adalet.az header logo
  • Bakı 15°C
  • USD 1.7
18 Yanvar 2022 13:30
1138
ƏDƏBİYYAT

Sadıq Murtuzayev kimdir?- Çingiz Ənvəroğlu yazır

Mənə belə bir sualla müraciət edən olsa, iki kəlmə ilə deyə bilərəm ki, o, kişi adam idi. Dediklərimi təsdiq etmək üçün Sadıq Murtuzayevin Şəkidə birinci katib olduğu illərdə onun haqqında eşitdiklərimi və şahidi olduğum hadisələri yazsam, məncə kifayət edər. Elə bu məqsədlə də bu yazını yazdım. 1970-ci ilin aprel ayı idi. Şəki şəhər Sovetinin iclas zalında Şəki şəhər Partiya Komitəsinin plenumu keçirilirdi. Gündəlikdə bir məsələ var idi. Birinci katib Aydın Kaşıyev tutduğu vəzifəsindən azad edilirdi, Sadıq Murtuzayev Şəki şəhər Partiya Komitəsinin birinci katibi seçilməli idi. Plenumda çıxış edənlər işdən çıxarılan Aydən Kaşıyevin ünvanına hər cür tənqidi və nalayiq sözlər deyirdilər. Hamı hadisələrin gedişatını diqqətlə izləyir, heç kim başqasının danışığına müdaxilə etmirdi. Amma zalda oturan Plenum üzvlərindən çoxu tribunadan Aydın Kaşıyevin ünvanına "odlu-alovlu” tənqid söyləyənlərə ikrah hissi ilə baxırdılar. Şəki şəhər Partiya Komitəsi Kənd Təsərrüfatı Şöbəsinin müdiri Ələsgər Cəbrayılov (ona iş yoldaşları öz aralarında "əzrayılov” deyirdilər. O, işgüzar və təmənnasız adam idi. ) çıxış üçün tribunaya çatanda üzünü çevirdi rəyasət heyətinə və danışmağa başladı.

Hörmətli Aydın müəllim, Siz rayonda birinci katib olduğunuz müddətdə Şəki rayonunda kənd təsərrüfatı sahəsində xeyli inkişaf olub və dediyi fikri rəqəmlərlə, faktlarla aydınlaşdırdı. Sonra dedi ki, iş olan yerdə nöqsanlar da olar, bu təbiidir. Ancaq bu nöqsanların hamısı sizin yox, bizim nöqsanlarımızdır. Əgər biz hamımız öz işimizin öhdəsindən layiqincə gəlsəydik, sizi də hər yerdə başı uca edərdik və indi sizi vəzifənizdən azad etməzdilər. Döşünüzə bir orden də taxıb, daha yuxarı vəzifələrə aparardılar. Bizim hamımızın işimizdə yol verdiyimiz nöqsanların cəzasını indi siz çəkirsiniz. Mən rəhbərlik etdiyim kollektiv adından sizdən üzr istəyirəm. İşimiz nöqsanlı olsa da, heç birimizin əmək haqqını kəsdirmiməsiniz. Hətta ilin sonunda bizə mükafatlar da verdirmisiniz. Haqqınızı bizə halal edin. Zalda oturanların hamısı Ələsgər Cəbrayılovun çıxışını alqışlarla qarşıladılar. Buna qədər heç kimə əl çalınmamışdı. Sadıq Murtuzayev bütün çıxışları və zalda oturanların reaksiyasını diqqətlə izləyirdi. O, işə başlayandan 2-3 gün sonra işdə yol verdiyi npöqsanlara görə çoxlarını vəzifəsindən azad etdi. Ələsgər Cəbaryılov da ona işdən çıxmaq ərizəsi ilə müraciət etdi. Sadıq Murtuzayev onun ərizəsini geri qaytarıb və özünə də demişdir ki, Plenumda çıxış edənlər arasında bir nəfər "kişi sözü” deyən gördüm, o da sən idin. Mən səni işdən çıxarmaram.

