12 Iyun 2024 10:19
4068
GÜNDƏM, MÜSAHİBƏ

Rey Kərimoğlu:“12 iyun “Ağdərə əməliyyatı”nın  başlanması və komandirlərin müəmmalı şəhadəti...”

Bu gün Azərbaycan hərb tarixinə düşən "Ağdərə əməliyyatı"nın  ildönümüdür. 


 Qarabağ müharibəsi qazisi, jurnalist Rey Kərimoğlu mövzu ilə bağlı Adalet.az - ın suallarını cavablandırıb.Qazi ilə  kiçik bir müsahibəmizi sizə təqdim edirik:

- Cənab kəşfiyyatçı 12 iyun 1992-ci ili necə xatırlayırsınız ...

- Keçdiyim döyüş yolunun nə bir günü, nə bir saatı, nə də  bir anı yaddaşımdan silinməyib. 1992-ci il iyunun 12-də də Xocavənd , Ağdərə, Goranboy, Əsgəran, Ağdam, Füzuli istiqamətində ordumuz düşmənə qarşı əks hücum əməliyyattına başlayıb:”Həmin vaxt mən Şirin Mirzəyevin batalyonunda kəşfiyyatçı kimi döyüşürdüm. Bizim batalyonun heyətinin qarşısına məqsəd qoyulmuşdu ki, 12 iyun axşamına qədər Sırxavənd, Yeni Qaralar, Bəşirlər,  Kiçan istiqamətində hücuma keçməli və Kiçan kəndində yerləşməliyik. İyunun 12-si gündüz saat təxminən 13-14 radələrində biz Xaçın çayının yatağı boyu üzü Kiçan istiqamətində mövqe tutub dayanmışdıq. Artilleriya bizim kəşfiyyat dəstəsinin verdiyi koordinatlar üzrə atəş açmağa başladı... Və biz çayın sol tərəfinə keçib, Ballıqaya-Kiçan istiqamətində irəliləməyə başladıq.

-Ermənilər cavab atəşi açırdı?Yoxsa, hələ inanmırdılar ki, Azərbaycan Ordusu hücuma keçər?

- Ermənilərin “Qız qəbri” postunadək demək olar ki, heç bir müqavimətə rast gəlmədik. Məqsədimiz Ağdərə-Xankəndi yolunun üzərindəki strateji “Vəngin körpüsü” deyilən körpünü ələ keçirmək idi. Çayın sağ sahilində Sırxavənd qəbiristanlığının yanında artıq biz  düşmənin ciddi müqaviməti ilə üzləşdik. Bir tankımız və bir rabitə avtomobilimiz minaya düşdü. Bir nəfər şəhid oldu, bir nəfər isə yaralandı. Amma döyüşçülərimiz böyük çətinlik bahasına da olsa, tankı bərpa edib, yenidən döyüşə atıla bildilər.

-Ermənilər təbiətcə qorxaqdırlar. Ruslar onlara dəstək verməsələr heç bir güllə də atmazlar, yəqin bu döyüşdə də ruslar qarşı tərəfdə sizi hədəf alıb. 

- Həmişəki kimi, ruslar  silahlanaraq onların yanında idi, bizə qarşı döyüşürdülər. Amma  ermənilərin bir PDM-ni idarə edən ruslardan ibarət heyət zirehli maşını qoyaraq qaçdılar.

- Deyirəm də, ermənilər necə qaçıbsa, rusların xəbəri olmayıb. Bir də baxıblar ki, özləri qalıb.Bunlar da "tüpürüb dabana"... 

- Bizim qəfil hücumumuz, irəliləməyimiz düşməni çaşbaş salmışdı. Çaşbaşlığları keçəndən sonra ciddi müqavimət göstərməyə başladılar. Amma bizimkilər bütün hücumları dəf edib irəliləyirdilər. İyunun 12-si artıq saat 4-5 radələrində batalyonumuz Sırxavənd, Qaralar, Bəşirlər kəndlərini və bir neçə strateji yüksəkliyi azad etdi. Axşam saat 8 radələrində isə artıq erməni silahlılarının mərkəzi qərargahı olan Ballıqaya–Kiçan mövqeyinə daxil olduq. Lakin sağ və sol cinahlarımızdakı digər hərbi hissələr baş plana uyğun olaraq irəliləyə bilmədiyindən batalyonumuzun mühasirədə qalmaq təhlükəsi var idi. Neçə gün ac-susuz yuxarıdan əmr gözləyirdik. “Ratsia”mızın batareyası da bitdiyindən artıq heç bir əlaqə yarada bilmirdik. Təxminən iyunun 16-da “Qız qəbri” postunadək geri çəkilməyə məcbur olduq və orada ermənilərlə qarşılaşdıq. Mühasirə xeyli davam etdi. Düşmən tərəfdən üstümüzə iki vertolyot qalxdı. Ancaq Yeni Qaralar kəndindəki postumuzdan Ağa adlı bakılı balası vertolyotlardan birini “İqla” raketi ilə burdu. Bundan sonra biz ruhlanıb, Xankəndi istiqamətində hücuma keçdik və mühasirəni yara bildik...

-İtkilərimiz çox idi, eləmi....?

- O vaxtlar biz bir gündə 100-200 şəhid verirdik. 12 iyun 1992-ci ildə qəhrəman komandirdirlərimizdən biri olan Milli Qəhrəman Allahverdi Bağırovun da şəhidliyə yüksəkəldiyi gün oldu. Naxçıvanikin üst tərəfindəki Kətik yüksəkliyindən geri- Ağdama çağrılan Allahverdi Bağırovun olduğu maşın minaya düşdü. Maşında olan digər üç nəfər sağ qalsa da,  Allahverdi Bağırov,   sürücüsü və Nizami həkim həlak oldular.  Yəni müharibədə hər şey olur. Mən tam məsuliyyətimlə deyirəm ki, erməni tərəfinin itkisi bizdən ən azı iki dəfə çox olurdu.Təəssüf ki, Şirin Mirzəyevin gözlənilmədən minaya düşərək, həlak olması bu əmliyyatı yarımçıq qoydu. 

- Siz mühasirəni  yarıb geri çəkiləndən sonra?

- 18 iyun 1992-ci il 836 saylı alayın yaradıcısı və komandiri, Azərbaycanın Milli Qəhrəmanı, polkovnik-leytenant Şirin Mirzəyevin, 708 saylı briqadanın tank komandiri baş leytenant Qahir Hüseynovun, 836 saylı alayın kəşfiyyat dəstəsinin (xüsusi təyinatlı hücum dəstəsinin) komandiri leytenant Yavər Babayevin, Mübariz və Araz Mirzeyevin (Hər ikisi Şirin Mirzəyev nəslinin nümayəndəsidir) şəhid oldu.


Əntiqə Rəşid