Pərvanə Bayramqızının uşaq şeirləri
Dəcəl uşaqlar
Otağı qarışdırıb
Dəcəllər yenə bu gün.
Elə bil “əmr” alıblar: –
Uşaqlar, çəkin, tökün!
Təkərlər uzaq düşüb
Bədənləri maşından.
Robot tanınır ancaq
Yerdə qalan başından.
Məhsəti tapa bilmir
Gəlinciyin qıçını.
Nənə günahkar gəzir
Heç kim demir suçunu.
Oyuncaqlar küsüblər
İsmayıldan, Bəhluldan.
Hər şeyi sındırıblar
Salamat qalıb güldan.
Fəridə hey qoruyur
Qaqaşlardan güldanı.
Həvəslə gözləyir o,
Nənə gül qoyan anı.
Ən sevimli əyləncə
“Təkərli ev” də olur.
Nə uşaqlar doyurlar,
Nə də baba yorulur.
Dünya elə gözəldir
Babaya bu yaşında.
Gəzdirdikcə zövq alır
Nəvələri maşında.
Qar adam
Ovuc-ovuc topladıqca
Bəhlul balam yumşaq qarı,
Elə bil ki, seyr edirəm
Şirə çəkən arıları.
Qardan adam düzəltdikcə
Ürəyinə sevinc doldu.
Bayaqkı o çılpaq budaq
Ağac deyil, indi qoldu.
Çöldə qoyub evə getmir
Fikirləşir: “üşüyəcək”.
Öz əlindən çıxarıb o,
Qar adama taxır əlcək.
“Ocaq qala, ata” – deyir
“Qoy bu adam üşüməsin”
Bu mərhəmət istisində
Yavaş-yavaş qar əriyir.
Kaş əriyib qartək bir gün
Pislik getsin yer üzündən.
Uşaq qəlbi çox böyükdür
Elə dünyanın özündən.
Damla
Nənə yenə gedibdi,
Tələsir o, çatmağa.
Nəvə adət edibdi
Nənə ilə yatmağa.
Damla gülüb oynayır,
Nənəsini görəndə.
Daramağa qoymayır,
Saçlarını hörəndə.
Çəkir ciyərlərinə,
Ondakı gül qoxunu.
Özü ilə gətirib
Nənə şirin yuxunu.
19.02.2021
Qələbə
Nənəmin nağılıtək
Qələbə də şirindir.
Sonda düşən almalar
Xalqım, hamısı sənindir.
Nənəm oyatdı məni:
– “Ayla qızım, dur, ayıl,
Məhv etmişik düşməni
Azad olub Cəbrayıl.
Könüllərin körpüsü
“Xudafərin” bizimdir,
Qalib millət olmuşuq,
Əziz balam, biz indi.
Nənələrin göz nuru
Xalçalar yaddaşıdır,
Sərvətini talayıb
Qarı düşmən daşıdı.
“Divlər sarayı” günbəz,
“Qala bürcü”, kəhrizi
Sinəsindən silinməz
Tarixdə qalar izi.
2020


Bakı -°C