Bundan sonra 10 il Sadıq Murtuzayev Şəkidə birinci katib işlədi, Ələsgər Cəbrayılov da Rayon Partiya Komitəsi Kənd Təsərrüfatı Şöbəsinin müdiri vəzifəsində ləyəqətlə işini davam etdirdi. Şəkidə həmin illərdə kənd təsərrüfatı sahəsi daha çox inkişaf etmişdir. Yeni cins heyvandarlıq

kompleksləri yaradılmış, üzüm bağları salınmış, şərab zavodları açılmış, polimet meyvə bağları salınmış, taxıl sahələri genişləndirilməklə yanaşı, məhsuldarlıq intensiv inkişaf etdirilmişdir. Tütün, çəltik, bostan-tərvəz məhsullarının istehsalı da dəfələrlə artmışdır. Hətta Şəkidə belə bir lətifə də yayılmışdır ki, şəhər sakinləri Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Heydər Əliyevə məktub göndəriblər ki, çox hörmətli Heydər Əliyev Şəkinin kənd təsərrüfatı sakinləri Sizə minnətdarlıq edirlər. Rayonun kəndlərində sözün həqiqi mənasında görünməmiş inkişaf vardır. İnsanların ailə-məişət şəraiti xeyli yaxşılaşıb. Şəhər camaatı Sizdən xahiş edir ki, Sadıq Murtuzayeva tapşırasınız ki, şəhərlilərin də yaxşı yaşaması üçün bizə də diqqət və qayğını artırsın. Əlbəttə, bu, bir zarafat idi. Bunu yayanlar Sadıq Murtuzayevin şəhərə diqqətini daha çox cəlb etmək üçün bu lətifəni yayırdılar.

Həmin illərdə Şəki şəhərində tikinti, abadlıq işləri büdcənin imkanları daxilində aparılırdı. Yeni yaşayış mənzilləri tikilir, yeni idarə və müəssisələr açılırdı. Şəki İpək Kombinatı, Tütün Fermentasiya Zavodu, Yerli Sənaye Kombinatı, Ət-Süd Kombinatı və başqa sənaye obyektləri genuişləndirilir, istehsal etdikləri məhsulları yeni bazarlara cəsarətlə çıxara bilirdilər.

 

************

Sadıq Murtuayevlə mənim şəxsi görüşlərim 1977-ci ilin noyabr ayının 15-dən başlayıb. Mən Azərbaycan Dövlət Universitetinin Jurnalistika fakultəsini bitirib, təyinatla Şəkiyə gəlmişdim. O vaxtlar jurnalistika fakultəsi Azərbaycanda yeganə fakultə idi ki, təyinatları Mərkəzi Komitə verirdi və üstündə bir məktubla göndərirdilər rayonların birinci katiblərinin sərəncamına. Mə də belə təyinatla gəldim Sadıq Murtuzayevin qəbuluna. Biz xeyli, davamlı söhbət etdik. Bu söhbətdən sonra Sadıq müəllim ikinci katib – böyük ziyalı Ənvər Nəzərlini kabinetinə çağırdı. Mənim Ənvər müəllimlə tanış etdi və tapşırdı ki, bu oğlan mənim xoşuma gəldi, savadlıdır, siyasətdən, tarixdən və ədəbiyyatdan məlumatlıdır. Mən onu bir başa "Şəki fəhləsi” qəzetinin kənd təsərrüfatı şöbəsinə xüsusi müxbir təyin edirəm. İşə göndəriş əmrini hazırlayın və bu gündən işə başlasın. Onu da qeyd edim ki, Sadıq Murtuzayev həmin vaxt Filologiya elmləri namizədi idi və onunla davamlı söhbət etmək asan məsələ deyildi. Sadıq Murtuzayev ayağa qalxıb, məni çox səmimi təbrik etdi və tapşırdı ki, işlədiyin müddətdə nə sözün, problemin olsa, Ənvər Nəzərliyə müraciət edə bilərsən. Şəkidə humanitar sahədə bütün məsələlərə Ənvər müəllim rəhbərlik edir. Nə vaxt ehtiyacın olsa, mənim yanıma da gələ bilərsən.

Deməli, mən Şəkiyə gəlib Sadıq Murtuzayevin qəbulundan çıxandan 40-45 dəqiqə sonra işə qəbul olmaq əmrimi aldım və əlimdə əmrlə "Şəki fəhləsi” qəzeti redaksiyasına getdim. Qəzetin baş redaktoru o vaxtlar Ənvər Mikayılzadə idi. Kollektiv məni hörmətlə qarşıladı.

