08 Avqust 2024 17:03
1726
MÜSAHİBƏ

RASİM BALAYEV: “Əsl aktyor teatrda işləməli, vaxtı olanda kinoya çəkilməlidir” - MÜSAHİBƏ

O sənətə təsadüfən gəlməmişdi… Arzusu, amalı teatr aktyoru olmaq idi. Ancaq uzun sürən həvəsi teatrda işləməyə imkan vermədi. Kinoda özünü tapan aktyor ilk dəfə Bakı kinostudiyasında “ Ulduzlar sönmür” əsərində kiçik bir rola çəkilir və elə həmin dövrdən etibarən ulduzu parıldamağa başlayır. Bu gün adı çəkiləndə sənət yada düşür. Və bu gün dövrümüzün dahi, unudulmaz sənətkarı olan Rasim Balayevin 76 yaşı tamam olur. Biz də öz adımızdan sənətkara uzun ömür, can sağlığı, yaradıcılığında yeni – yeni uğurlar arzulayırıq. Onunla kinodan danışdıq. Həmin müsahibəni sizə təqdim edirəm.

Rasim Əhməd oğlu Balayev 8 avqust 1948-ci ildə Ağsu rayonunda anadan olmuşdur. 1965-ci ildə Ağsuda orta məktəbi bitirib. 1969-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirib. Rasim Balayev ilk dəfə Bakı kinostudiyasında "Ulduzlar sönmür" əsərində kiçik bir rolda çəkilib. Oynadığı "Nəsimi", "Babək" və "Dədə Qorqud" filmlərindəki rollarda tamaşaçıların sevgisini qazanıb. "Azərbaycanfilm" kinostudiyasının nəzdində fəaliyyət göstərən kinoaktyor teatr studiyasında da çalışıb. Böyük və çətin rollardan əlavə Rasim Balayev kiçik rollarda da oynayıb. "Bu şirin söz, azadlıq", "Sənin birinci saatın", "Xoşbəxtlik səhnəsi", "Mən hələ qayıdacağam", "Birisigün gecəyarısı" kimi filmlərdə o, epizodik rol oynayıb. "Özbəkfilm", "Mosfilm" və başqa studiyalarda filmlərə çəkilib.

1990-cı ildən 18 yanvar 2013-cü ilə qədər Azərbaycan Kinematoqrafçılar İttifaqının katibi olub. 31 may 2022-ci ildə Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri seçilib.

RASİM BALAYEV: “ Bu film ölüm və olum məsələsi idi. Əgər bu rolu oynamasaydım ...”

- Rasim müəllim, sizin dilinizlə desək, kinoda nə var, nə yox?

Təəssüf ki, kinomuzun bugünkü günü tək mən yox, kinoda işləyən adamları, tamaşaçıları qane etmir. Çünki heç nə çəkilmir. Düzdür yeni kino agentliyi yaradılıb, amma fakt bu günkü gündə ortada heç nə yoxdur. Kino adətən yayda, günəşli havalarda çəkilir. Söhbət naturadan gedir. Amma əfsuslar olsun ki, Azərbaycan kinosu yaxşı vəziyyətdə deyil.

- Bunun səbəbini nədə görürsünüz?

Kinonun inkişafı kimi bu vəziyyətə düşməsi də uzun illərin prosesidir. Pis ya yaxşı Sovet quruluşunun bir sturukturu var idi. Bizim xoşumuza gələn tərəfləri də var idi, gəlməyən tərəfləri də. Ancaq kino var idi. Azərbaycanfilm vaxtilə 8 film çəkirdi, dördü dövlət xətti ilə, qalanları mərkəzi televiziya xətti ilə. Bu gün onlar yoxdur, onlar bir qırağa, bu gün ssenari yazanlar da yox dərəcəsindədir.

Əvvəllər Azərbaycan Müstəqil Kinematoqrafiya komitəsi idi. Sonradan müstəqil idarə oldu, sonradan Mədəniyyət və Turizm Nazirliyində şöbə olaraq fəaliyyət göstərdi. İndi də bir agentlik kimi fəaliyyətini davam etdirir. Ancaq mən istəyərdim ki, müstəqil bir qurum olsun. Bu qurum həm məsuliyyəti üzərinə götürsün, həm də cavabdeh olsun bu işlərə. İndi Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət universitetində də bu şöbə var, amma orada baza yoxdur. Təhsilin də kinoya mənfi təsirləri olub və Azərbaycan kinosu bu hala gəlib. Bir də ki, bəzi yaşlı nəsil dünyasını dəyişdi, bəziləri xəstədir, artıq film çəkə bilmirlər. Kino fiziki sağlamlıq tələb edir.

