adalet.az header logo
  • Bakı 13°C
03 Dekabr 2022 11:06
1971
MÜSAHİBƏ

Rada Abbas: "Əlilliyi olan müharibə veteranı qadınları üçün konkret dövlət proqramı olmalıdır" - MÜSAHİBƏ

Radə Abbas: “Əlilliyi olan və müharibə veteranı qadınları üçün dövlət proqramı hazırlanmalıdır”

Beynəlxalq Əlillər Günü bütün dünyada hər il dekabrın 3-də qeyd edilir və bu barədə 1992-ci il dekabrın 14-də BMT Baş Assambleyasının qətnaməsi qəbul olunub. Onun hədəfi — ictimai həyatın bütün sahələrində əlillərin hüquqlarının qorunması və geniş ictimaiyyətin diqqətini onların problemlərinə yönəltməkdir.

Bu gün Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasla bu mövzuda söhbətləşəcəyik.

- Radə xanım, Siz necə düşünürsünüz, bu gün dünyada , eləcə də Azərbaycanda əlil şəxslər cəmiyyətin diqqət mərkəzinə düşə bilirlərmi? Lazımınca qayğı görürlərmi?

- Əlillər bütün dünya da, bütün cəmiyyətlərdə ən həssas təbəqə kimi dəyərləndirilir. Bütün dünyada fiziki imkanları məhdud olan insanlar həssas təbəqə olduğu üçün dövlətlər və cəmiyyətlər səviyyəsində onlara qayğı göstərilir, onların reabilitasiyası, məşğulluqlarının, başqalarının asılılıqlarının azaldılmasının təmin olunması istiqamətində konkret addımlar atılır. Həm dünyada, həm də Azərbaycanda . Azərbaycanda əlilliyi olan şəxslərin sosial müdafiəsi və tibbi-sosial reabilitasiyası dövlətin sosial siyasətinin mühüm tərkib hissəsidir. Həssas təbəqənin qayğı ilə əhatə olunması sahəsində Ümummilli liderimiz Heydər Əliyev tərəfindən əsası qoyulub və onun davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin siyasəti ilə davam edir. Hətta cənab Prezident çıxışlarının birində “Mən çox istəyirəm ki, Azərbaycanda yaşayan bütün əlillər cəmiyyətın formalaşmasında fəal rol oynasınlar. Yəni, onlar cəmiyyətdən təcrid edilmiş vəziyyətə düşməsinlər”- deyə bəyan etmişdi.

- Azərbaycanda əlillərə qayğını qənaətbəxş hesab etmək olarmı?

- Bütün dünyada olduğu kimi, sonradan qazanılma xəstəliklər , yaxud anadangəlmə xəstəliklər , müxtəlif qəza hadisələrindən yaranmış əlillik dərəcəsi almış insanlar Azərbaycanda da kifayət qədərdi. Nəzərə alsaq ki, 30 ildir torpaqlarımızda müəyyən aralıqlarla müharibə gedib, dinc insanlar toplu şəkildə Ermənistan ordusu tərəfindən öldürülüb,işgəncələrə məruz qalıb, orqanlarını itirərək sağlamlıqlarını itiriblər. Əlbəttə ki, əlillərin sayı bu səbəbdən ölkəmizdə daha çoxdur, əhalinin təxminən 10 faizini əhatə edir. Buna baxmayaraq, bildiyiniz kimi, ölkəmizin ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərin ailələrinə, əlillərə və müharibə veteranlarına yüksək diqqət və qayğı hər zaman dövlət siyasətində prioritet olub. 2018-ci ildə 626, 2019-cu ildə 934, 2020-ci ildə 1572 və Vətən müharibəsindən sonrakı dövrdə - 2021-ci ildə 3000 şəhid ailəsi və müharibə əlili fərdi ev və mənzillərlə təmin olunub. Əlillərin avtomobillə təminatı istiqamətində də uğurlu iş aparılır. Belə ki, son 4 ildə 500, postmüharibə dövründə 264, bu il 100, ümumilikdə ötən dövrdə 7450 müharibə əlilinə avtomobil verilib.

