Zəfərimiz qürurumuzdur!
Yazarlarla hərbçilərin görüşü keçirilib
5 noyabr 2026-cı il tarixində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Xaqani Şirvani adına Aran Regional filialının təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş yazarlarla hərbçilərin görüşü keçirilib.
Vətənpərvərlik mövzusuna həsr olunan tədbirin əsas məqsədi Vətən müharibəsində qazanılmış tarixi Zəfərin əhəmiyyətini bir daha vurğulamaq, qəhrəmanlıq salnaməmizi gələcək nəsillərə çatdırmaq, müasir ədəbiyyatımızın gənc nəsilə vətənpərvərlik ruhunu təbliğindəki rolunu dəyərləndirmək olub.
Tədbiri giriş sözü ilə açan filialın müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Yaqut Bahadurqızı Zəfər Gününün xalqımızın tarixindəki müstəsna əhəmiyyətindən danışıb. O, 44 günlük Vətən müharibəsində Azərbaycan xalqının nümayiş etdirdiyi birlik və həmrəyliyin, Azərbaycan əsgərinin qəhrəmanlığının və fədakarlığının milli qürur mənbəyi olduğunu vurğulayıb. O, qeyd edib ki, qazanılmış tarixi Zəfərin ədəbi əsərlərdə əks olunması, qəhrəmanlıq nümunələrinin söz sənəti vasitəsilə yaşadılması mühüm mənəvi və ictimai əhəmiyyət daşıyır.
Görüşdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri yazıçı-hüquqşünas Əlisəfa Azayev, jurnalist Tofiq Abdullayev, şair Abduləziz Xanəhmədoğlu, Aida Adıgözəl, Yadigar Təvəkgül, Anar Gülümsoy, Əhsən Qaybalıyev çıxış ediblər. Yazarlar Zəfər tariximizə həsr etdikləri kitablardan, həmin əsərlərdə Vətən müharibəsinin, Azərbaycan əsgərinin qəhrəmanlığının, şəhidlərimizin əziz xatirəsinin və xalqımızın Vətən sevgisinin bədii və publisistik ifadəsindən bəhs ediblər. Onlar eyni zamanda vurğulayıblar ki, tarixi hadisələrin və qəhrəmanlıq nümunələrinin kitablarda əks olunması gələcək nəsillərin vətənpərvərlik ruhunda tərbiyə edilməsində, milli yaddaşın qorunmasında və Zəfər tariximizin yaşadılmasında mühüm rol oynayır.
Tədbirdə iştirak edən şəhid ailələri – Vüqar İsmayılov, Simuzər Bağıyeva, Cəmafət Əzizova, Rəfiqə Dadaşova çıxış edərək Zəfəri xalqımıza qazandıran Ali Baş Komandanımızla, Milli Ordumuzla və canını vətənə fəda edərək şəhidlik zirvəsinə ucalan övladları ilə qürur duyduqlarını vurğulayıblar.
Tədbirin gedişatında monitor vasitəsilə nümayiş etdirilən video və fotoçarxlar iştirakçılara duyğulu anlar yaşadıb.
Hərbçilərlə yazarların görüşü səmimi fikir mübadiləsi şəraitində davam edib. Tədbirdə hərbi hissənin komandanlığı Vətənə sevgi, milli birlik, qəhrəmanlıq və Zəfər qüruru kimi dəyərlərin təbliğinin vacibliyini qeyd ediblər. Hərbi hissənin komandanlığı tərəfindən görüşün yaradıcı qrupu və tədbirdə iştirak edən şəhid ailələri 8 noyabr – Zəfər günü və 9 noyabr – Dövlət bayrağı günü ilə əlaqədar hərbi hissədə keçirilən bayram tədbirində yaxından eştirak etdiklərinə görə və şəxsi heyətə vətənpərvərlik ruhunun aşılanmasındakı səmərəli fəaliyyətlərinə görə Fəxri Fərmanla təltif edildilər.
Tədbirin sonunda yazarlar öz əsərlərini hərbçilərə və “N” saylı hərbi hissənin kitabxanasına hədiyyə ediblər və xatirə şəkilləri çəkdiriblər.
Belə görüşlər ədəbiyyat nümayəndələri ilə hərbçilər arasında mənəvi bağların möhkəmləndirilməsinə, tarixi Zəfərimizin təbliğinə və vətənpərvərlik ruhunun yüksəldilməsinə xidmət edir.


Bakı -°C