- Sadaladığınız bu səbəblər tamaşaçı itkisinə gətirib çıxarır, sizə elə gəlirmi ki, kinoda dirçəliş olsa yenidən tamaşaçı aüditoriyasını qazana biləcək?

Bizim ali məqsədimiz Azərbaycan kinosunu öz yoluna qoymaq, Azərbaycan tamaşaçılarını yenidən kinoteatra qaytarmaqdır. Bunun üçün də yaxşı böyük ustalıq lazımdır. Ən əsası isə yaxşı əsərlər təqdim olunmalıdır. Biz Qarabağ müharibəsindən zəfərlə qayıtdıq, qələbə çaldıq. Bu gün bununla bağlı ortada heç nə yoxdur. Motivasiya üçün müsabiqələr də təşkil olunur, ancaq təəssüf ki, vəziyyət ürəkaçan olmur. Əvvəllər Azərbaycanda tamaşaçılar kinoteatrlara üz tutardı, indi heç o da yoxdur. Bir də ki, gərək elə kino ərsəyə gətirəsən ki, tamaşaçı özü gəlsin. Tamaşaçını zorla kinoteatra aparmaq mümkün deyil. Bunun üçün də yeni savadlı, istedadlı nəsil yetişdirmək lazımçdır. Toy çəkən operatorlar film çəkəndə kinonun gələcəyindən danışmaq olmur. Kimsə sponsor tapıb sənətindən asılı olmayaraq kinoya gəlir. Məni görən hər kəs soruşur : “Rasim müəllim, niyə köhnə kinolar kimi kinolar çəkilmir? ”. Bugünki səviyyəsiz, talantsız çəkilmiş seriallar artıq tamaşaçı bundan bezir və sosial platformalarda istədiyi qədimi, tarixi kinoları rahatlıqla axtarışa verib baxa bilirlər.

- Rasim müəllim elə qədimilikdən, tarixilikdən danışmışkən, ən çox tarixi obrazlarla tamaşaçıların yaddaşlarında qalmısınız. Babək, Nəsimi, Dədə Qorqud və s. bəs öz yaddaşınızda qalan obrazınız hansıdır?

Hamısı. Mən obrazlarımın arasında heç vaxt doğma ya ögey fərqi qoymamışam. Hətta epizod rollarımda belə bu fərq olmayıb, onlara ikinci dərəcəli baxmamışam. Bütün rollarımı eyni məsuliyyətlə oynamışam. Kino mənim həyatımdır. Mən hər bir roluma sağlamlığımı, həyatımı vermişəm.  tarixi filmləri tamaşaçılarım daha çox sevsə də, ondan əlavə 100 – dən çox filmim var.
 

-Elə epizod demişkən, Rasim Balayev üçün baş rol önəmlidir, yoxsa yaddaqalan obraz?

Rolda dramaturji material yaxşı olanda, oynamaq üçün, özünü ifadə etmək üçün imkan varsa, hər ikisində uğur qazanmaq mümkündür. Baş rolda oynayanda tamaşaçıya daha çox fikrini çatdıra bilirsən. Çünki imkanlar çox olur. Amma hər bir rolun da öz çəkisi, dəyəri var. aktyor teatrda da, kinoda da eyni məsuliyyətlə oynamalıdır. Dramaturqun tamaşaçıya nə demək istədiyini rolu ilə ortaya çıxarmağı bacarmalıdır.

- Bəs sizcə obrazı yaşamaq ya oynamaq lazımdır?

