adalet.az header logo
  • Bakı -°C
28 Fevral 2026 20:05
87
SİYASƏT
A- A+

Yaxın Şərqdəki ağır müharibənin detalları... - Səxavət Məmməd yazır

ABŞ və İran arasındakı siyasi gərginliyin məntiqi nəticəsi olaraq hərbi toqquşma baş verdi. ABŞ "Abraham Lincoln" aviadaşıyıcısını Yaxın Şərqə göndərəndə qeyd edirdim ki, təkcə sözügedən aviadaşıyıcı ilə İrana hücum edib nəticə əldə etmək mümkün deyil. Hətta ABŞ yalnız "Abraham Lincoln" ilə belə bir hücuma keçməzdi. Ancaq "Gerald R. Ford" aviadaşıyıcısının da regiona göndərilməsi toqquşma ehtimalını artırdı və buna görə də baş verənlər sürpriz olmadı.

Siyasi gərginlik başlayandan bəri ABŞ ilə İran arasında Cenevrədə iki dəfə görüş keçirildi, lakin heç bir nəticə əldə olunmadı. Bunun əsas səbəbi nə idi? ABŞ elə şərtlər irəli sürürdü ki, nəinki İran, ümumiyyətlə, özünə hörmət edən heç bir dövlət bu şərtləri qəbul etməzdi. ABŞ da bilirdi ki, İran bu şərtləri yerinə yetirməyəcək. Niyə? Çünki təzyiq vasitəsi kimi "Abraham Lincoln" göndəriləndə İranın reaksiyası çox sadə oldu: "Müharibə istəyirsinizsə, edək". Hətta "Gerald R. Ford" gələndə də İranın mövqeyi dəyişmədi.

Bu gün İsrail və ABŞ-nin İrana birgə hücumları həm də ABŞ-nin çarəsizliyinin göstəricisidir. Eynilə Rusiyanın Ukraynaya hücumu kimi. Niyə belə yazıram? Hesab edək ki, ABŞ İrandan istədiyini masa arxasında ala bilmədi. Milyonlarla vəsait xərcləyib Yaxın Şərqə gətirdiyi aviadaşıyıcıları heç nə olmamış kimi geri qaytaracaqdı? Qaytarsaydı nə olacaqdı? "Abraham Lincoln" regiona göndəriləndə yenə "təlimlər" bəhanəsi tapılmışdı, ancaq ikinci aviadaşıyıcı gələndən sonra artıq heç bir bəhanə qalmadı: Ya hücum etməli, ya da "suyu süzülə-süzülə" geri qayıtmalı idilər. Əgər ABŞ o boyda gücü oraya yığıb, heç bir siyasi güzəşt qoparmadan (İranın nüvə proqramını dayandırması, raket sınaqlarına son qoyması və s.) gəmiləri geri çəksəydi, bu, dünya tarixinə "ən bahalı gəzinti" kimi düşərdi. Bunu təkcə Trampın eqosuna, hikkəsinə bağlamaq olmaz; faktiki olaraq İsrail bu hücumda həlledici faktordur.

İlk hücum

Bu məqamda 12 günlük toqquşmaya qayıtmamaq olmaz. Həmin vaxt İsrail 300 döyüş təyyarəsi ilə hücum həyata keçirmişdi. Bu hücumdan əvvəl isə İsrail casusları İran daxilində hərbi diversiyalar törətmişdilər. Faktiki olaraq nüvə alimləri və generallar aviazərbələr nəticəsində deyil, məhz daxili əməliyyatlarla öldürülmüşdü.

Bu gün səhər saatlarında başlayan hücum isə xeyli fərqlidir. Bu dəfə döyüş təyyarələri ilə deyil, qanadlı raketlərlə zərbələr endirildi. Bunun əsas səbəbi İranın 12 günlük toqquşmadan dərs çıxarması və yeni Hava Hücumundan Müdafiə (HHM) sistemləri alması ilə birbaşa bağlıdır. İndi İrana endirilən zərbələr ölkə daxilindən deyil, kənardan həyata keçirilir. Halbuki 12 günlük toqquşmada İsrail təyyarələri İran səmasında "at oynadırdı".

İlk günkü toqquşma həm də onunla diqqət çəkir ki, İranın cavabı gecikmədi. Əvvəlki toqquşmalarda İran ilk reaksiyanı vermək üçün saatlarla gözləyir, animasiyalar yayımlayır və yalnız gecə saatlarında cavab verirdi. Bu dəfə isə İranın cavabı daha çevik, çoxşaxəli və effektivdir.

Sual yarana bilər: İran HHM sistemlərini gücləndiribsə, niyə hələ də zərbə alır? Cavab sadədir: HHM sistemlərinin bir nömrəli düşməni "kütləvilik"dir. Ona görə də həm İrana, həm də güclü HHM-i olan İsrailə raketlərin düşməsində qeyri-adi bir şey yoxdur.

Regional mesaj və beynəlxalq hüquq

İran eyni vaxtda İsrail, Qətər, BƏƏ, Bəhreyn, İraq (Kürdüstan), Küveyt və İordaniyaya zərbələr endirir. Faktiki olaraq İran dünyaya və regiona mesaj verdi ki, o, müharibəyə hazırdır və "dili qədər diyirçəyi də var".

Hücumun beynəlxalq hüquqa uyğun olması iddiası isə sadəcə cəfəngiyyatdır. ABŞ hətta öz Konqresindən icazə almayıb, yalnız bir neçə konqresmenin məlumatlandırıldığı deyilir. ABŞ iddia edir ki, İran nüvə silahı əldə edə bilər, buna görə də onu cəzalandırır. Amma xatırlayaq: İraqda bioloji silah tapılmadı, "demokratiya" gətirilən ölkələrdə minlərlə dinc insan öldü, milyonlarla insan didərgin düşdü. Ancaq demokratiyanın "D"ni görən olmadı.

Bəziləri iddia edir ki, ABŞ və İsrail dinc əhalini hədəf almır. Bəs qızların oxuduğu məktəbin raketlə vurulması və 50-dən çox şagirdin həyatını itirməsi? ABŞ-ni və İsraili İran xalqı maraqlandırır? Qətiyyən! Onlara yalnız boyunduruq altında olan dövlətlər lazımdır. Misir, Böyük Britaniya və Fransa İranın körfəz ölkələrinə zərbələrini qınayır. Necə olur ki, İran zərbə endirəndə "pis", ABŞ və İsrail endirəndə "yaxşı" olur? Bəs ədalət?

Bilirəm, oxuduqca irad tutmağa çalışırsınız ki, dünyada ədalət ölüb. Mənim dünyamda o hələ yaşayır. Nə İran vecimədir, nə ABŞ, nə də İsrail...

Əməliyyatlara gəldikdə isə qısa zamanda ABŞ və İsrailin nəticə alacağı gözlənilən deyil. İran müdafiə olunduqca proseslər daha da dərinləşəcək. Beynəlxalq dəstək təbii ki, ala bilməyəcək, ancaq Rusiya və Çindən daha çox dəstək alacaq. Hətta Rusiya və Çin maksimum çalışacaq ki, müharibə uzansın, ABŞ Yaxın Şərq bataqlığında çabalasın. Eynən Rusiya Ukrayna bataqlığında çabaladığı kimi...