adalet.az header logo
  • Bakı 14°C
  • USD 1.7
27 Aprel 2023 13:20
1248
MÜSAHİBƏ

"Rolumu oynadım, 30 manat verdilər, məni ağlamaq tutdu" – Ukraynadan gələn aktyorumuz danışdı

Müsahibimiz Ukraynada təhsil almış və dünyaca məşhur aktyorlarla birgə filmə çəkilmiş aktyor Fuad Cabbarlıdır.

- Fuad, necə oldu ki, yolunuz Ukraynaya düşdü və aktyorluğa başladınız.

- 2009-2010-cu illərdə hərbi xidməti bitirdikdən sonra 1 ilə yaxın Azərbaycandakı Koreya səfirliyində mühafizə xidmətində işlədim. Orada işlədiyim dövrdə bir çox təkliflər gəldi ki, diplomun olsa, səni göndərərdik Koreyaya, başqa işlərlə təmin edərdik. Diplomum olmadığı üçün hansısa universitetə qəbul olmağa çalışırdım. Bir tanışım dedi ki, Ukraynada universitetlərin birinə düzəldə bilərəm, özün oxuyub bitirərsən. Elə oldu ki, 2012-ci ildə universitetə düzəldim. Təxminən 2014-2015-ci illərdə artıq görünüş olaraq cəlb etdiyim üçün prodüsserlər, kastinq direktorları mənə rollar oynamağı təklif edirdilər. Taekvandodan I dan qara kəmərim var. Nunçakanı çox usta şəkildə oynada bilirəm. Hətta Brusli kimi nunçaka ilə stolüstü tenis də oynaya bilirəm. At çapa bilirəm, futbol oynamağı bacarıram. Aktyor çoxşaxəli olmalıdır. Dünyada bu belədir. Tələbə olduğum üçün bir müddət gələn təkliflərdən imtina edirdim. Zaman keçdikcə gələn təkliflərə baxırdım, məbləğlər məni cəlb edirdi. Məsələn, ukraynalıların özünə verirdilərsə 50-100 dollar, mənə bunun üç qat artığını verirdilər. Hələ adi massovka kimi. Belə-belə bir də gördüm yaxşı rollara təklif gəlir.

- Hansı filmlərə çəkilmisiniz?

- “Yalanın sirri”, “Ukrayna tarixi”, “Qəhrəmanlar və qorxaqlar” kimi filmlərdə Mel Gibson, Skot Atkins, Robert Hammond Patrik kimi dünya ulduzları ilə birgə filmlərdə rol almışam. “Apple”, “British Airlands”, “Duracell” kimi dünya brendlərinin reklamına çəkilmişəm. Əsas sima olmasam da, ikinci, üçüncü dərəcəli rollarda olmuşam. Ən sonuncu çəkilişim Zelinskinin prezidentliyinin birinci ilinin tamamında olub, 2020-ci ildə.

- Orada kimdən dərs almısınız?

- İvanna Çabakdan şəxsən dərs almışam. O, Bred Pit, Şaron Stone kimi aktyorların şəxsi məşqçisi olub. Kaskadyor kurslarında olmuşam. Bir çox təlimlərdə iştirak etmişəm ki, özümü təkmilləşdirim.

- Başa düşdüyüm qədər bəxtiniz Ukraynada açılıb. Bəs Azərbaycana niyə qayıtmısınız?

- Bura qayıtmaqda məqsədim odur ki, əlimdə yaxşı bir maliyyə var idi, mental arifmetikanın distributorunu (uşaqlar üçün sürətli hesablama) aldıq, bu işlə məşğul olmağa başladıq.

- Aktyorluq hara, bu iş hara?

- Açığı, bu işi yaxın bir dostum var idi, o təklif etmişdi. Mən də təhsil sahəsilə bağlı olduğu üçün qəbul etdim. Aboks dünyanın 21 ölkəsində fəaliyyət göstərir. Amma təəssüf ki pandemiya səbəbilə iş dayandı, bankrot olduq. Sonralar düşündüm ki, Azərbaycanda qalıb daha başqa işlər görə bilərəm. Mədəniyyət Naziri Anar Kərimovun qəbulunda oldum. Yaxşı layihələr təklif etdim. Amma onu da vəzifəsindən azad etdilər.

- Hal-hazırda nə işlə məşğulsunuz?

- Əslən Şuşalıyam. 1991-ci ildə Şuşada doğulmuşam. Elə indi də Şuşa Qoruğunun əməkdaşıyam.

- Bəs aktyorluq? Bəs kino?

-Kinomuz üçün bir çox işlər görə bilərəm. Hal-hazırda əlaqələrim var. Məlum məsələdir ki, pandemiyadan dolayı “20 th century” kimi böyük kampaniyalar bankrot oldu. Amerika rejissorlarından bir neçəsilə əlaqələrim var. Onlarla danışanda deyirdilər ki, sizin kim kiçik ölkələrə marağımız var. Sadəcə olaraq nəyəsə cəhd edin ki, sizinlə Amerika adına iş birliyi yaradaq, burada satış təşkil edək. Heyf ki vasitələr tapa bilmədim. Burada iki dəfə çəkilişə getmişəm, 15-20 manat qonorar veriblər. Kiyevdə olana isə çəkilişlərə yüksək məbləğ alırdım, gediş-gəlişim üçün maşın yollayırdılar, yanımda köməkçi verirdilər. Bu kimi şeyləri görüb gəlmiş bir adam gəlib 15-20 manata çəkilişə düşmək çox pisimə gəldi. Bir dəfə mənə A4 vərəqində mətn yolladılar. İvanna Çabak bizə məsləhət görürdü ki, adətən güzgü qarşısında məşq edin ki, özünüzü obrazda görə biləsiniz. Mənim də ağlım gedib Kiyevə, Ulan Batora. İki gün məşq etdim, rolu oynadım, çəkiliş bitəndə mənə 30 manat verdilər. Bir 30 manata baxdım, bir də özümə, məni ağlamaq tutdu. Bir daha çəkilişə getmədim. Özümə söz verdim ki, Azərbaycanda heç bir rola çəkilməyəcəm. Bu, aktyor sənətinə söyüşdür.

- Ukraynada hansı təcrübəni qazanmısınız ki, onu burada tətbiq etmək olar?!

- Kino sahəsində dünya standartları deyilən bir şey var. Xatırlayıram, “Zaxar berkut” filmi var, Amerika ilə Ukraynanın birgə layihəsidi. Tutaq ki, 10 milyon Ukrayna, 5 milyon dollar da Amerika qoydu bu işə. Dünya bazarı görəndə ki bu işdə Amerikanın adı var, razılaşır, deyir bu işə baxmaq olar. Amma bugün hansısa dünya səviyyəli aktyoru bura gətirib filmə çəksək, bu effektiv olmayacaq. Birgə əməkdaşlıq lazımdır. O ölkələrlə ki, dünya səviyyəsində kinoda sözlərini deyiblər. Ceyms Kamerunun filmləri milyardlarla gəlir gətirir. Məsələn, “Avatar” 2 milyard gəlir gətirmişdi. Hesab etsək, Azərbaycan hansısa bir filmə 50 milyon dollar sərmayə yatırıb 100 milyon gəlir götürsə bu çox böyük nəticədir. Filmin inkişafı üçün dövlət layihəsi olmalıdır. İşi işi bilənə tapşırmaq lazımdır. Təəssüf ki burada elə deyil.

 

Eminquey