-Sizcə bunlar yetərlidirmi?

- Siz deyəndə ki, söhbətimizin mövzusu əlillərdir, dərhal mediada gedən bir neçə faktı qeyd etdim. Gəlin müqayisə edək: Deməli, 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə ölkədə 600 minə yaxın, 2019-cu ildə 600 min, 2021-ci ildə isə 620 min əlilliyi olan şəxs olub. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 2022-ci ilin yanvar-avqust ayları ərzində 42,5 min şəxsə əlillik təyin edilib. Bilirsiniz bu nə deməkdir? Bilirsiniz, müharibədən yeni çıxmış ölkə üçün bu qədər əlili diqqətdə saxlamaq necə böyük problemlərlə üzləşməyə səbəb olur?
Məncə, bir az səbrli olmaq lazımdır. Qlobal qıtlıq və yoxsullaşmanı, dünyada gedən kataklizmlərin və müharibələrin dünya iqtisadiyyatına vurduğu zərbənin azacıq da olsa səngiməsini gözləmək lazımdır. Dünyanın heç bir dövlətindən yardım gözləmədən respublikamız daxili problemlərini özü həll etməyi bacarır və bacaracaqdır.

-Radə xanım, bəs bir QHT rəhbəri olaraq, bu sahədə siz və təşkilatınız hansı işləri görmüsünüz?

-Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi artıq 23 ildir təsis olunub. Bu illər ərzində saysıq- hesabsız tədbirlər keçirib həssas qrupdan olan insanlara qayğı göstərmişik. Şəhid ailələri və əlilliyi olan insanlarımızın çox ciddi problemləri ilə qarşılaşırıq. Bu problemlərin həll edilməsi heç baxt asanlıqla başa gəlmir. Çətinlik nədədir? Məmur özbaşınalığı və laqeydliyi nəticəsində bu insanlar problemlərlə qarşılaşırlar. Həmin özbaşınalığın nəticəsində də problemlərin həlli problemə çevrilir.

Məsələn, təşkilatımızın üzvü 2-ci qrup əlil, müharibə veteranı Gülnaz Hüseynova həm maddi, həm də mənəvi sıxıntıların məngənəsində çırpınır . (Gülnaz hərbi xidmət əlilidir) Beləki, Gülnaz xanımın yaşı artıq 70- ə yaxınlaşmağına baxmayaraq kafelərdə xadimə işləyir. Bu yaşda qadının mənzilıi yoxdur . Xeyli sayda müharibə veteranı və əlilliyi olan qadın üzvlərimiz problemlərin içində çırpınaraq dünyasını dəyişdi İndi də təşkilatınızda qayğıya ehtiyacı olan əlil xanımlar varmı? Bəli! Hacıyeva Roza, Cumayeva Ruxsarə, Həmidova Səkinə, Əhmədova Natavan adını çəmədiyim onlarla əlil qadınlar eyni problemləri yaşayırlar. Bizdə imknlarımız daxilində əliliyi olan qadınların probblemlərinin həll edilməsinə çalışırıq. Azərbaycanın millət vəkillərindən tutmuş bütün dövlət qurumlarına demək olar ki, müraciət etmişik. Təəssüf ki, əlilliyi olan və müharibə veteranı qadınlar üçün konkret dövlət proqramı yoxdur. Ona görə də, bu problemlərin həlli də həmişə ciddi maneələrə rast gəlir. Buna baxmayaraq çox ümidliyik ki, yeni ildə əlilliyi olan eləcə də müharibə veteranı qadınları üçün konkret proqramlar işlənib hazırlanacaq!

Dövlət başçısının "...Mənə arxalana bilərsiniz. Bizim qəhrəman döyüşçülərimiz gələcək həyatda da daim mənim nəzarətim altında olacaqlar" sözləri o ümidi mənə bəxş edir.

- Maraqlı müsahibə üçün təşəkkür edirik!

Söhbətləşdi: Əntiqə Rəşid