SAHİB İBRAHİMLİNİN LİRİK ŞEİRLƏRİ - Ələsgər ƏLİOĞLU yazır

Sahib İbrahimlinin imzası ilə hələ ilk tələbəlik illərindən tanışam...Yetmişinci illərin ikinci yarısında Gəncəbasarda şeir-sənətlə məşgul olan gənc müəlliflərin arasında üç-dörd nəfərin imzası çox seçilirdi.Onu da qeyd edim ki, onların hər biri də sonralar ədəbi meydanda öz sözlərini deyə bildi və ədəbi prosesdə öz imzasını daha geniş müstəvidə təsdiqləməyi bacardı...
Bu seçilən imzalar arasında bu gün Sahib İbrahimlinin də adı səslənir. Onun hələ gənclik illərində qələmə almış olduğu bəzi nümunələrin ayrı-ayrı bəndləri hələ də mənim yaddaşımda ilişib qalmışdır:
Qərib durnalara daş atma,oğlum,
Təbrizin, Bağdadın xətrinə dəyər.
Onları yolundan yubatma, oğlum,
Tanrı əyməyəni qəriblik əyər.
( “Qərib durnalara daş atma...")
Gərək cəbhələrdə, o ağır gündə,
Nakam ölənləri düşünəm, anam.
Dava kəlməsini hər an qəlbində,
Köhnə qəlpə kimi gəzdirir anam.
("Əsgər gedəcəyəm")
Yadıma cəbhələr düşdü gör harda,
Qarşımda torpağın bərəkət toyu.
Ovçu tüfəngini atmasın burda,
Sünbüllər qısalar bir giliz boyu.
("Taxıl zəmisi") və s.
Sahib İbrahimlinin bu gün şair xoşbəxtliyi ondadır ki, o öz dünyasını qələmə alır, öz dünyasından çıxış edir, bir sözlə, özünü yazır. Bu da onun fikirlərinin ifadə tərzində bir özünəməxsusluq yaradır. Buna görə də .diqqətini cəlb edən hər bir mövzunun dərin qatlarına enməkdə çətinlik çəkmir.
O, ilk baxışda sadə görünən hər bir detalı ustalıqla mənalandırmağı,ona yeni bir don geydirməyi gözəl bacarır. Bu mövzulu şeirlərin iç qatına nəzər yetirərkən həmişə də biz tər-təzə bir ruhla,
yeni bir mənalandırma, yeni bir poetik araşdırma ilə qarşılaşırıq. Bu baxımdan "Süni çiçəklər" şeirini xatırlatmaq yerinə düşər. Təbii çiçəklərlə süni çiçəklərin fonunda müəllif bədii paralellər aparmaqla təzadlar yaratmağa nail olmuşdur. Süni çiçəklərə üz tutan şair fikrini belə tamamlayır:
Yazın gəlişindən oyanmazsınız,
Çatmaz bu nəğmədən sizə səs-səda.
Bəzi dönüklərtək duyammazsınız,
Kökdən ayrılmağın ağrısını da.
Bu şeirdə süni çiçəklərlə təbii çiçəklərin arasındakı xarakterik fərqli cəhətlər yığcam bir şəkildə müqayisə obyektinə çevrilir. Oxucu bir qədər də irəli getməklə həssaslıq nəticəsində yeni bir düşüncəyə də sahib çıxır. Bu, kökə bağlılıq hissləridir...
Ümumiyyətlə, Sahib İbrahimlinin təbiət şeirləri də poeziyamıza yeni bir ab-hava gətirir.Onun bu mövzulu əsərləri oxucunu öz arxasınca çəkib aparmağa qadir nümunələrdir. Ayrı-ayrı təbiət lövhələrinə nəzər yetirərkən bir anlıq da olsa özünü həmin məkanda hiss edirsən. "Gercə qanadını Göy gölə sərir", "Sahil etüdləri", "Ağ göl sahilində düşüncələr", "Hər bahar ümidlə göyərir söyüd", "Yenə də dağlara gəlmişəm qonaq", "Məni bu dağlardan tez aparmayın", "Dağlara yaz gəlib","Yazla üz-üzə", "Payız yağışları", "Dağların sovqatı" və bu kimi başqa-başqa poetik nümunələrin hər biri göz qarşısında maraqlı tablolar yaradır. Hətta müəllif bu tabloları yaratmaqla kifayətlənmir, hər bir təsvirini öz fəlsəfi baxışları ilə ümumiləşdirməyə də nail olur. Bu fikrin dəqiqiiyi ilə bağli sadəcə olaraq bir-iki şeirin sonluğuna nəzər yetirmək kifayət edər:
Ürəyim dönübdür bəzən bir neyə,
Xəyalım dumanda, çəndə azıbdır.
Təbiət nəzərə gəlməsin deyə,
Qayalar köksündən tikan asıbdır.
("Yaz lövhələri")
Budaqlar səmadan yapışıb bərk-bərk,
Yarpaqlar çimirlər şəfəqdə yenə.
Qaya da ağacın ana kökütək,
İşləyib torpağın dərinliyinə.
("Qayanın qaşında tənha bir ağac") və s.
