Ruhuma qovuşduğum Ağdam - Nicat Novruzoğlu yazır

NİCAT NOVRUZOĞLU
3478 | 2023-07-23 14:22

Ağdama getmişdim.  1993-cü ilin 22 iyulunda tərk etdiyim Ağdama. Özümə getmişdim, iliyimə getmişdim, uşaqlığıma getmişdim, Seyid Lazım Ağanın cəddinə getmişdim, daşımıza, kəsəyimizə getmişdim, havasına, mehinə, getmişdim. Ruhuma getmişdim. 4 yolu keçən kimi tapdım ruhumu. Heç içinizə ruhunuz girib? Vücudumu hiss etmirdim. Ruhum necə rahatlıq vermişdisə hiss etmirdim vücudumu. 42 yaşdan qayıtmışdım 12 yaşa.

Qərvənd yolu ilə getdik Ağdama. Düşmənin saysız hesabsız hiylələri sağımızı-solumuzu “bəzəmişdi”. Düşmən bizdən necə qorxurmuş?! Nə qədər tələ qurmuş imiş bizə?!

Düşmən Baş Qərvənd kəndi və onunla sərhəd olan digər kəndlərimizi viran edib.

İlk dayanacağımız Uzundərə oldu. İlahi, ciyərim nə qədər hava tuturmuş?! İçim nə qədər böyük imiş?! Bakıda cılızlaşıb yumağa dönmüşəmmiş. Çəkdim Ağdamın havasını ciyərlərimə. Nəfəsi alırdım, amma buraxmaq istəmirdim. O dərəyə endikcə insan nə qədər ucalarmış, nə qədər hissiyatlanırmış, yaza bilmirəm.

Növbəti dayanacağımız Uşaq Xəstəxanasının qarşısı oldu. Ağdamın girəcəyi. Kanalın üstü. Ağdamın bu başından o başınacan uzanan 7, 5 kilometrlik ikitərəfli, ortası park olan yoldan əsər əlamət yoxdu. Düşmən hər daşımıza, hər kəsəyimizə, hər yolumuza, ağacımıza, kolumuza toxunub. Məhv edib, dağıdıb yurdumu.

Yolumuza davam edirik. Bir az irəliləyəndən sonra dönürük sola – Əşrəf Əliyev küçəsinə. Elə dönən kimi solda maşın atraksiyonu var idi. Evdən 1 manat alan kimi qaçırdıq ora. Sür ki sürəsən. Elə sürüyüblər ki, izi tozu da qalmayıb.

Bir az gedəndən sonra döndük sağa. Doğrusu mən elə bildim ki, döndüyümüz küçə M.F. Axundov küçəsidir. Çünki şəhərimiz elə böyük idi ki, bu tezliklə 20 Yanvar küçəsinə çata bilməzdik. Amma bu 28 ildə Ağdama düşmən elə bir “toy” tutub ki, (acı da olsa yazmağa məcburam)  sanki şəhər büzüşüb,  yığışıb, cılızlaşıb, alnını qırışlar tutub, beli bükülüb. O üzdən küçəni səhv salmışam.

Mənim səhv saldığım küçə ilə irəlilədik. Birdən qarşıda bizi müşayiət edən avtomobil sola döndü. Bir aralığa girdi. Avtobusumuz bura girə bilmədi və dayandıq. Birdən avtobusdan səs gəldi “İmarət”. Səslənənlər ağdamlılarım idi. Məndən yaşca böyük ağdamlılar. “İmarət”i tanımadım. Axı “İmarət” elə imarət boyda idi?! Qaçdım “İmarət”in qucağına. Anamın qucağında bəlkə 1-2 aylığımda elə ağlamışdım. Həm özümü ağladım, həm də ki “İmarət”i.

Ana qucağından anama zəng vururam - “Ağdamadayam”. “Hə lap yaxşı”- deyir anam. Sonra sakitcə və ürkək səslə soruşur -“Nətərdi Ağdam?”. “Ağdamı dağıdıblar, ana” - deyən kimi anam Ağdamı ağlayır. Qalmışam iki anamın ortasında. Bilmirəm anamı ağlayım, ya anamı ağladım. O an anamla birləşib anamızı ağladıq.  