Təxminən bir ay işlədikdən sonra tədricən redaktorla mənim aramda münasibətlər kəskinləşməyə balşladı. Mən bununla əlaqədar şöbə müdirim İbrahim Paşayevə məlumat verdim. O, gülümsəyib dedi ki, bunu hələ indi bilmisən? Mən maraqla soruşdum.Bəs siz nə vaxt bilmisiniz? Dedi, sən işə gələndən təxminən bir həftə sonra. O, gözləyir ki, sən burada işə gəldiyinə görə ona hörmət edəsən. Mən dedim, İbrahim müəllim, mən axı ona qarşı heç yerdə hörmətsizlik etməmişəm. İbrahim Paşayev yenə gülümsəyib dedi. Elə hörmət yox , o, səndən müəyyən məbləğdə vəsait almaq istəyir. Dedim, mən axı burdan əlavə nə qazanıram ki, ona da nə verim? Jurnalistika fakultəsində oxuyub , professor Şirməmməd Hüseynovdan təhsil və tərbiyə alanlar heç vaxt çirkaba bulaşmazlar. Paşayev dedi, onun iş prinsipi belədir.

Mən işlədiyim müddətdə nə heç kimdən heç nə almadım, nə də ona heç nə vermədim. Hadisələr tədricən kəskinləşdi və 6 ay bitəndə redaktor əmr yazıb məni işdən azad etdi. Mən işdən çıxmaq əmrimi alıb redaksiyadan çıxdım, özüm də bilmədən fikirləşə-fikirləşə gəldim Şəki şəhər Partiya Komitəsinə. Orada öyrəndim ki, həmin gün Sadıq Murtuzayevin qəbulu var. Mən də adımı qəbula yazdırıb girdim Murtuzayevin kabinetinə. Salam verib qapının yanındakı axırıncı stulda oturdum. Sadıq müəllim başını tərpədib salamımı aldı və qəbula gələnləri dinləməkdə işinə davam etdi. Növbə mənə çatanda Sadıq müəllim dedi: Sən bayaqdan orda oturmusan, amma fikir verirdim heç nə qeyd etmədin. Xeyir ola, sən nə üçün gəlmisən. Mən özümü toplayıb dedim: Yoldaş Murtuzayev, mən də başqa iş istəyirəm. Murtuzayev diqqətlə mənə baxıb dedi: Biz axı səni rayon qəzetinin redaksiyasında işlə təmin etmişik, başqa nə iş istəyirsən. Mən dedim, çox sağ olun, siz məni işlə təmin etmişdiniz, amma bu gün qəzetin redaktoru məni işdən azad etmək barədə əmr yazıb verdi. Sadıq müəllimi elə bil tok vurdu. Necə yəni o səni işdən azad edib. Sən axı Mərkəzi Komitənin göndərişi ilə gəlmisən. Mən səni redaksiyada işlə təmin etmişəm, o səni nə deyib işdən azad edə bilər? İşində nə isə ciddi nöqsanın olub? Mən cavab verdim ki, xeyir, işdə heç bir nöqsanım olmayıb. Sadıq müəllim bir də soruşdu. Bəs işdən çıxarılmağının səbəbi haqda sənə nə dedi? Dedim ki, mənə deyir, sən mənim tələbatımı ödəyə bilmirsən. Sadıq müəllim mənim bu cavabımı eşidib, yenə bir qədər də əsəbləşdi. Sən neçə aydı orada işləyirsən? Mən cavab verdim ki, 6 ay təzə bitib. Sadıq müəllim yenə bir qədər düşünüb dedi: Sən təyinatla gələn adamsan, 2 il həmin yerdə işləyib, təcrübə toplamalısan. Onlar 6 ayda sənə nə öyrədiblər ki, səndən də nə tələb etsinlər. Mən danışmadım. Murtuzayev katibəsinə dedi ki, qəzetin redaktoru mənə zəng etsin. Yenə bir neçə dəqiqə sakitlik oldu. Sadıq müəllim qarşısındakı yazılı vərəqlərə göz gəzdirib dayandı və mənə bir də sual dolu nəzərlərlə baxıb dedi. İşdə sənin ciddi bir nöqsanın, yazılarında siyasi səhvlərin olub? Mən özümü toplayıb, arxayınlıqla və qətiyyətlə cavab verdim. Xeyir, yoldaş Murtuzayev, heç bir

