Əlfi ilə İslam kim... - İlqar Əlfioğlu yazır
Dünən axşam atamın özü gedəndən iki il sonra keçirilmiş 60-illiyinin videosuna baxırdım...
Yazıçılar İttifaqının "Natəvan" klubunda kimlər yox idi...
İndi başa düşürəm ki, yaxşıların xatirə gecəsinə gələnlərin doxsan faizi elə Yaxşılar olur...
Fikirləşdim ki, o lentdəki səmimi çıxışları mətnə köçürüm, ara-sıra dostlar üçün paylaşım.
Xarq şairi Famil Mehdidən başladım:
"Sevimli şairimiz Tofiq Bayram özünün səmimi nitqində Əlfi Qasımov haqda o qədər danışdı ki, mənim də, elə yanımda oturanların da gözləri doldu, riqqətləndik.
Mən də Əlfi müəllimlə yaxın olmuşam. Bu salonda oturanların demək olar ki, hamısı məni, heç olmasa, otuz il Əlfinin yanında, onunla birgə görüb.
Mən də əlimdə bir qırmızı çamadan, Əlfinin teleqramıyla Ağdamdan Bakıya gəlmişəm və o, Maarif Nazirliyindən icazə kağızımı alıb, özümə verib və tapşırıb ki, sənədlərimi bir gündən sonra Universitetə verim, qəbul imtahanlarından keçim.
Elə o vaxtdan bəri Bakıda yuva qurmuşam, bura bağlanmışam. Mən də taleyimdən çox razıyam və xoşbəxtəm ki, həyatda nə qazanmışamsa, hamısına görə, qardaşımız, dostumuz, xeyirxah insan, əsl vətəndaş Əlfi Qasımova borcluyam. Doğrudan da, biz bəzən insanlara layiq olduğu dəyəri verə bilmirik. Bəlkə də, verməyə xəsislik edirik. Amma nahaq yerə! Onsuz da bu dünyada heç kəs başqasının yerini dar eləmir. Onsuz da, hər bir fərd öz yerində bənzərsizdir. Odur ki, hər kəsə layiq olduğu qiymət elə sağlığında verilməlidir. Bu qiymətdən Əlfiyə də verilməlidir – qırx il mətbuatda külüng döydü, “Azərbaycan müəllimi” qəzetindən tutmuş, “Ədəbiyyat və incəsənət” qəzetinədək; Mətbuat Komitəsindən tutmuş, “Azərnəşr”ədək, ədəbiyyatımıza xidmət elədi... Düz qırx il! Bəlkə də, yüzlərlə jurnalistimiz Əlfinin yanında təcrübə keçib, həyata obyektiv baxmaq öyrənib. Onların əlindən tutub, onlara yazmaq öyrədib Əlfi. Onlara insanlıq, mədəniyyət, ziyalılıq öyrədib...
Həyatda elə insanlar var ki, səni öz sevgisinə inandırmaq üçün az qalır and-aman eləsin. Mənim belələrindən zəhləm gedir. Nə olsun ki, sevirəm deyir – sən bunu hiss etmirsən, onun sevgisinə zərrəcə inanmırsan. Əlfi isə hisslərini ömründə dilinə gətirməzdi – burda oturanlar bunu çox yaxşı bilir. Amma Əlfinin bütün vücudu istək, sevgi, məhəbbət idi və o təpədən-dırnağadək məhəbbətdən yoğrulmuşdu...
Onun barəsində saatlarla danışmaq olar – yorulmadan və yormadan. Nəriman müəllim də dedi ki, Əlfi haqqında yazılar yazılmalıdır, o mətbuatda yad olunmalıdır. Əlbəttə, bu daha gözəl, daha qiymətli olar. Yaxşı ki, belə təşəbbüslər artıq başlanıb. Bu ərəfədə gözəl bir televiziya verilişinə baxdım, professor Tofiq Hacıyevin, şair Vilayət Rüstəmzadənin çıxışlarını dinlədim. Bütün bunlar çox yaxşıdır. Professor Əkbər Ağayevin Əlfinin bütün mahiyyətini açan səmimi məqaləsini oxudum. Gözəldir. Amma bugünkü tədbir bunların başıdır. Mən nə vaxtdan bəri Yazıçılar İttifaqında belə izdiham görməmişdim. İndi baxın və görün ki, insan el məhəbbəti qazananda necə olur...
Bəs bu boyda məhəbbətə ünvan olan bir şəxsə hələ sağlığında, əlli yaşı tamam olanda bir Fəxri fərman vermək olmazdı? Axı bu adam əli qələm tutandan, yazdıqları bir qıraqda qalsın, sovet mətbuatında külüng döyüb. Onun yazıları insan tərbiyə edib. Bir məktəbdə dərs demiş müəllimə ad veririk, fəxri fərman veririk və bu yaxşıdı. Amma sevilən bir yazıçıya, yüzlərlə müəllimin elədiyini bir yazıda, bir hekayədə, bir romanda həyata keçirən bir insana bunu niyə qıymırıq? Niyə qiymətləndirə bilmirik? Bax, bu gün, bu məclisə gələrkən də məni bunlar düşündürürdü, gedəndən sonra da düşündürəcək..."
P.S.
Allah Famil müəllimin ruhunu qəni-qəni şad eləsin, o da yaxşılardan idi...
Hamınıza bir sözüm var, pislərin və pisliklərin itmədiyi kimi, nə yaxşılar, nə də yaxşılıq yer üzündə itən deyil. Elə yaşayın ki... Elə yaşayın ki... Elə yaşayın ki... Arxasını yazmıram, onsuz da hərə özbildiyi kimi dərk edəcək.
