“Tarix istəyirdi ki, öz yalanı ilə muzeydə məni də xamlasın”
“İstanbuldakı tarix muzeylərinin birində (təəssüf ki, adını xatırlamıram) mənə şüşə örtüyün altında bir bazubənd göstərib dedilər ki, bu, Şah İsmayıl Xətainin bazubəndidir.Bilməyənlər üçün deyim ki, bazubənd sərkərdələrin döyüş zamanı biləklərinə bağladıqları polad qolbaqdır. Bazubənd o qədər nəhəng idi ki, mən onu rahatlıqla belimə bağlaya bilərdim. Öz-özümə düşündüm ki, yəni doğrudanmı, Şah ismayılın biləyi mənim belim yoğunluğunda olub? Biləyi bu yoğunluqda olan adamın boyu, ən azı, 6-7 metr olmalıdır. Bu işdə nəsə bir şuluqluq var”.
Adalet.az xəbər verir ki, bunu yazıçı Aqşin Yenisey deyib.
O, bildirib ki, bazubəndin sirrini çözməkdə ədəbiyyat dadıma çatdı:
“Orta əsrlərdə şahları, sərkərdələri, dini qəhrəmanları təsvir edən mədhiyyələri xatırladım. Mindiyi hər atın belini sındıran, iki barmağı ilə nəhəng qayanı yerindən dik götürən, qılıncını gəzdirməyə bir kəndin adamının gücü çatmayan sehrli sözlərlə mədh olunmuş, mistik varlıqlar halına salınmış tarixi, qeyri-tarixi obrazları.Və anladım ki, televizorun, medianın olmadığı dövrlərdə öz şahının, sərkərdəsinin nə qədər möhtəşəm gücə sahib olduğuna xalqı inandırmaq üçün onun bu cür kamaz təkəri boyda bazubəndlərini, tonyarımlıq qılınclarını, nə bilim, beş atın sürüyə bilmədiyi qalxanlarını hazırlayıb nümayiş etdirirmişlər. Tarix istəyirdi ki, öz yalanı ilə muzeydə məni də xamlasın. İnandırsın ki, cəmi beş yüz əvvəl yer üzündə biləyi sənin belin yoğunluğunda olan insanlar yaşayıb. Xəbəri yox idi ki, mən hər gördüyünə, hər eşitdiyinə, hər oxuduğuna inanmağın başını ikinci sinfə gedəndə buraxmışam”.
Vasif ƏLİHÜSEYN


Bakı -°C

