adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
27 Yanvar 2022 16:52
538
MƏMLƏKƏT

Şəhid Səid Rəşidzadənin barelyefinin açılışı olub - FOTO

Şəhid baş leytenant Səid Rəşidzadənin təhsil aldığı Nərimanov rayonu Sərhəddin Yolçuyev adına 207 saylı tam orta məktəbdə barelyefinin açılış mərasimi keçirilib. Tədbirdə deputatlar Adil Əliyev, Sabir Rüstəmxanlı, Aqil Abbas, Nərimanov rayon icra hakimiyyəti başçısının müavini İradə Muradova, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini Rəşad Məcid, Vətən müharibəsi qaziləri, barelyefin müəllifi gənc heykəltaraş Müstəqil Balayev və məktəbin kollektivi, o cümlədən, şəhidin doğmaları iştirak edirdilər.

Tədbirdə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ilin sentyabrın 27-də başlanan və qırx dörd gündə tarixi qələbə ilə başa çatan Vətən müharibəsində Azərbaycan əsgərlərinin göstərdikləri qəhrəmanlıqlardan danışılıb, erməni işğalçılarının diz çökdürülərək torpaqlarımızdan qovulduqları, şəhidlərin qanının yerdə qalmadığı vurğulanıb.

Sonra məktəbin şagirdləri tərəfindən şəhid Səid Rəşidzadəyə həsr olunmuş kompozisiya təqdim olunub.

Qeyd edək ki, şəhid Səid Rəsulzadə 1990-cı il yanvarın 28-də Füzuli rayonunun Horadiz şəhərində anadan olub. 1996-2007-cı illərdə Nərimanov rayonunda S. Yolçuyev adına 207 nömrəli tam orta məktəbdə təhsil alan şəhidimizin növbəti təhsil ocağı 2007-2011-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi olub.

2011-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin sıralarında xidmətə başlayan S.Rəşidzadə 2016-cı ilin 2-5 aprelində baş verən döyüşlərdə Polad Həşimovla çiyin-çiyinə savaşıb. Azərbaycan Ordusundan tərxis olunsa da, Tovuz döyüşləri zamanı Polad Həşimovun həlak olması ona çox pis təsir edib. Könüllü olaraq 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı döyüşlərə yollanıb. Səid Rəşidzadə Hadrutun azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. 2020-ci ilin oktyabr ayının 11-də Hadrut qəsəbəsində Azərbaycan bayrağını sancan zaman şəhid olub. Füzuli rayonunda dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalına layiq görülüb.

Səid Rəşidzadə ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin 05.11.2021-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif edilib.