Amma...
Amma, deyirlər ki, dünyada pislik arta-arta gedir. Razı deyiləm, elə ola bilməz, çünki dünya çoxdan dağılardı. Sadəcə, pislər tez iynəşib-tapışır, bu sahədə fenomenal bacarıqları var. Birləşən kimi də, bir-birinə söykək verib, istədiklərini qaynada bilirlər.
Yaxşılarınsa işi doğrudan çətindi, çox vaxt tək olurlar, yaxşılıqlarını kəsafətə bulaşdırmamaq üçün inzivaya çəkilir, gizlənirlər. Onları qınamaq da olmur, çünki pislərin meydan suladığı dövrdə yaxşı olduğunu göstərmək heç asan deyil...
Amma...
Amma, pislər dünya yaranandan xislətlərini tərfitmədən gözümüzə soxurlarsa, yaxşılara nə düşüb?
Niyə ortalıqda yoxuq? Niyə görünmürük?
Belə olmaz...
BNura Famil əminin bir şerini də əlavə edim, İslam əmini, şair İslam Səfərlini də xatırlayaq...
ƏLFİYNƏN İSLAM KİMİ
Famil Mehdi
23 yanvar 1987
Azərbaycan torpağında
İki qoşa çinardırlar,
Bu dünyanı başdan-başa
Günəş, işıq sanardılar.
Taleyi az qınadılar
Ancaq çox-çox sınadılar.
Tufanlardan sınmazdılar,
Bir pis üzdən,
Acı sözdən sınardılar.
Əlləri boş,
Cibləri boş,
Ürəkləri dolu idi.
Hər ikisi bu vətənin,
Bu torpağın oğlu idi.
Nə vaxt İslam bir cəlladın
Qəzəbinə düçar oldu,
Yazıq Əlfi,
iki evə açar oldu.
Başqa adla sübhə kimi
Qəzetlərə yazı yazdı.
“Qonararı Səfərliyə...”
Min bərəkət: çoxdu, azdı!
Bu sədaqət,
Bu məhəbbət olmasaydı
İnsan bəlkə yaşamazdı?!
O vaxt hələ İttifaqda
Ad almaq da dəb deyildi,
Yerlilərlə, qohumlarla,
Ucalmaq da dəb deyildi.
Xalq yazıçısı, şairi
Ən müqəddəs fəxri addı.
Səməd Vurğun şair deyil,
Elə bil ki, birAllahdı.
Haqsız sözdən Rəsul Rza
Açılanda güllə kimi,
Gecə-gündüz züy tutanlar,
Susardılar kölə kimi.
Ölçüləni ölçərdilər əsri ilə,
Seçiləni seçərdilər əsərilə.
Yazıçılar İttifaqı
Sanki doğma evləriydi.
Kübra xanım hər birinin
İlkin güman yerləriydi.
Nə gizlədim:
hərdən gedib vurardılar,
Vuranda da ayaq üstdə
kişi kimi durardılar.
Biri nəsrə girişərdi, biri şeirə,
Heç birinin işi yoxdu
başqa şeylə.
Nə bir dəfə Naxçıvanı,
Qarabağı bölərdilər.
Bölən olsa gülərdilər.
Lap gülməkdən ölərdilər.
Nə Mehdiyə göz eləyər,
Nə Mirzəyə cumardılar,
Nə medal istəyərdilər,
Nə vəzifə umardılar.
Bir iclasa katib seçsən
Sevinərdi hər ikisi.
Nə bilsinlər qabaqdaymış
Prezidium mərəkəsi.
Olsa-olsa M.Rahimin
Qılığına girərdilər.
Borc alıb, borc verərdilər.
Borc içində deyərdilər,
“Ehey!- Gəlin şeir deyək,
Gəlin bütün insanları
Nəğməmizlə sehrləyək.!”
Bu səs doğma Qarabağın,
Naxçıvanın səsi idi.
Səs deyildi, bəlkə də bu
Çoxlarının dərsi idi.
Göylər bulud, hava soyuq,
Əlfi də yox, İslam da yox!
Gec olsa da deyim barı:
Əfsus, birgə olanların
Ayrı düşdü məzarları.
Qoy qızları, oğulları,
Bütün tanış-bilişləri
Sinədəki ürək kimi,
Damarda isti qan kimi
Sədaqətlə,
Səxavətlə,
Məhəbbətlə
yaşasınlar
Əlfi ilə İslam kim...
Digər Xəbərlər
08 Dekabr 2025 12:51
GƏDƏBƏY RAYONUNUN ADININ "QZILTORPAQ" OLARAQ DƏYİŞDİRİLMƏSİ TƏKLİFİ
08 Dekabr 2025 12:43
Natiq Əhmədovun xatirəsinə
08 Dekabr 2025 12:24
"İndi Həsən bəy Zədabi orda restoranın qapıçısı kimi görünür" - Xalq yazıçısı
06 Dekabr 2025 18:29
Bəxtiyar Vahabzadə yaradıcılığında Səməd Vurğun obrazı
06 Dekabr 2025 13:58
Xalq yazıçısı Kamal Abdullanın 75 illiyi qeyd olundu
06 Dekabr 2025 09:26
“Bu ədəbiyyatdan bixəbərlər mədəniyyətsiz və nankordurlar...”
05 Dekabr 2025 18:10
Seyid Əzim Şirvaninin 190 illik yubileyi keçirildi
05 Dekabr 2025 12:47


Bakı -°C

