""Səhər" kanalı və "Mehr" agentliyinin Azərbaycanda fəaliyyəti qanunsuzdur" - MEDİA
İran İslam Respublikasının Kəşfiyyat Nazirliyi tərəfindən bəzi xarici media subyektləri, o cümlədən Azərbaycan Respublikasının dövlət televiziya kanalı olan AzTV-nin "düşmən media qurumları" siyahısına daxil edilməsi və həmin qurumlarla əməkdaşlıq edən şəxslərin cinayət məsuliyyəti ilə hədələnməsi təəccüb doğurur.
Adalet.az xəbər verir ki, bu barədə Medianın İnkişafı Agentliyi (MEDİA) bəyanatında qeyd edilib.
Qeyd olunub ki, Azərbaycan jurnalistlərin peşə fəaliyyətinin müdafiəsinə sadiq olmaqla yanaşı, qarşılıqlılıq prinsipinin tətbiqini də təmin edir:
"Belə ki, "Media haqqında" Azərbaycan Respublikası Qanununun 11.4-cü maddəsinə əsasən, Media Reyestrinə daxil edilmiş jurnalistlərin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin jurnalistlərinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər".
MEDİA bəyan edib ki, müvafiq maddənin tələbləri və qarşılıqlılıq prinsipi nəzərə alınaraq, Azərbaycan Respublikasının milli maraqlarına zidd fəaliyyət göstərən, ölkəmizin suverenliyi, konstitusiya quruluşu, ərazi bütövlüyü və milli təhlükəsizliyi əleyhinə təbliğat aparan media subyektlərinin - "Səhər" telekanalı və "Mehr" xəbər agentliyinin, həmçinin bu subyektlərin nümayəndələrinin Azərbaycan Respublikası ərazisində fəaliyyəti qanunsuz hesab edilir.
Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün media subyektlərini və jurnalistləri ölkəmizin milli maraqlarına qarşı fəaliyyət göstərən yuxarıda adları çəkilən media qurumları və onların əlaqəli nümayəndələri ilə əməkdaşlıqdan çəkinməyə çağırır, media sahəsində beynəlxalq əməkdaşlığın yalnız qarşılıqlı hörmət və jurnalistlərin peşə müstəqilliyi əsasında həyata keçirilməli olduğunu bir daha vurğulayırıq.
Digər Xəbərlər
22 Iyul 2026 19:19
Milli Mətbuat Gününə həsr olunan tədbir keçirildi
22 Iyul 2026 16:09
MEDİA, Audiovizual Şura və Mətbuat Şurasının nümayəndələri Fəxri xiyabanı ziyarət etdilər - FOTOLAR
22 Iyul 2026 00:00
Bu gün Azərbaycanda Milli Mətbuat Günüdür
20 Iyul 2026 18:41


Bakı -°C