Obrazı yaşamasan yaşada bilmərsən, rolunu tam əxz etməlisən özündə ki, tamaşaçını inandıra biləsən. bu gün tamaşaçını inandırmaq olduqca çətindir. 40 il öncəki tamaaşaçı ilə indiki tamaşaçı arasında da fərq var. bu gün kinoteatra gedən hər bir kəs məlumatlıdır. Əvvəllər pafosla tamaşaçının diqqətini çəkə bilirdinsə, bu günki tamaşaçı pafosa aldanmır. O qədər professionallıq tələb olunur ki, gərək aktyorluq məktəbləri olsun, isteadad, zəhmət ola. Yoxsa söz əzbərlədin çıxdın nə gəldi dedin bununla sənət olmur.

-O vaxtlar sənətə təsadüfən gəlmiş adamlar böyük uğurlara imza ata biliblər, amma bu gün təhsil alan aktyorlar tamaşaçıya o vibrasiyanı ötürə bilmirlər. Bəs bu nədən qaynaqlanır?

İstedad olmalıdır. Bugünki aktyorları da qınamıram. Təhsil alan hər bir aktyora özünü ifadə edə bilməsi üçün meydan lazımdır. Əgər bu aktyor yaxşı əsərdə çəkilmirsə, gözəl quruluşlu tamaşada oynamırsa o heç harda yetişə bilməz. Azərbaycan teatrının repertuarlarına baxın, klassik əsərlər barmaq sayıyladır... Əvvəllər aktyorlar dahilərin əsərlərində oynayırdı, sözün əsl mənasında yetişirdilər. Bu gün yetişməli repertuar da yoxdur. Dramaturgiya yoxdur. Kino da belədir. Təhsil nə olsun ki var, təcrübə olmadıqdan sonra tamaşaçıya heç nə ötürmək olmur.
Siz özünüz də teatr tamaşalarında rol almısınız.

İnstitutda oxuyandan elə teatr aktyoru olmaq istəmişəm. o vaxtlar Akademik Milli Dram Teatrına getim və mənə dedilər ki, ştat yoxdur. Rahib Hüseynov mənə institutda saat hesabı dərs verdi. O müddətdə Kinostudiyada ştat açılmışdı və mən ora getdim. Elə kinoda da çalışdım. Düzdür, teletmaşalarda da oynamışam, Akademik Milli Dram Teatrında  Hüseyn Cavidin “İblis” əsərində İblisi, Cəfər Cabbarlının “Aydın”əsərində Dövlət bəyi oynamışam. Amma kinoya çox çəkildiyim vaxtlar idi və artıq kinoya gələ bilmədim. Repertuarlar da düzü məni özünə çəkmirdi. Mənim amalım olan rollar yox idi. Əsl aktyor teatrda işləməli, vaxtı olanda kinoya çəkilməlidir. Teatr gündəlik məşqdir, hər zaman aktyor formada olur. Ancaq kino belə deyil.
Pərdəarxası maraqlı məqamlarınızdan, başınıza gələn hadisələrdən danışmaq yerinə düşərdi.

Elə hadisələr çoxdur. Mən “Nəsimi” filmində çəkilirdim, onda aktyor kimi özümü sübut etməmişdim. Amma geyimimə baxıb deyirdilər budur Nəsimi. Nəsiminin əllərini, qollarını bağlayıb aparılan səhnədir. Bu kinoda bir neçə saniyəlik göstərilir amma bütün günü mən elə əlləri bağlı qalırdım. Bir dəfə ikinci rejissora dedim ki, bir az su ver, götürə bilmirəm. bir də gördüm ki, adamlardan biri qarpız, biri yemiş, biri qatıq nə var gətirib verirlər. O vaxt açığı çox kövrəldim. Gör bizim insanların Azərbaycan şairinə olan hörmətinə bax. Mənim üçün bu film ölüm və olum məsələsi idi. Əgər bu rolu oynamasaydım sənətdən getməli idim.

O vaxtlar kadrarxasında hamı işinə məsuliyyətlə yanaşardı, amma indi onu görmək mümkün deyildi... Bir dəfə bekar oturmuşdum, kinoya dəvət aldım. Dedim ki, bekar oturmaqdan yaxşıdır. Amma çox peşman oldum. Çünki o çəkiliş meydanında gördüyüm sənətə məhəbbəti, peşəkarlığı görmədim. Loru dildə desək bu “xaltura” məqsədilə çəkilmiş bir şey idi. Kino uzun mətnləri sevmir. Yığcam, lakonik dialoqlar olmalıdır. Bəzən teatrda baxırsan ki aktyor 3 – 4 səhifəlik monoloqları tək deyir. O da monoton oldusa, tamaşaçını itirir. Bəzən kinoda uyğunsuzluqlar da olur, baxırsan ki, birinci ortasını çəkirlər, sonra xırını, sonda kinonun əvvəli çəkilir. Buna aktyor hazır olmalıdır.

