Rəhmətliyin QR-sı - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
3754 | 2023-01-13 12:03

O gün oxudum ki, Rusiyadakılar hazırlaşırlar qəbir daşlarının üzərinə QR kod əlavə etməyə. Bununla bağlı artıq şirkətlər start götürüb. Məbləğ barədə məlumat verilməsə də ümumi olaraq bildirilir ki, xidmətin qiyməti yaddaşın həcminə görə dəyişir. Mərhumun yaxınları rəhmətlik üçün ayrılmış səhifəyə əvvəldən video və şəkillər yükləyir,  gələn insanlar da QR kodu oxudaraq onlara baxır.

O qədər sevinmişəm ki... Bundan gözəl nə ola bilər ki?! Rəhmətliklərin ruhunu bundan daha da şad edə biləcək nə ola bilər ki?! 

Çox güman ki, bu bir məlumat bazası xarakteri daşıyacaq. Və biz bunu mütləq tətbiq eləməliyik. Dünya ilə ayaqlaşmaq lazımdır. Qonşudan qalma geri.

Təsəvvür edin girirsiz qəbirstanlığa. Görürsən ki, birinin baş daşının üzərində kitab şəkili var. Nə biləsən bu çap sexində işləyib ya yazar olub. Daxil olacaqsan QR kodu ilə onun həyat səhifələrinə və biləcəksən ki, çaplayan olub. 

Və yaxud da birinin baş daşı üstündə domino şəkili var. QR kod vasitəsilə şeşqoşanı necə öldürdüyünü yükləyəcəklər bura. Real faktlarla. 

Və yaxud da biri yaxşı müğənni olub. 4-5 babat tutzdurduğu mahnısını guppuldadacaqlar bura qulaq asıb feziyab olacağıq. 

Birini qeyrət üstündə vurublar. Ona buna sataşırmış. QR koda hansısa məclisdə dediyi bir şeiri yükləyəcəklər. Baxanlar da deyəcək ki, heyif bundan.

Biri dələduz olub. Ömrü boyu ona buna atırmış. Əcəl canını alıb. QR kod isə onu dünyəvi bir insan kimi təqdim edir. Bütün dünyanı gəzirmiş. 

Biri fahişəlik edir. Amma ekrana çıxıb ailə dəyərlərindən danışır, millətimizə öyüd-nəsihət verir. QR koda guppuldadırlar mərhumənin videolarını. Birdən məni düz başa düşməzsiniz haa.Yəni ekrandakı videolarını. Baxan deyir Allah o dünyasını versin. 

İndi yas yerlərindən soruşurlar ki, mərasim zalını neçəyə danışdın? Rəhmətliyi neçəyə yudular? Torpağı neçəyə aldın? Baş daşına neçə verdin? Bütün bu sualların sırasına bir neçə sual da əlavə ediləcək. QR kod yazdırdınmı? Yaddaşı neçə meqabayt idi? QR kodu neçəyə başa gəldi?  Və s.

Çox güman ki,  buna bizimkilər qrinpediya adı qoyacaqlar. Çünki mərhum haqqında məlumatlar burda əksini tapırsa day nə ad qoyaq?!  

Allah işinizi avand eləsin. O dünyada da bu dünyada da. Mən də sizin içinizdə. Day rahat ölə bilərəm. Üstümə bir beş tonluq daş üzərinə də qr vurandan sonra kim məni qazana ata bilər ki?!
   


 


 

TƏQVİM / ARXİV