səhvim və nöqsanım olmayıb. Sadıq müəllim yenə bir az düşünüb dedi: Belə olan halda, qəzetin redaktoru qanunu bilmir ki, sən gənc kadrsan, sənə diqqət və qayğı göstərilməlidir, jurnalistliyin sirləri sənə öyrədilməlidir. Bəs başqa nə təmənnası ola bilər? Bu anda mən gülümsədim. Bu Sadıq müəllimin diqqətini cəlb etdi və ani olaraq sifəti ciddiləşdi. Bəlkə redaksiyaya işə gəldiyinə görə səndən təmənnası olub? Mən bir söz deməyib, başımı aşağı tutub sakib durdum. İşin nə yerdə olduğunu anlayan Sadıq müəlliimin rəngi dəyişdi, nəfəsi təngidi. Elə bu vaxt telefon zəng çaldı. Sadıq müəllim dəstəyi götürüb, qarşı tərəfdən qəzet redaktorunun səsini eşidən kimi qəzəbli və amiranə səslə dedi. Bu cavan kadarı redaksiyaya işə mən göndərmişəm, hələ 6 ay vaxt ötüb, ona nə öyrətmisiniz ki, indi deyirsən mənim tələbimi ödəmir. Bəlkə sənin başqa tələbin olub. Səni möhkəm cəzalandıracağam, onda başa düşərsən ki. tələbini ödəmək necə olur, deyib telefonun dəstəyini qoydu. Yenə bir neçə dəqiqə sakitlik oldu. Sonra Sadıq müəllim mənə dedi. Qayıt redaksiyaya, başını aşağı sal, işinlə məşğul ol. Çalış jurnalistliyin sirlərini təcrübəli yoldaşlardan öyrən. Kollektivdə yaxşı jurnalistlər var. Mən Sadıq müəllimə təşəkkür edib, kabinetdən çıxdım və qayıdıb getdim redaksiyaya. Mənim işdən çıxmaq əmrimin surəti hələ foyedəki lövhədə asılmışdı. Mən iş otağımda oturub Bakıdan gələn respublika qəzetlərini vərəqləyirdim. Redaktorun müavini - gözəl insan Rəhim Maqsudov otağa daxil olub, gülə-gülə mənə dedi. Hə cavan oğlan, möhkəm ol, belə oyunlar hamımızln başına gəlib. Yazılarını yaz, gətir mən baxım, ondan sonra redaktora ver. Bu minvalla mən 3 il redaksiyada işlədim. Maraqlı yazılarımla rayonda tanınmışdım.

Şəki yerli Radio Verlişləri Redaksiyasında redaktor yeri boşalmışdı. İkinci katib Ənvər Nəzərli məni çağırdı və təklif etdi ki, get yerli radioda redaktor işlə. Mən təklifə görə Ənvər müəllimə təşəkkür etdim. O, dedi ki, bu mənim fikrim deyil. Bu təklifi Sadıq Murtuzayev edib. Mən Ənvər müəllimdən xahiş etdim ki, mənim təşəkkürümü də Sadıq Murtuzayevə çatdırın və bildirmək istəyirəm ki, qəzetdən çıxmaq fikrim yoxdur. Bir halda gedərəm, həmin redaktor işdən çıxandan 3 gün sonra Mənim bu qətiyyəim Sadıq Murtuzayevin də xoşuna gəlmişdi. Radioda redaktor yeri 6 ay boş qaldı. Amma heç kim mənə ora getməyi təkid etmədi. Mənə bu təklifdən 3 ay sonra qəzetin redaktoru korrupsiyada təqsirləndirilərək rayon prokurorun təqdimatı ilə işdən azad edildi. Mən 3 ay da yeni redaktorla işləyib, sonra Şəki yerli Radio Verlişləri Redaksiyasında redaktor vəzifəsində işləməyə getdim. Mən 1990-cı illərdə başa düşdüm ki, Sovet İttifaqı kimi nəhəng bir dövlətin dağılmasının əsas səbəblərindən biri ölkədə baş alıb gedən rüşvətxorluq və korrupsiya olub.

