı olaraq, artıq dərc olunmuş əsərlər müsabiqədə iştirak etməməlidir! Hər hansı manipulyasiyaya yiol verilməməsi üçün. Ən əsası, barıt quru olmalıdır – bir işi həvalə etdiyiniz adamların, jüri üzvlərinin möcüzəvi şəkildə qərəzsiz olması, qaydalara adam balası kimi doğru-dürüst riayət eləməsi nəzərdə tutulur. Bunsuz heç başlamağa dəyməz. Onsuz da, zaman keçir, əvvəl-axır hər şey hər kəsə bəlli olur!”.
Vasif ƏLİHÜSEYN
Digər Xəbərlər
24 Oktyabr 2026 17:12
İlyas Əfəndiyevin xatirəsi Bakı Bələdiyyə Teatrında yad edildi
24 Oktyabr 2026 17:10
XII BEYNƏLXALQ BAKI KİTAB SƏRGİSİ — DÜNYANI BİRLƏŞDİRƏN SÖZ, ƏDƏBİYYAT VƏ MƏNƏVİ DƏYƏRLƏR
24 Oktyabr 2026 17:06
Ayaz Arabaçının ŞEİRLƏRİ
23 Oktyabr 2026 20:22
Bakıda “Çanaqqaladan Bakıya – Ortaq Sivilizasiya” sərgisi açılacaq
23 Oktyabr 2026 16:11
“Bu gün islam dünyasında baş verənlərin bir adı var: Cəhalətin Renessansı!”
22 Oktyabr 2026 12:57
Özü taleyindən gözəl sənətkar - Əntiqə Kərimzadə yazır…
21 Oktyabr 2026 18:24
Havalı Alı - Rüstəm Dastanoğlunun yeni hekayəsi
21 Oktyabr 2026 13:39


Bakı -°C

