30 Noyabr 2023 13:58
2041
MƏMLƏKƏT

Şah İsmayılın əmri ilə tikilən İrəvan qalası: Rus işğalı və xanlığın acı aqibəti

Tariximizin elə qatları var ki, o ya dəqiq öyrənilməyib, ya da öyrənilib, araşdırılıb, amma təbliğ olunmayıb, ictimaiyyətə çatdırılmayıb. Bəlkə də, elə bu səbəblərdəndir ki, tarixi irsimiz "erməni brendi" kimi dünyanın hər tərəfində tanınır.

Məsələn, ermənilərin İrəvana köçürülməsindən 200 əvvəl - 1606-cı ildə inşa edilən Şah Abbas məscidinin xarabalıqlarını da ermənilər məhv edib. 1766-ci ildə İrəvan xanı Hüseynəli xanın əmri ilə tikilən Göy məscid indi dünyaya fars məscidi kimi sırınır. Anlayırıq, 70 il tariximizi tərsinə yazan sovet höküməti bütün bunlara şərait yaradıb, erməniləri qədim isr nümunələrimizi dağıtmağa həvəsləndirib. Yəni, artıq nə etsək də, bizi görəndə gözü kor olan qərb 70illik yalana inanıb, inanmasa da özünü inanmış kimi göstərib onların faktlarını
dəstəkləyir. Əslində sahibsiz salan varidatın yadellilər tərəfindən mənimsənilməsi təbii bir prosesdir.

 

Möhtəşəm, dəbdəbəli İrəvan qalasının  tikilməsi

 

Keçək bir çoxlarının xəbəri olmayan və tariximizin şanlı səhifələrini təsdiq edən başqa bir irsimizin müzakirəsinə.
Deməli 1501-cü ildə Təbrizdə Azərbaycanda şah taxtına çıxan IŞah İsmayıl (Xətai) az bir müddətdə 1509-cu ilə qədər bütün İran, Azərbaycan, İraq, Şərqi Anadolunu və s. əraziləri vahid dövlətdə birləşdirdi.

Hər bir qələbəsindən dərhal sonra əraziləri abadlaşdırmaq, tikinti və quruculuq işlərini də genişləndirmək əsas məqsədinə çevrildi. Məsələn, Səfəvi hökmdarı 1504-cü ildə tapşırıq verir ki, vəziri Rəvanqulu xan Zəngiçayın sahilində, indiki İrəvan şəhərinin yerində qala –qəsr inşa etsin. Bu tapşırığın məqsədi də Səfəvilər dövlətinin sərhəddlərini xarici basqınlardan qorumaq idi.

Qalanın əsas tikintisi  1511-ci ilə kimi bitir. Qala o qədər möhtəşəm, bənzərsiz olur ki, bu şahın çox xoşuna gəlir. Elə el arasında “Rəvanqulu xanın qalası” adı ilə hələ tikilərkən məşhurlaşan qala sonralarda onu tikdirənin adı ilə Rəvan qalası kimi tanınır.(sonralar "Rəvan" sözü dialektdə "İrəvan" kimi işlədilir-red-Ə.R).


Araşdırmaçıların bildirdiyinə görə, fransız səyyahı Jan Şarden (XVII əsrin II yarısı) İrəvan qalasını müstəqil şəhərə bənzədib. Onun yazdığına görə, qalada 800 ev var idi, qalanın əhalisi ancaq müsəlmanlardan ibarət idi:” Ermənilər qalaya gündüzlər ticarət məqsədiylə gəlir, gecələr isə onu tərk edirdilər”.

 

Tipik şərq üslubu,  "düşmən çəpəri"

 

Uzunluğu 850 metr olan qalanın divarları daş və çiy kərpicdən hörülmüşdü. Divarlar elə qalın olub ki, hətta top mərmisinə davam gətirib. Qalanın bayır divarının hündürlüyü 10 metrdən hündür idi və bu divarda 17 bürc vardı. Qala ikiqat divarla dövrələnmişdi. Daxili divar daha hündür idi və onların arasında təxminən 50–60 metr məsafə vardı. İç qaladan təxminən 1 km məsafədə Keçiqala adlı köməkçi qala da vardı.

