16 Dekabr 2024 15:28
456
ƏDƏBİYYAT

Rafiq Yusifoğlunun 20 cildliyinə göz aydınlığı

Filologiya elmləri doktoru, professor, şair-publisist, «Göyərçin» jurnalının baş redaktoru Rafiq Yusifoğlunun imzası Azərbaycanda, elə onun hüdudlarından kənarda da çoxlarına bəllidi. Belə ki, Rafiq Yusifoğlu bütün yaradıcılığını Vətənə, onun təbiətinə, coğrafiyasına, tarixinə, insanlarına və bir də hər kəs üçün bir işıq, hava, su qədər əziz olan, ehtiyac duyulan sevgiyə həsr edibdir.

Bax, belə bir mövzu bolluğu içərisində yazıb-yaradan Rafiq Yusifoğlu 1950-ci ilin yanvar ayının 2-də Qubadlı rayonunun Çardaxlı kəndində dünyaya gəlib. Elə bu kənddə də ilk addımlarını atıb, orta məktəbə gedib, sonra Qubadlı qəsəbə tam orta məktəbində orta təhsilini başa vurubdur. Onun ədəbiyyata gəlişində görkəmli şair, ədəbiyyatşünas Qasım Qasımzadənin xeyir-duası da əsas səbəblərdən biri olubdur. Belə ki, bu böyük ziyalı onu istedadlı şair kimi qəbul edib və elə bu cür də Azərbaycan oxucusuna təqdim edibdir.

Ali təhsilini Pedaqoji Universitetdə alan filoloq  Rafiq Yusifoğlu 1970-ci ildə Sumqayıt şəhərində müəllim kimi fəaliyyətə başlayıb və beləcə sinif otağında özünü ədəbiyyat müəllimi hiss edən Rafiq Yusifoğlu,  əslində bir şair,  bir publisist kimi də hər gün püxtələşir, hər gün bir-birindən maraqlı, oxunaqlı yazıları ilə oxucu qəlbinə işıq salıbdı.

Onun barəsində zamanımızın sayılıb-seçilən şair və yazıçıları, tənqidçiləri, elm adamları bir-birindən maraqlı fikirlər söyləmib, əsərləri, şeirləri barəsində yazılarla çıxış etmişdilər. Onların arasında xalq şairi Məmməd Arazın, xalq yazıçısı Hüseyn Abbaszadənin, xalq yazıçısı Anarın, elm adamları olan Yəhya Seyidovun, Əkbər Ağayevin, Yaşar Qarayevin, Təhsin Mütəllimovun, Vaqif Arzumanlının, Vaqif Yusiflinin, Kamran Əliyevin   və başqalarının yüksək fikirləri Rafiq Yusifoğlunun böyük və maraqlı yaradıcılığının qiymətləndirilməsində zənnimcə çox önəmli bir meyardır.

Bu gün imzası təkcə çap olunan kitablarında, dövrü  mətbuatda  deyil, həm də orta məktəb dərsliklərində yer alan Rafiq Yusifoğlu yaradıcılığına özəl bir baxış nümayiş etdirib. Belə ki, ilk qələm təcrübəsindən bu günə qədər bizlərə təqdim etdiyi bütün əsərlərini 20 cildlik halında toplayaraq onların çapına rəvac verib. Artıq həmin 20 cildliyin 19 cildi və hər biri də 512 səhifə olmaqla oxucuların ixtiyarındadı.. Mən dəyərli ziyalımız, şəxsiyyətinə və özünə böyük sayqım olan, sözünü çox urvatlı gördüyüm həmkarım, qələm dostum, həm də mənimlə birlikdə yurd nisgili yaşamış əzizim Rafiq Yusifoğlunun bu uğurunu öz uğurum kimi görür və sevinirəm.

Düşünürəm ki, Rafiq Yusifoğlu həm şair, həm publisist, həm alim, həm mətbuat təmsilçisi kimi öz yerini, öz dəyərini və ləyaqətini bilən, hər zaman uca tutan əsl Azərbaycan ziyalısıdı. Heç bir şübhə etmədən onunla könül bölüşmək, onunla fikir mübadiləsi etmək və onunla söz dünyasında olduğu kimi, həyatda da çiyin-çiyinə məqsədə doğru getmək mümkündür. Bax, elə bu önəmli məqamda, yəni Rafiq müəllimin 20 cildliyinin 19-nun ortada olduğu bu günlərdə mətbuatda maraqlı məqamların şahidi oldum. Gördüm ki, istər sosial şəbəkələr, istər yazılı mətbuatımız Rafiq müəllimin uğurlarını, sevincini öz oxucuları ilə necə səxavət və sayqı ilə bölüşürlər. Mən də onlara qoşuluram və ürəkdən gələn sevinc hiss ilə deyirəm:

- Rafiq müəllim, sevincinə şərikəm, sevincini alqışlayıram və uğurlarının davamlı olmasını Allahdan diləyirəm. Siz xoşbəxtsiniz ki, doğma və azad Qubadlıda 20 cildliyin təntənəsini, sevincini yaşamağı Allah sizə nəsib edib. İnşallah, bu cildlərin hər biri ayrı-ayrılıqda sizin söz abidəniz kimi bütün zamanlarda göz önündə olacaqdır.

Əbülfət Mədətoğlu