Ədəbiyyatımızda insan ömrünün bər-bəzəyi, məna-məzmunu, maddi-mənəvi dəyər ölçüsü sayılan zəhmət haqqında çox yazılmış və yenə də yazılmaqdadır.Bu ənənəvi mövzu üzərində düşünərkən ilk olaraq dahi şairimiz Nizami Gəncəvinin "Kərpickəsən qocanın hekayəti"ni xatırlamalı oluram. Bu gün bu ənənəvi mövzuda yazıb-yaradan sənətkarlarımızdan biri də Sahib İbrahimlidir. Onun "Asfaltsalan" və "Bənna" şeirləri bu mövzuda yazılan əsərlərdən çox-çox fərqlənir. İstər asfaltsalan, istərsə də bənna təkcə hər hansı bir işi icra edən peşə sahibləri kimi deyil, eyni zamanda ürəklərində dünyanın qayğılarını yaşatmağa qadir bir insan kimi təsvir olunur. Hiss edirsən ki, şairin asfaltsalanı da, bənnası da öz işlərindən mənəvi zövq almaqla yanaşı, dünyanın qayğıları ilə də yaşamağı bacaran layiqli insanlardır.
Hərdən uşaqlarla dolur dörd yanı,
İşləyir, yollarda çuxur azalır.
Xəyalında isə hər gün dünyanın
Bərbad yollarını nizama salır.
("Bənna")
Şeirimizdə ana haqqında yazmayan müəllifə yəqin ki, çətin rast gəlinər. Ata mövzusunda şeir yazanlarımız da az deyildir. Ancaq Sahib İbrahimlinin ana-ata haqqında qələmə almış olduğu nümunələr böyük bir silsiləni əhatə edir. Beləliklə, bu silsilənin ardıcıllığında ailəcanlı fədakar bir ana və yurd-yuva sevdalı, cəmiuyyət qarşısında xeyirxah əməllərilə məğrur dayanan bir ata obrazı yaranır. Oxucuların nəzər-diqqətini həmin silsilədəki ayrı-ayrı şeirlərdən iki bəndə cəlb etmək istəyirəm:
Ayıl, qurban olum yuxularına,
Könlümdə uyuyan ümidi ayılt.
Durnalar qayıdıb gələcək, ana,
Sən də durnalara qoşulub qayıt.
("Qayıt,ana!..")
Günlərim budaqda saralan yarpaq,
Ömrümdə küləklər gəzdi, dolaşdı.
Bir vaxt kürəyimi söykədiyim dağ,
Eh, indi sinəmi göynədən daşdır.
("Atamın məzarı ilə söhbət")
Sahib İbrahimlinin milli-mənəvi dəyərlərimizə poetik yanaşma tərzi də çox diqqət cəlbedicidir. Elə bir zamanda yaşayiriq ki, bəzi milli-mənəvi dəyərlərimiz gündəlik yaşam tərzində tədricən korroziyaya uğramaqdadır. Bu məqamlarda əsil söz adamlarının səsini ucaltması hava-su kimi çox vacibdir.
Milli qaynarlığımızdan irəli gələn keyfiyyətlərdən biri də, hətta deyərdim birincisi, qızların ən çox and yeri qardaşlarının canıdır. O mənada ki, bacılar qardaşlarını tarixlər boyu özlərinin mənəvi qürur yeri, əvəzsiz arxa-dayağı sanmışlar...Qardaşı olmayan qızlara ən böyük xeyir-duaları da həmişə onlara qardaş diləmək olmuşdur.
Şairin "Qızlar çəkinirlər qardaşlarından" şeiri bu yönümdə olduqca həyati bir görüntü yaradır. Bu şeirdə qız abır-icməti poetik bir məharətlə tərənnüm olunur. Şeirin sonluğu ilk baxışda bir qədər adi görünsə də, etik bir prizmadan yanaşarkən nə qədər yerinə düşdüyünü duyub-dərk etmək elə də çətinlik törətmir:
Qılzlar duyğulara alov ələyir,
Yolun özünü də yoldan eləyir.
Qardaşsız qızlara qardaş diləyir,
Qızlar çəkinirlər qardaşlarından.
Mən şair Sahib İbrahimlinin lirık yaradıcılığından ötəri də olsa söz açdım. Ancaq o, bir dramaturq kimi də özünü tanıda bilmişdir. Əsərləri ölkəmizin ayrı-ayrı dram teatrlarında oynanılmış və rəğbətlə qarşılanmışdır. Özünün etirafından məlum olur ki, qırxıncı dram əsərini də yazıb tamamlamışdır.Ancaq mənim məqsədim onun gözəl bir lirik şair olması ilə bağlı söz açmaq olmuşdur.
Yekunda bir məsələni xatırlatmaq istərdim.Təəssüf hissiylə qeyd etməliyəm ki, otuz ildən çox AYB üzvü olan, ölkədə öz imzasını tanıdan bir sənətkarın yetmiş illik yubleyi kiminsə yadına düşməmişdir...
Əlbəttə, bu əsl sənət adamı üçün kiçik bir giley-güzardan o yana keçə bilməz. Ancaq söhbət ondadır ki, haqqında üç-dörd kəlmə söz açdığım sənətkar bütün bu kimi dəyərlərə layiqdir.
Digər Xəbərlər

Yüksək əqidə etalonu: Azərbaycanın həkimləri “Zərifə Əliyeva andı” içsinlər

Əbülfət Mədətoğlu: «Aşiqliyin işığında»

Sənsizliyin ölçüsü – sonsuzluq

...Axı deyirlər, şəhidlər ölmür... - Elman Eldaroğlu yazır

"Ulduz"lu görüşlər" çərçivəsində Etimad Başkeçidlə görüş keçirilib - FOTO

Maarif, təhsil, məktəb fədaisi - Qərənfil Dünyaminqızı yazır

Yaz çiçəkləri: Gətirdin ömrümün yazını nərgiz!