Beləliklə, xarici divarın keçilməsi halında hücum edənlər iki sıra divarlar arasında sıx bir məkanda qalırdılar ki, bu da onlara manevr etmək imkanını çətinləşdirdi və qarnizonun işini asanlaşdırdı. Ümumiyyətlə, İrəvan qalasının 50–60 bürcü, 3 qapısı olub:Cənubda Təbriz qapısı, Şimalda Meydan qapısı və Körpü qapısı. Qala daxili şəhər isə dörd məhəlləyə bölünüb: Qala məhəlləsi, Şəhər məhəlləsi, Təpəbaşı məhəlləsi və Dəmirbulaq məhəlləsi.

İrəvan qalası, çayın yüksək sahili boyunca uzanan qərb divarının qövsvari forması istisna olmaqla, dördkünc formaya malik idi. Qalanın iki qapısı var idi: cənub tərəfdən Təbriz qapısı və şimal tərəfdən Şirvan qapısı. Darvazalar qalın lövhələrdən hazırlanmışdı və dəmir lövhələrlə sarılmışdı. Darvazalar xarici divardakı xüsusi otaqlarda yerləşdirilmiş keşikçilər tərəfindən mühafizə olunurdu. Uzunmüddətli mühasirəyə davam gətirmək üçün qalanın daxilinə gizli yolla su kəməri də çəkilmişdi.

 

Qaladaxili şəhərsalma mədəniyyəti

 


Qalanı qaladaxili gözəllik, interyer, şərq üslubu və incəsənət əsəri kimi qiymətləndirilən tarixçi araşdırmaçılar və o dövrdə bu gözəlliyə şahid olmuş insanların yazılı səlnamələri qarşımızda şərqin ən gözəl qala-qəsr nümunəsini canlandırır.
Deməli, qalanın daxilində Sərdar sarayı İrəvan qalasının şimal — qərbində — Zəngi çayının uçurumlu sahilində, təbii cəhətdən yaxşı müdafiə olunan ərazidə yerləşir. İrəvan qalası ilə eyni vaxtda əsası qoyulur. Saray Əmirgünə xan Qacar (1605–1625) tərəfindən ucaldılır, 1760–1770-ci illərdə İrəvan xanı Hüseynəli xan (1762–1783) dövründə memar Mirzə Cəfər tərəfindən təkmilləşdirilir.

1791-ci ildə Hüseynəli xanın oğlu Məhəmməd xan (1784–1805) sarayın Şüşəbənd adı ilə tanınan Güzgülu salonu və Yay imarətini inşa etdirir.

Sərdar sarayının Böyük qəbul otağının divarında Sərdar Hüseynqulu xanın, qardaşı Həsən xanın, əfsanəvi fars qəhrəmanı Fəraməzin, Fətəli şahın (1797–1834), Abbas Mirzənin (1784–1833), Rüstəm və Söhrabın portretləri olub.(Saray 1913–1918-ci illərdə ermənilərin təcavüzünə məruz qalır, dağıdılır, portretlər isə çıxarılaraq Tiflisə aparılır və hazırda Gürcüstan Dövlət İncəsənət Muzeyində saxlanılır. 1918-ci ildə isə ermənilər sarayı tamamilə məhv edirlər).
Daha sonra Hərəmxana divarları daxildən al-əlvan naxışlı mərmərlərlə üzlənir. Orada uzunluğu 32 metr, eni 9 metr və dərinliyi 2,1 metr olan hovuz da olur. Yazının girişində adını çəkdiyim Göy məscid 1766-cı ildə İrəvan xanı Hüseynəli xanın əmriylə tikilmişdir və Azərbaycan memarlıq nümunələrindən biridir. Eni 66 metr, uzunluğu 97.2 metr olan Göy məscid İrəvan məscidləri içərisində ölçüsünə görə ən böyüyü və İrəvan şəhərinin mərkəzi came məscidi idi.Uzun sözün qısası, Şah Abbas məscidi, Abbas Mirzə məscidi, Novruzəli bəy məscidi, Rəcəb Paşa məscidi qalanın ən gözəl tərfləri imiş.



Rusiyanın tamah dişi - Qalaya 3 hücum

 


11 aprel 1635-ci ildə növbəti Səfəvi-Osmanlı müharibəsi (1623-1639) gedişində türk qoşunları İrəvan qalasını alırlar. İrəvan qalası 1604-cü ildə Səfəvi-Osmanlı müharibəsi (1603-1612) zamanı I Şah Abbas tərəfindən tutulur və İrəvanın idarəçiliyi Əmirgünə xan Qacara verilir. Sonrakı iki əsrdə İrəvan xanlığı daha bir neçə dəfə Səfəvilərlə Osmanlılar arasında əldən-ələ keçir.
Rusiyanın Qafqazda möhkəmlənməyi qarşısına məqsəd qoyan Rusiya Gəncə xanlığını 1804-cü ilin yanvarında işğal edir. Dərhal da dövrün ən məşhur olan İrəvan xanlığını hədəf alır.

