29 Iyun 2025 18:38
337
MƏDƏNİYYƏT

Rusiyalı sənətçilər “Dream Fest”dən uzaqlaşdırıldılar -FOTO

"DREAM FEST 2025" beynəlxalq musiqi festivalı iyulun 23-dən 26-dək yenilənmiş proqramla keçiriləcək.

Adalet.az xəbər verir ki, bu barədə festivalın təşkilatçısı, Xalq artisti Emin Ağalarov İnstaqram səhifəsində paylaşım edib. 

Qərar Azərbaycan Mədəniyyət Nazirliyinin 29 iyun tarixli müraciəti ilə əlaqədar qəbul edilib. 

"Birinci və üçüncü günlərin heyəti demək olar ki, dəyişməz qalacaq, ikinci və dördüncü günlərdə isə təşkilatçılar yeni adlar hazırlayacaqlar. Dünyanın hər yerindən gələn ulduz ifaçıların yenilənmiş heyəti yaxın günlərdə açıqlanacaq", - deyə Emin bildirib. 

O qeyd edib ki, zəruri hallarda biletlərin dəyişdirilməsi və qaytarılması bilet operatorlarının qaydalarına uyğun olaraq mümkün olacaq.

Xatırladaq ki, Azərbaycan Mədəniyyət Nazirliyi Rusiyanın Yekaterinburq vilayətində etnik mənsubiyyətinə görə azərbaycanlılara qarşı bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən nümayişkarcasına törədilmiş məqsədli və mühakiməsiz qətl və zorakılıq əməllərini və bütövlükdə son dövrlərdə bu kimi halların sistematik xarakter aldığını nəzərə alaraq, Rusiya ilə dövlət və özəl müəssisələrin xətti ilə Azərbaycanda keçirilməsi nəzərdə tutulan mədəniyyət tədbirləri, o cümlədən konsertlər, festivallar, tamaşalar, sərgilər və s. ləğv edib.