“İmarət” lə üzbəüz axı bizim məhəllə idi. Bir tərəfi Natavan küçəsi, bir tərəfi S.S.Axundov, bir tərəfi 20 Yanvar küçəsi, bir tərəfi də M.F Axundov.  Kvartal tamam xarabalıqdı. Bütün Ağdam kimi. Heç bir rəssamın çəkə bilməyəcəyi ən qorxulu əsər. Heç bir rejissorun çəkə bilməyəcəyi ən qorxulu film. Heç bir kəsin çəkə bilməyəcəyi ən ağır dərd.  Donmuşam.

Avtobus tərpənir. Çörək müzeyinin yanından keçirik. Bulvardan əsər əlamət yoxdu. 30 hektar ərazisi olan Mədəniyyət və İstirahət parkını məhv ediblər. Püstənin kitab mağazasını görmədim. Bütün uşaqlıq xatirələrim kimi onu da məhv edib düşmən. 

Gəlib  çıxırıq Şəhidlər Xiyabanına. Vəhşilik. İnsan beyni nə qədər iyrənc olarmış. Artıq düşməni düşmən adlandıra bilmirəm. Amma bir ad da tapa bilmirəm onlara. Burdakı mənzərə öldürür məni. Meyidlərimizi çıxartdıqları qəbirin içinə girirəm. Artıq ölmüşəm mən. Canlı şəhidəm.

Üz tuturuq Qaracı qəbirstanlığına. Adı var, yeri var qəbirlərimiz isə yox. Düşmən qəbirimizdən qorxurmuş. Keçə bilmirmişlər qəbirlərimizin yanından. Vahimələnirmişlər. O üzdən məhv ediblər qəbirstanlığımızı. Allah cəzanızı versin!

Qayıdırıq şəhər mərkəzinə.

Fürsətim var. Artıq ağdamlıyam. Ağdamlı ruhum oyanıb. Ağdam variantı edib aradan çıxıram. Özümü verirəm məhəlləmizə. İlahi, o boyda M.F Axundov küçəsini nə günə salıblar?! Kanalizasiya xətlərini çıxardıb küçəni cığır ediblər. Evimizi, dayılarımın evini, xalamın evini, qonşularımızın evini yerlə bir ediblər. Kimin ki evi çay daşlarından olub, sökməyiblər. Partladıblar. Daşımızdan qorxublar. Başlarına töküləcəyindən. Kimin ki evi Ağdamın ağ daşından olub, onu söküb daşıyıblar. Misli görünməmiş vəhşilik. Bu vəhşiliyi qələmə almaqda acizəm. Bunu ancaq görmək lazımdı. Dünyanın ən böyük vəhşilik əsəridi Ağdam.

Ordan gedirəm məktəbimizə. S. Bayramov adına 1 nömrəli şəhər məktəbinə. Hanı müəllimlərim? Hanı müəllimələrimiz? Hanı sinif yoldaşlarım? Hardasınız? Axı biz sevgi ilə yaşayırdıq. Axı biz sevgi ilə böyüyrdük. Axı bizə sevgi öyrədirdilər. Bəs bu vəhşilik həyatımıza, ömrümüzə niyə yazıldı?

Qayıdıram mərkəzə. Ağdam Cümə məscidinin qarşısına. Özümə yer tapa bilmirəm. Vaxt az, ziyarət böyük.

Ağac aparmışdım Ağdama. Tez abadlaşmağını istəyirdim Ağdamın. Məscidin bir küncündə qazıram torpağı. Torpaq sevinir. Mənə kömək edir. Açır sinəsini. Bir alma ağacı əkirəm torpağıma. Ruhum sakitləşir. Əkib sulayan kimi qalxıram məscidin minarəsinə. Bütün Ağdamı görürəm. Ağdam da məni görür. Ordan hər evə, hər küçəyə qonmaq istəyirəm. Hər daşımızı əzizləmək istəyirəm.

Aşağıdan çağırılar – “Nicat, gəl!”. Səfər çərçivəsindən qaçmaq olmaz. Yola davam. Üz tuturuq  Şahbulaq qalasına. Musəvi küçəsi ilə. Seyidli Qiyaslı yolu ilə.

Burda sevinirəm. Qala qala kimi qalıb. Ağdamda olanda getməmişdim Şahbulağa. Birinci səfər idi görürdüm. Necə möhtəşəmdi?!

Təxminən 30 metrliyində bulaq var. İç ki içəsən. Bax indi böyüyürəm. O bulaq suyu məni böyüdür. Bütün vücudum sakitləşir. Axan göz yaşımın yerini Şahbulağın suyu doldurur. Day ağlamayacam. Gözümdən Şahbulağın suyunun axmasına izn verəməm.

 

16-04- 2021

TƏQVİM / ARXİV