21 Aprel 2025 10:47
100
DÜNYA

Rusiya-Ukrayna sazişi bu tarixdə imzalana bilər - Tramp

ABŞ prezidenti Donald Tramp bu həftə Rusiya ilə Ukrayna arasında saziş imzalanacağına ümid etdiyini bildirib.

Adalet.az xəbər verir ki, bu barədə o, özünün Truth sosial şəbəkəsində yazıb.

"Ümid edirəm ki, bu həftə Rusiya və Ukrayna razılığa gələcək və bundan sonra hər iki tərəf çiçəklənən və sərvət yaradan Amerika Birləşmiş Ştatları ilə böyük biznesə başlayacaq", - Ağ Ev rəhbəri bildirib.

O, hansı sövdələşməyə ümid etdiyini dəqiqləşdirməyib.

Xatırladaq ki, aprelin 19-da Rusiya prezidenti Pasxa bayramı münasibətilə aprelin 21-də gecə yarısına qədər atəşkəs elan edib. Vladimir Putin Ukrayna hakimiyyətini onlardan nümunə götürməyə və döyüşləri dayandırmağa çağırıb.

“Eyni zamanda, qoşunlarımız atəşkəs rejiminin mümkün pozulması və düşmən tərəfindən təxribatların, onun istənilən təcavüzkar hərəkətlərinin dəf edilməsinə hazır olmalıdır”, - deyə o qeyd edib.

Ukrayna lideri Vladimir Zelenski əvvəlcə Pasxa atəşkəs təklifini dəstəkləməkdən imtina edib. Amma qısa müddətdən sonra razılaşıb və hətta 30 gün uzatmağı təklif edib.