adalet.az header logo
  • Bakı 16°C
  • USD 1.7
02 May 2023 12:15
1071
MÜSAHİBƏ

Səhiyyə Nazirliyi: “Soyuq hava və stres bronxial astmanın kəskinləşməsinə səbəb ola bilər” - FOTO

“Yuxarı tənəffüs yollarının infeksiyaları, soyuq hava və stres bronxial astmanın kəskinləşməsinə səbəb ola bilər”.

Bunu Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, terapevt Günay İsmayılova nazirliyin rəsmi saytına müsahibəsində deyib.

Onunla müsahibəni təqdim edirik:

- Günay xanım, öncə bilmək istərdik ki, bronxial astmanın əsas əlamətləri hansılardır?

- Astma hava yollarının xarici faktorlara qarşı həssaslığının artması və tənəffüs yollarının pozulması ilə müşahidə olunan xroniki bir xəstəlikdir. Bronxial astmanın forması və ağırlıq dərəcəsindən asılı olaraq xəstəliyin simptomları fərqlənə bilər.

Astmanın xarakterik simptomlarına aiddir:

• tutmaşəkilli nəfəs darlığı (nəfəsalmada çətinlik);

• xırıltılı nəfəs alıb vermə;

• təkrarlayan öskürək (xüsusən gecələr daha çox şiddətlənən);

• boğulma hissi;

• sinədə ağrı və sıxılma hissi.

Bronxial astma tutmaları arasındakı fasilələr zamanı xəstəliyin simptomlarının olmaması ilə xarakterizə olunur.

- Bildiyiniz kimi, bu gün Ümumdünya Astma Günüdür. Beynəlxalq günün mahiyyəti haqqında qısa məlumat verərdiniz…

- Ümumdünya Astma ilə Mübarizə Günü Ümumdünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın birinci çərşənbə axşamı keçirilir. Bu il astma günü mayın 2-nə təsadüf edir. 1998-ci ildə Barselonada keçirilən astma problemlərinə həsr olunmuş dünya mütəxəssislərinin Ümumdünya Bronxial Astma Forumuna 35 ölkə qoşulub və həmin ölkələrin sırası ildən-ilə genişlənir. Hazırda dünyanın 80-dən çox ölkəsində əhalinin maarifləndirilməsi məqsədilə bronxial astmanın müalicəsi və profilaktikası qlobal strategiyası çərçivəsində müxtəlif tədbirlər keçirilir. Günün keçirilməsində əsas məqsəd cəmiyyətin diqqətini bu problemə cəlb edərək əhalini bu xəstəliyin ilkin əlamətləri və müalicə istiqamətləri haqqında daha geniş maarifləndirməkdir.

- Xəstəliyin kəskinləşməsinə səbəb nədir və əsas allergenlər hansılardır?

- Xəstəliyin kəskinləşməsinə səbəb allergenlə təmasda olmaq və ya orqanizmin özünün müqavimətinin zəifləməsi aiddir. Allergenlərə ev tozu, kəskin qoxular, duman, akvarium balıqları üçün yem, ev heyvanlarının tükü, tütün dumanı, soyuq hava, boyaların, dezodorantların, ətirlərin kəskin qoxusu, bəzi dərman maddələri, kimyəvi maddələr aiddir. Bununla yanaşı, yuxarı tənəffüs yollarının infeksiyaları, viral infeksiyalar, fiziki aktivlik, stres də bronxial astmanın kəskinləşməsinə səbəb ola bilər.

- Doktor, kimlər risk qrupuna daxildir?

- Risk qrupuna daha çox genetik olaraq allergiyaya meyilli olan insanlar aiddir. Həmçinin, allergik rinit, atopik dermatit kimi xəstəliyi olanlar, ailə anamnezində allergiya və astma xəstəliyi olanlar, peşə fəaliyyətinə bağlı olaraq daimi kimyəvi toz, kimyəvi maddələrə məruz qalanlar, tez-tez yuxarı tənəffüs yolu infeksiyası keçirənlər aiddir.

- Uşaqlarda bronxial astma xəstəliyinə hansı yaşda daha çox rast gəlinir?

- Astmaya hər yaşda rast gəlinə bilər. Amma uşaqlarda bronxial astmanın ilk əlamətləri əsasən 80 faiz hallarda 5 yaşdan əvvəl başlayır. Yeniyetməlik dövründə isə astma tutmaları azala və ya simptomsuz ola bilər. Amma yetkinlik dövründə yenidən tutmalar başlayır.

- Bronxial astmanın diaqnozu necə təyin olunur?

- Bronxial astmanın diaqnozu ilk növbədə xəstənin şikayətlərinə, anamnezinə və obyektiv müayinənin nəticələrinə əsaslanır. Həkim üçün boğulma tutmasının nə zaman inkişaf etdiyini, nə qədər davam etdiyini, nə vaxtdan sonra dayandığını, xəstəliyin ilk əlamətlərinin nə qədər əvvəl ortaya çıxdığını öyrənmək son dərəcə vacibdir. Allergik bronxial astmanın diaqnozunu təsdiqləmək üçün xəstədə və onun qohumlarında digər allergik xəstəliklərin əlamətlərinin mövcudluğunu müəyyən etmək vacibdir. İlkin diaqnoz qoyulduqdan sonra müəyyən laborator və digər müayinələr aparılır.

- Bronxial astma xəstəliyini tam müalicə etmək mümkündürmü?

- Xəstəliyi düzgün və ən əsası davamlı müalicə ilə kontrol altında saxlamaq mümkündür, lakin xəstəliyi tam aradan qaldıran müalicə üsulu yoxdur. Müalicədə astmalı şəxslərin allergenlərlə kontaktdan uzaq durması da önəmlidir.