adalet.az header logo
  • Bakı -°C
18 Oktyabr 2023 20:23
557
SİYASƏT
A- A+

Rusiya-Türkiyə-İran triosu daha bir vacib dəhlizdə ABŞ-ı... - Elxan Şükürlü yazır

ABŞ prezidenti Bayden Rusiyanı çəmbərə alacaq 3 vacib geopolitik toqquşma mərkəzinin üçündə də - Ukrayna, Cənubi Qafqaz və Mərkəzi Asiyada mövqelərini itirmək üzrə olduğu kimi, amerikalılar üçün daha bir vacib regionda – Yaxın Şərqdə də ciddi nüfuz itkisinə məruz qalmaqdadır.

Suriya və Qarabağ problemlərinin həlli üzərində uzlaşma və ortaq fəaliyyət imkanı əldə edən və beləliklə də, Çin və Hindistandan Avropaya quru yolla gedəcək bütün nəqliyyat dəhlizlərinin Qərbin nəzarətinə keçməsinin qarşısını alan Rusiya-Tükiyə-İran triosu artıq HƏMAS-İsrail toqquşmasıyla yenidən körüklənən Yaxın Şərq probleminin çözümündə də təşəbbüsü ABŞ-ın əlindən alır.

Xatırladaq ki, katolik Bayden prezidentlik kürsüsünə əyləşən kimi, 2021-ci ilin martında sevimli dostu olan Roma papası Frensiskin Yaxın Şərqə, o cümlədən İraqa səfərini və nüfuzlu şiə lider Sistani ilə görüşünü təşkil etməklə, amerikalıların üç dinin təmsilçilərinin bir araya gətirilməsini nəzərdə tutan “İbrahim oğulları sazişi”ni genişləndirməkdə maraqlı olduğunu göstərmiş, ardınca da ərəb-İsrail dostluğunun yaradılması yönündə fəal addımlar atmağa başlamışdı. Hətta bu danışıqların nəticəsi olaraq, 2023-cü ilin 9-10 sentyabrında keçirilən G-20 sammitində Hindistandan Avropya yeni dəhliz layihəsi də təqdim etmişdi: Hindistan-BƏƏ-Səudiyyə Ərəbistanı-İordaniya-İsrail.

Bu layihənin gerçəkləşməsinə ən böyük maneələrdən biri isə hazırda bütün dünyanın diqqətinin cəmləşdiyi sonuncu ünvan – İsrailin Aralıq dənizindəki limanlarına təhlükə yaradacaq kiçik Qəzza bölgəsi sayılırdı...

Hazırda amerikalılar hesab edirlər ki, İsrail HƏMAS-ın 7 oktyabrdakı hücumunu ən qısa müddətdə öz lehinə çevirərək, Qəzzanı tamamilə boşaltmağa, köçürməyə və bununla da Aralıq dənizi sahilindəki limanların təhlükəsizliyini təmin etməyə müvəffəq olacaq.

Elə savaş başlayan kimi, ABŞ-ın “hərəkət edən hərbi baza” funksiyası yerinə yetirən iki hərbi gəmisini dərhal Aralıq dənizinin şərq sahillərinə gətirməsi də bu məqsədlədir – ABŞ İsraili meydanda tək qoymayacağını göstərir və digər güclərə, xüsusən də İrana açıq mesaj verir ki, onlar İsrailin Qəzzanı təmizləmə əməliyyatına mane olmamalıdırlar!

Ancaq HƏMAS-ın təkbaşına müqavimətinin ABŞ və İsrailin gözlədiyindən daha çox çəkməsi, İsrailin quru əməliyyatlarının ləngiməsi, hətta xəstəxanaları belə bombardmana əl atması, qəzzalıların isə kütləvi qırğına baxmayaraq, hələ də öz evlərini tərk etməmələri bütün İslam dünyasında, o cümlədən ərəb ölkələrində ABŞ və İsrailə qarşı qəzəb və nifrət hissini körükləməklə, hər iki ölkəylə bütün anlaşmaları dəfn edir. Artıq İsrailin mülki əhaliyə qarşı törətdiyi bu amansız qətliamdan sonra hər hansı ərəb ölkəsi hakimiyyəti onunla anlaşmaya risk etməyəcək!

ABŞ-ın İsraili dəstəkləməsi fonunda Türkiyə-Rusiya-İran triosunun İsraili hərbi əməliyyatları dayandırmağa çağırması, Fələsin dövlətinin qurulmasını və ikidövlətli həll modelini dəstəkləməsi, ehtimal ki, sünnili-şiəli İslam dünyasını bu geopolitik savaşda artıq həlledici seçimə məcbur edəcək.

Rusiyanın BMT Təhlükəsizlik Şurasında hərbi əməliyyatları dərhal dayandırmaq və Qəzzaya humanitar yardım göstərmək təşəbbüsünü ABŞ və İngiltərənin bloklaması isə açıqca göstərir ki, İsrail Qəzzada həlledici uğur qazanmayanədək, ABŞ və Avropa əməliyyatların dayandırılmasında qətiyyən maraqlı deyil.

Görünən odur ki, indi ərəb ölkələrini öz yanına çəkməkdə və bu coğrafiyaya sülh gətirməkdə arxasında Çinin durduğu Rusiya-Türkiyə-İran triosu daha bir vacib dəhlizdə ABŞ-ı üstələmək və onu regiondan birdəfəlik qovmaq imkanındadır.

Bacarcaqlarmı? Onu tezliklə hər kəs görəcək. Sülh isə nə Ukraynada, nə Cənubi Qafqazda, nə də Yaxın Şərqdə hələ əldə edilməyib.