24 Iyul 2025 13:23
236
MƏDƏNİYYƏT

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi qeyd olunur - FOTOLAR

Qələmin gücü ilə formalaşan milli düşüncə, mətbuatın söz vasitəsilə cəmiyyətə təsir imkanları və ictimai şüurda oyanış yaratmaq bacarığı 150 ildir ki, Azərbaycan mediasının əsas missiyasını təşkil edir. 1875-ci il iyulun 22-də Həsən bəy Zərdabinin təşəbbüsü ilə nəşrə başlayan “Əkinçi” qəzetindən bu günə qədər Azərbaycan mətbuatı bir çox tarixi mərhələlərdən keçərək öz milli kimliyini qoruyub saxlamağı bacarıb. Mətbuat yalnız informasiya mənbəyi deyil, həm də maarifçi, tərbiyəvi və ictimai gücdür. Bu güc vasitəsilə formalaşan milli jurnalistika ənənələri bu gün də yaşadılmaqda, yeni nəsil media nümayəndələri tərəfindən davam etdirilməkdədir.

Azərbaycan Milli Mətbuatının 150 illik yubileyi münasibətilə ölkəmizdə silsilə tədbirlər keçirilir. Media qurumlarının təşəbbüsləri ilə reallaşan layihələrlə yanaşı, müxtəlif dövlət qurumları və ictimai təşkilatlar da mətbuat tariximizin əlamətdar mərhələsini təntənəli şəkildə qeyd edir.

Mədəniyyət Nazirliyi və Teatr Xadimləri İttifaqından media nümayəndələrinə mükafat

21 iyul 2025-ci il tarixində Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə Milli Mətbuatın 150 illik yubileyinə həsr olunmuş xüsusi tədbir keçirilib. Tədbirdə teatr sənəti sahəsində əməkdaşlıq edən media nümayəndələri və Teatr Xadimləri İttifaqının üzvləri iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan İttifaqın sədri, Xalq artisti, Dövlət mükafatı laureatı Hacı İsmayılov jurnalistləri Milli Mətbuat Günü münasibətilə təbrik edib. O, çıxışında Azərbaycan mətbuatının keçdiyi zəngin və şərəfli inkişaf yoluna nəzər salaraq, media nümayəndələrinin teatr sənətinin təbliğində göstərdiyi rolu yüksək qiymətləndirib.

Daha sonra teatr sahəsində uğurlu fəaliyyəti ilə seçilən jurnalistlər və media nümayəndələri “İttifaqın dostu” diplomu, Fəxri fərman və “Teatr fədaisi” medalı ilə təltif olunublar.

Mükafatlandırılanlar göstərilən diqqət və qiymətə görə Teatr Xadimləri İttifaqına təşəkkürlərini bildiriblər. Tədbirin sonunda iştirakçılar xatirə şəkilləri çəkdiriblər.

Təltif olunanlar:

“İttifaqın dostu” diplomu ilə:

Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Ağalar İdrisoğlu (Mehdiyev)
Azərbaycan Televiziyası Mədəniyyət Kanalının bədii rəhbəri, Əməkdar mədəniyyət işçisi Rövnəq Həsənzadə
Trend Beynəlxalq İnformasiya Agentliyi Mədəniyyət şöbəsinin rəhbəri Vüqar İmanov
Real Təhlil İnformasiya Mərkəzinin Proqram Departamentinin rəhbəri Kamran Qasımov
Azərbaycan Dövlət İnformasiya Agentliyinin redaktoru Suvar İbadov (Abdulla Suvar)
«Xalq» qəzeti Humanitar siyasət şöbəsinin müdiri Əli Nəcəfxanlı
İKİSAHİL.AZ xəbər portalı üzrə şöbə müdiri Qvami Rəsulov
Prezident təqaüdçüsü, yazıçı, jurnalist Şəlalə Camal (Dünyamalıyeva)
Azərbaycan Dövlət İnformasiya Agentliyinin müxbiri Fidan Əlizadə
105 FM radiosunun rejissoru, jurnalist Vəfa Sərdar (Qədirova)
“Vətən Səsi” saytının müxbiri Mina Rəşid (Şıxova)
Mədəni tədbirlərin təşkilatçısı Sevda Əliyeva
PRESSKLUB.AZ saytının redaktoru Ramilə Qurbanlı

Fəxri fərmanla

Azərbaycan Televiziyası Mədəniyyət Kanalı “Min maska” layihəsinin rəhbəri Həmid Əsədzadə
Azərbaycan Televiziyası Mədəniyyət kanalı Mədəniyyət xəbərləri redaksiyasının müxbiri Məmməd Məmmədli
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin təşkilatçısı Sələmə Məhərrəmova
M.F.Axundzadə adına Şəki şəhər Mədəniyyət Mərkəzinin bədii rəhbəri Elvin Nüsrətoğlu (Abdulxalıqov)
Jurnalist-dramaturq Ülviyyə Heydərova
Jurnalist-dramaturq Cavid Zeynallı

“Teatr fədaisi” medalı ilə

Gülcahan Mirməmməd
Həmidə Rüstəmova
Samirə Behbudqızı

 

Hazırladı: Şəlalə Camal