************

Şəki Azərbaycanın ən böyük taxılçılıq rayonudur. Şəki Taxılçılıq Savxozunun mexanizatoru Baba Səmədov işindəki yüksək nəaliyyətlərə görə 1978-ci ildə Sovet İttifaqının ən ali mükafatı – "Sosialist əməyi qəhrəmanı” adına layiq görülmüşdür. Bu xəbər televiziyada və qəzetlərdə rəsmi elan olunandan bir ay sonra Sadıq Murtuzayev şənbə müşavirəsində dedi ki, uzun illərdir Şəkidə bu adı alan olmayıb. Bəs "Şəki fəhləsi” qəzeti niyə susur, Baba Səmədov haqqında sanballı bir yazı yazmırlar? Növbəti iş günündə redaksiyada Baba Səmədov haqqında oçerk yazmaq məsələsi müzakirə olundu. Kollektiv üzvlərindən heç kim bu yazını yazmağı boynuna götürmədi. Mən həmişə bədii yazı yazmaq həvəskarı olduğuma görə, oçerk yazmaq istədiyimi bildirdim. Lakin redaktor mənim oçerk yazmağımı istəmirdi. Ona görə ki, həmişə imkan düşəndə raykomun işçilərinin yanında deyirmiş ki, Çingiz Nağıyev yazı yaza bilmir. Sadıq Murtuzayevin tapşırığına görə onu bir təhər yola veririk. Redaksiyada oçerk yazmaq məsələsi bir neçə dəfə müzakirə olundu, yenə heç kim bu yazını yazmağı boynuna götürmədi. Redaktor əlacsız qalıb müavininə deyir ki, Çingizi göndər sovxoza getsin, Baba Səmədovdan oçerk yazsın. Sabahı gün mən səhər tezdən getdim Şəkinin taxılçılıq sovxozuna. O vaxt sovxozun direktoru çox hörmətli bir ağsaqqal – İsmayıl Hacıyev idi. İsmayıl müəllim gəlişimin məqsədini biləndə çox şad oldu. Sadıq Murtuzayev müşavirədə qəzet redaksiyasına oçerk yazmaq tapşırığı verəndə İsmayıl Hacıyev orada idi və Sadıq müəllimin əmək qəhrəmanı haqqında sanballı yazı yazılması tapşırığının şahidi olmuşdu. Ona görə də İsmayıl müəllim özü məni xidməti maşınında həmin gün axşama qədər büün təsərrüfatı gəzdirdi. Mən Baba Səmədovla, onun mexanizator dostları, taxılçı, sürücü və başqa kənd adamları ilə görüşüb söhbətlər edib, faktlar toplayanda sovxozun direktoru bir kənarda durub öz rəhbərlik işi ilə də məşğul olurdu və məni gözləyirdi. Mən başa düşürdüm ki, bu hörmətin ən azı 90-95 faizi Sadıq Murtuzayevə olan hörmətdir.

Mən həmin gün qayıdıb, gecə səhərə qədər oçerki yazıb, hazır etdim. Səhər redaksiyada şöbə müdirim rəhmətlik İbrahim Paşayevə danışanda ki, dünən bütün günü sovxozun direktoru İsmayıl Hacıyev öz xidməti maşını ilə axşama kimi məni təsərrüfatda gəzdirib, mən də lazım olan faktların hamısını asanlıqla toplaya bilmişəm. Paşayev təəcüb elədi ki, biz sovxoza gedəndə çox vaxt direktorun qəbuluna düşə bilmirik. Bəs necə olub sənə belə diqqət, qayğı göstərilib? Mən cavab verdim ki, başa düşdüyümə görə İsmayıl Hacıyev o hörməti məndən çox Sadıq Murtuzayevə görə edib. Mənim oçerkim "Şəki fəhləsi” qəzetində çap edildi və çox bəyənildi. Sadıq müəllim oçerki oxuyub, məni yanına çağırdı və çox səmimi görüşüb mənə xüsusi təşəkkür etdi. Mənim belə oçerk yazmağım ona çox xoş gəlmişdi və görüşün axırında dedi ki, o vaxt redaktor səni işdən çıxaranda mən səni

müdafiə etdim. Deməli, mən səhv etməmişəm. Hələ bir il bitməyib, sən artıq yaxşı bir jurnalist kimi yetişmisən. Bu məni daha çox şad edir. Sənə daha yeni uğurlar arzu edirəm. İşində möhkəm ol, qələmin iti, yazıların oxunaqlı olsun.

Bu görüş məni daha çox təsirləndirmişdi. Məndə yaxşı yazılar yazmaq həvəsi oyanmışdı. Sonralar eşitdim ki, daxili müşavirədə Sadıq Murtuzayev qəzetin redaktoruna möhkəm acıqlanıb və deyib ki, gənc kadrlara qayğı və diqqət göstərmək bizim hər birimizin rəhbərlik, partiyalılıq və vicdan borcumuzdur. Gördün, onun yazdığı oçerk indi rayonda əl-əl gəzir. Gənclərin taleyi ilə oynamaq olmaz. Onlar bizim gələcəyimizdir.