- Seriallara vəsait yetərincə xərclənir, amma ümumilikdə götürəndə keyfiyyət ortada olmur. Bunun səbəbini nədə görürsünüz?

Ustalıq olmalıdır. Filmin valideyni rejissordur. Gəlin sizə başıma gələn bir əhvalatı danışım. Bir dəfə filmə dəvət aldım və getdim. Dedim ssenari ilə tanış olmaq istəyirəm. Dedilər 40 seriadan ibarətdir. Mənə iki vərəq verdilər. Dedim bu birinci seriadırsa, 39 – uncu seriası haradadır? Deyir  ki, biz çəkiliş gedə - gedə yazırıq. Özü də hərəsini bir adam yazır və naşı adamlar... Kinonun imkanları nəzərə alınmalıdır, kinoda dramaturgiya olmalıdır. Xaricdə məhz kinodramaturqlar olur, dialoq müəllifləri olur. Uzun – uzadı danışıqlar, serialların  500 – 600 serialı olması da tamaşaçını bezdirir. Bilinmir ki, məqsəd nədir. Oxucuya, tamaşaçıya nəyi çatdırmaq istəyirsən? bizim nəsil filmlərlə, romanlarla, kitablarla böyüyüb. Biz əsərlərlə formalaşmışıq sözün əsl mənasında. Əgər bir serialda ibrət götürəcək şey yoxdursa, niyə çəkilir?!
Müasir aktyorlara nəyi tövsiyə edərdiniz?

Sənətə vurğun olsunlar. Bu sənətə dırnaqarası baxmaq olmaz. Özünü tapa bilməyən sənətə gəlməsin. Səbir, sənətə məhəbbət, isteadad olmalıdır. Öz üstlərində çalışsınlar. Yaxşı sənətkar olmaq üçün fitri istedad, zəhmətkeşlik və bəxt lazımdır. Mən bu gün sənətə gəlmiş olsam başqa peşəyə yiyələnərdim. Kinonu bu vəziyyətdə görmək istəməzdim. Amma Sənət ölmür. Ölməyəcək də.

Mən 1970 – 1990 – cı illərdə kinoya gələndə 1200 nəfər işləyən kollektiv var idi. İndi bu kollektiv 4 – 5 nəfərə enib. Baxırsan adamın ürəyi ağrıyır. Bu gün dublyaj belə keyfiyyətsizdir.  Kino çəkmək çətindir deyək, dublyaj ki çətin deyil. Bizim tamaşaçılar dublyajın dərdindən filmlərə öz dilində baxmağı seçir. Axı bizim dilin öz ahəngi var. Mən xaricdə olanda hər kəs məndən öz dilimdə danışmağı xahiş edib. Və bu dilə məst olurlar. Bizdə isə aktyorlar  bu dilə etinasız yanaşır. Ən əsası isə dublyajla düzgün tələffüzü tamaşaçılara təlqin etmək lazımdır. Aktyor ədəbi dildə danışmalıdır. Hansı bölgədən olmasından asılı olmayaraq, aktyorun ləhçəsi bilinməməlidir.

-Dublyajda aktyorlardan çox diktorların, aparıcıların olması sizcə nə dərəcədə doğrudur?

 Çox pis. Mən bunu da aydınlaşdırmışam. Yüzlərlə baş rol yazmışam: Muxtarnamə, İmam Rza, İsa peyğəmbər və s. Dublyajda baxıram ki, mətnlə ekran əsəri uyğunsuzdur. Deyirəm kim tərcümə edib? Deyir filankəs. Həmin adam isə filmin montaj prosesində işləyən adam deyil. Əvvəllər tərcüməçilər əvvəlcə filmə baxardılar sonra ona uyğun tərcümə edərdilər. Bu gün çox təəssüf olsun.


Söhbətləşdi: Şəlalə Camal