İrəvan qalası uğrunda döyüşlərdə 1804-cü ildə İrəvan xanı Məhəmməd xan və mühasirədə olan qardaşlarına köməyə gəlmiş Naxçıvan xanı Kəlbəli xan general Pavel Sisianovun başçılıq etdiyi Rusiya ordusunu məğlub edərək geri çəkilməyə məcbur edir.

(1808-ci ildə feldmarşal İ. Qudoviçin İrəvan qalasını ələ keçirmək cəhdlərinin qarşısını almış İrəvan xanı Hüseynqulu xan Qacarın rəssam Mirzə Qədim İrəvani tərəfindən çəkilmiş portreti)


1806-cı ilin iyulunda Qafqazdakı rus qoşunlarına baş komandan təyin edilən general-feldmarşal İvan Qudoviçin qarşısında İrəvan xanlığının işğal edilməsi tələbi qoyulur. Hüseynqulu xan Qacar isə İrəvan qalasını 1807-ci ildə fransız mühəndislərinin iştirakı ilə daha da möhkəmləndirir. İ.Qudoviç xatirələrində yazıb ki, İrəvan qalası bütün Avropa hərb qaydaları əsasında möhkəmləndirilib, iki divarla əhatələnib. Divarlarının qarşısında xəndəklər qazılıb, torpaq təpələr yaradılıb və üzərində də toplar düzülüb...

1808-ci il 30 noyabrda Rusiya ordusu bu dəfə general-feldmarşal Qudoviçin başçılığı altında yenidən qalaya hücum edir. İrəvan xanı Hüseynqulu xan və qardaşı Həsən xan yüksək sərkərdəlik məharəti, xalqı yadelli işğalçılara qarşı səfərbər etmək bacarığı və şəxsi şücaət nümayiş etdirirlər. Rusiya ordusu bu dəfə də məğlub edilir, Qudoviç isə Qafqazdakı rus ordusunun komandanı vəzifəsindən buna görə azad edilir. Bu qələbələrdən sonra qala əhalisi 20 ilə yaxın müddətdə müharibəsiz həyat sürür.



Xanlığın süqutu, qalanın məhvi

 

(1827-ci ildə İrəvan qalasını işğal etməyə nail olmuş Rusiya general-feldmarşalı İvan Paskeviçin Corc Dou tərəfindən çəkilmiş portreti)

Əlbəttə, Qarabağı, Gəncə, Şəki, Quba xanlıqlarını artıq özünə təslim etmiş Rusiya müstəqil İrəvan xanlığının rahat buraxa bilməzdi Rusiya – Qacar müharibəsinin (1826–1828) gedişində İ. Paskeviçin komandanlığı altında rus qoşunu 1827-ci ilin oktyabrında uzaqməsafəli artilleriya silahlarından istifadə etməklə İrəvan qalasının müdafiəçilərinin müqavimətini qıra bilir. Qala 1827-ci ilin 1 oktyabrında Çar Rusiyasının İvan Paskeviçin rəhbərlik etdiyi qoşunu tərəfindən işğal edilir, bundan sonra qala daxilində ermənilərin yerləşdirilməsi və yaşaması başlanır.
İrəvan qalasının işğal edilməsi şərəfinə 1827-ci il 8 noyabrda Sankt-Peterburqdakı Qış sarayının kilsəsində I Nikolayın iştirakı ilə dua mərasimi keçirilir. İrəvan qalasını zəbt edən general İ. Paskeviçin titullarına isə "İrəvan qrafı" titulu da əlavə edilir.
1853-cü ildə baş vermiş zəlzələ nəticəsində qala divarları ciddi zədələr alır. 1865-ci ildə isə qalanın ərazisi erməni Nerses Tahiryants gildiyası tərəfindən satın alınır. 1880-ci illərdə Tahiryanslar qalanın şimal divarlarını dağıdaraq yerində konyak zavodu inşa edirlər. 1930-cu illərdə isə qala divarları ermənilər tərəfindən tamamilə məhv edilir.

Əntiqə Rəşid

(Məqalədə vikipediya materiallarından istifadə olunub)