 

****************

Günlərin bir günü yenə getmişdim taxılçılıq sovxozuna. Qəzet üçün yazı hazırlamaq məqsədi ilə şöbələri gəzib, faktlar toplayırdım. Taxıl biçini mövsümü yarıdan keçmişdir. Hər yerdə biçilən sahələrdə yay şumu aparılırdı. Mən birinci şöbədə olanda məlumat aldım ki, burada yay şumu xeyli ləngiyib. Şöbə müdiri ilə bu mövzuda söhbət edəndə Şəki Rayon Partiya Komitəsi, Kənd Təsərrüfatı Şöbəsinin müdiri Ələsgər Cəbrayəlov ora gəldi. O, hamı ilə, hətta ətrafdakı fəhlələrlə də səmimi görüşüb gəldi bizim yanımıza. Söhbətə başlayanda təsərrüfatın şöbə müdiri təklif etdi ki, gəlin yaxınlıqdakı çayxanada bir çay içək və söhbətimizi orda davam etdirək. Biz birlikdə çayxanaya gedib, stol arxasında oturduq. Ələsgər müəllim məndən soruşdu ki, bu təsərrüfatdan aldığım məlumatlar necədir? Mən cavab verdim ki, burdan götürdyüm faktlara əsaslanıb deyə bilərəm ki, hər iş yaxşıdır, amma yay şumu rayon səviyyəsindən xeyli aşağıdır. Ələsgər müəllim dedi, elə Sadıq Murtuzayev məni bu məsələyə görə göndərib və tapşırıb ki, get araşdır gör orada şum işi niyə ləngiyir. Başladı şöbə müdiri ilə söhbətini ciddiləşdirməyə. Ələsgər müəllim nə qədər təkid etdisə, 10 gün müddətinə qədər bu təsərrüfatda şum işinin rayon səviyyəsinə qaldırmağa şöbə müdiri razılaşmadı. Dedi, şum traktorlarım təmirdən qurtarmayıb, çatdıra bilmərəm. Söhbət uzandıqca mübahisə kəskinləşirdi. Birdən yaxınlıqdakı xırmandan haray-həşir eşidildi. İlan, ilan deyib, hərə bir tərəfə qaçırdı. Ələsgər müəllim cəld hərəkətlə yerindən qalxıb, xırmana tərəf qaçdı. Adamlar xırmanın yaxınlığındakı kövşən tayasının yanında o tərəf bu tərəfə qaçırdılar. Biri qışqırırdı bel gətirin, biri deyirdi yaba hanı. Ələsgər müəllim qabaqda hadisə yerinə tərəf qaçırdı, mən də onun arxasınca gedirdim. Ələsgər Cəbrayılov ora çatana yaxın uzadan dedi. Onu öldürməyin! Onu öldürməyin! Ora çatıb soruşdu. İlan hanı? Adamlar maşının yük yerindəki kövşən preslərini göstərib dedilər. Odur, presin arasında. Mən gördüm kövşən presinin arasında sıxılmış vəziyyətdə qalan qızıl ilanın başı və bir qarış boynu sağa-sola yellənir. İkan nə qədər dartınsa da, sıxılmış presin arasından çıxa bilmirdi. Ələsgər müəllim qaçıb ilanın boğazından yapışdı və mənə dedi.

Qorxma, ilanı tutmuşam. Sən presin məftilini qır, mən adamların gətirdiyi yaba ilə presin məftilini qırdım. Pres açıldıqca Ələsgər müəllim ilanın bədənini dartıb çıxardı. İlan 1 metrdən də uzun idi, özü də əsl qızıl ilan idi. Ələsgər müəllim ilan əlində qaçdı şöbə müdirinin yanına, mən də onun arxasınca. Hələ başa düşə bilmirdim ki, ilan Ələsgər müəllimin nəyinə lazımdır. Ələsgər müəllim əlində ilan şöbə müdirinə tərəf gedəndə, şöbə müdiri qaçıb maşında oturdu. Maşında sürücü yox idi. Ələsgər müəllim ilanı əlində yellədib, şöbə müdirinə dedi. Bax, ya mənə kişi sözü verəcəksən ki, 10 gün müddətinə şum işini iki dəfə atıracaqsan, ya da ilanı buraxacağam maşınına. Şöbə müdiri iki əlini də qaldırıb başladı yalvarmağa.

And içirəm vicdanıma ki, deyəndə, Ələsgər müəllim onun sözünü kəsdi və dedi. Olmayan şeyə and içməzlər. Sənin vicdanın olsaydı, işin hamıdan dala qalmazdı. Şöbə müdiri dedi, yaxşı, and uiçirəm atamın qəbrinə ki, 10 günə şumu 3 dəfə artıracağam. Sonra Ələsgər müəllim gedib, ilanı xeyli uzaqda dərəyə buraxıb gəldi. Mən soruşdum ki. ilanı niyə öldürmədin. Dedi, o mənim işimə yaradı, mən onu niyə öldürümki. Soruşdum, bəs ilanı tutanda qorxmadın? Cavab verdi ki, Sadıq Murtuzayevin tapşırığını yerinə yetirmək üçün ilan nədir, 7 başlı əjdaha da olsa, tutaram. Biz üçümüzdə bu işə üərkdən güldük. Sonra öyrəndim ki, 10 gün müddətinə həmin şöbədə yay şumu işinin göstəricisi 3 dəfə artırılıb.

Sadıq Murtuzayevin inandığı kadrların hamısı ondan ötrü ölümün üstünə cəsarətlə getməyə hazır idilər.

 

****************

Sadıq Murtuzayev çox işgüzar adam idi. O, Şəkidə işlədiyi 10 il müddətində hər həftənin axırında-şənbə günü ümumrayon toplantısı keçirib, rayonda görülən işləri, hadisələri və növbəti həftə ərzində qarşıda duran vəzifələri müzakirə edib, tədbirlər görür və tapşırıqlar verirdi. Həmin günlərdən birində - 1979-cu ilin iyul ayında müşavirədə bğçılıq birliyinin direktoru Qəni Hüseynov Sadıq Murtuzayevə şikayət etdi ki, Şəki Kolxozlararası Tikinti İdarəsi bizim üçün inşa edilən meyvə saxlamaq üçün soyuducu anbarımızın tikintisini dayandırıb. 10-15 günə məhsul yığımına başlayacağıq, amma anbar hazır deyil. Kolxozlararası Tikinti İdarəsinin rəisi Bəşarət Paşayev də özünümüdafiə üçün başqa fikirlər söylədi. Sadıq Murtuzayev dedi ki, bu məsələni araşdırmaq lazımdır. Görək işlər kimin günahı üzündən dayanıb. Sadıq Murtuzayev araşdırılsın deyən kimi, birinci sırada oturan rayon prokuroru və ikinci sıradan Şəki Xalq Nəzarəti Komitəsinin sədri ayağa qalxdılar. Birinci prokuror sözə başladı. Yoldaş Murtuzayev, icazə verin biz araşdırıb, sizə arayış verək. Sadıq müəllim gülümsəyib dedi: İşin belə vaxtında siz araşdırma aparmağa başlasanız hər iki müəssisənin işində aylarla problem yaranacaq və ən azı 6-7 aya oradan

çıxmazsınız. Əyləş, buna ehtiyac yoxdur. Prokuror oturan kimi Xalq Nəzarəti Komitəsinin sədri dilləndi. Sadıq müəllim, icazə verin biz araşdıraq. Sadıq müəllim əli ilə ona da otur, işarəsi verdi. Xalq Nəzarəti Komitəsinin sədri də tez terində oturdu.

Bu, Sadıq Murtuzayevin birinci katib işlədiyi rayonda mütləq hakimliyinin təzahürü idi. Ondan icazəsiz heç kim özbaşına hərəkət edə bilməzdi. Sadıq Murtuzayev bu nüfuzu doğru, düzgün, ədalətli işlədiyinə görə qazanmışdır. Sadıq müəllim üzünü zala tutub dedi: "Şəki fəhləsi” qəzetindən burda kim var? Həmin gün redaksiyadan müşavuirəyə mən göndərilmişdim və ayağa qalxıb dedim. Mənəm, yoldaş Murtuzayev. Sadıq mənə baxıb dedi. Məni bir sdual maraqlandırır. Tikintidə işlər kimin günahı səbəbli dayanıb? Mən aldığım tapşırığı elə ayaq üstə əlimdəki bloknota qeyd edib, dedim. Baş üstə, yoldaş Murtuzayev.

Növbəti iş günü hər iki idarədə oldum. Dəqiq araşdırma apardım və məlum oldu ki, sifarişçi təsərrüfat olan Bağçılıq Birliyi soyuducu anbarlara lazım olan xüsusi izolyasiyalı qapıları, soyuducular üçün motorları alıb, tikinti idarəsinə təqdim etməyib və onları binanın içərisinə qoyub, üstünü örtmək üçün beton piltələr də hətta kənarda hazır durur. Bu azmış kimi, sifarişçi olan Bağçılıq Birliyi tikinti idarəsinə 9 aydır pul vəsaiti ödəmir. Kolxozlararası Tikinti İdarəsi 6 ay özünün daxili imkanları hesabına tikinti işlərini davam etdirib, son 3 ayda isə məcbur olub işi dayandırıb. Mən bu əsas faktları və öyrəndiyim başqa faktları cəmləşdirib, tutarlı bir məqalə yazdım. Başlığını da belə qoydum "Sifarişçi məsuliyyətsiz olanda”. Yazı həftə sonuna kimi qəzetdə çap edildi.

Növbəti şənbə müşavirəsində bu yazı əsasında həmin məsələ müzakirə edildi. Töhmətə layiq olan töhmətini aldı, tapşırıq alası da tapşırığını. Müzakirənin axırında Sadıq Murtuzayev məni ayağa qaldırdı və obyektiv araşdırma apardığıma görə mənə xüsusi təşəkkür etdi. Sadıq Murtuzayev belə iş metodu ilə həm özünün təmənnasız fəaliyətini, həm də dövlətçilik baxımından mətbuatla işləmək bacarığını nümayiş etdirirdi.

 

**************

Növbəti şənbə müçavirələrinin birində Sadıq Murtuzayev Şəki Qoyunçuluq Birliyinin rəhbər işçilərini ayağa qaldırdı və müşavirə iştirakçılarına məlumat verdi ki, təsərrüfatın direktoru, direktor müavini, baş zootexnik, baş baytar həkimi, partkom, həmkarlar təşkilatının sədri – bunlar hamısı biri-birindən imzalı-imzasız bizə və yuxarı orqanlara yazılar göndərirlər. Lazımsız yerə bizim də, başqalarının da vaxtını alırlar. Mən inzibati orqanlar vasitəsi ilə imzasız yazıların müəlliflərini təyin etdirmişəm. Amma sizi hələlik inzibati orqanların caynağına vermirəm. Ona görə ki, hamınız ailə başçısısınız, hərənizin 6-7 övladı var. İstəmirəm işinizi də, ailənizi də itirib, özünüzü bədbəxt edəsiniz. Amma bunu siz istəyirsinizsə,

bir-birinizi həbsə göndərənə qədər yazın. Axıra kim qalsa, onun cəzasını mən verəcəyəm. Onu bilin ki, bu həyatın qanunudur. Hamınız qoyunçuluq təsərrüfatında işləyirsiniz. Qoyun sürüsündə mənəm-mənəm deyib, buynuz davasına çıxan qoçlar o vaxta qədər vuruşurlar ki, birinin buynuzu qırılır və məcbur olub geri çəkilir. Ağıllı çoban buynuzu sağ qalan qoçun buynuzunu özü kəsir. Ona görə ki, həmin qoç buynuzuna arxayın olub, sürüyə ziyanlıq verməsin. İndi sizə bir daha deyirəm, mən heç kəsin ailəsini gözüyaşlı qoymaq istəmirəm. Bu mənim iş metodum deyil. Özünüz ya barışın, ya da bir-birinizi cəzalandırın. Axıra kim qalsa, bax onun cəzasını mən verəcəyəm.

Sadıq Murtuzayev bizim üçün həyat məktəbi idi. Biz ondan qeyrətli kişilik, ədalətli  rəhbərlik, xalqına və dövlətinə sədaqətli olmağı öyrənirdik. O, mənim çün həyat etalonu idi. Allah ona rəhmət eləsin. Özü dünyadan köçsə də, sözü-söhbəti hələ uzun illər yaşacaqdır.

Çingiz Ənvəroğlu "Qızıl qələm” mükafatı laureatı, Şəki