15 Oktyabr 2024 17:34
119
MƏDƏNİYYƏT

 “Sələflər və xələflər” layihəsi çərçivəsində növbəti konsert

Bəstəkarlıq ənənələrinin yaşadılması və onların varislik prinsiplərinin davam etdirilməsi dünya musiqi mədəniyyətinin inkişafı istiqamətində mühüm əhəmiyyətə malikdir. Müasir dövrün müqayisəedilməz dərəcədə geniş mövzuları bəstəkar yaradıcılığında çoxcəhətli ifadəliliyin və miqyas etibarilə dərin fəlsəfi düşüncələrin təcəssüm olunması ilə yanaşı, bənzərsiz üsluba əsaslanan ənənələrin davam etdirilməsinə əsaslanır. Bu baxımdan dahi rus bəstəkarı Dmitri Şostakoviçin XX əsrin mütəfəkkir-filosofu və əsl vətəndaş-sənətkar mövqeyi, gerçəkliyin hadisələrinə münasibəti, böyük novator cəhətləri Azərbaycan bəstəkarlarnın yaradıcılığında davam etdirilmişdir. 

Müəllim-tələbə münasibətlərinin ənənələr şəklində mövcudluğu Şostakoviç-Qarayev-Əlizadə tandemində daha aydın təcəssüm olunur. Belə ki, D.Şostakoviçin bəstəkarlıq üslubundan bəhrələnən Q.Qarayevin cəsarətli axtarışları F.Əlizadənin Şərq və Qərbi özündə birləşdirən zəngin yaradıcılığında təzahürünü tapmışdır. Eyni zamanda D.Şostakoviçdən irəli gələn güclü dramatik gərginlik yaratmaq bacarığı Q.Qarayev musiqisinə təsir edərək, daha sonra yaradıcı surətdə F.Əlizadə yaradıcılığında təzahür etmişdir. Q.Qarayevin müəllimi D.Şostakoviç ənənələrini mənimsəməsi, əsərlərində müasir dövrün dahi bəstəkarının üslub xüsusiyyətlərini təmsil etməsi istedadlı tələbəsi F.Əlizadənin yaradıcılığında yeni inkişaf yoluna qədəm qoymuşdur. 

Onu da vurğulayaq ki, dünya musiqisində Şostakoviç-Qarayev-Əlizadə tandemindən yaranan silsilə konsertlər ənənə şəklini almışdır. Belə ki, 2011-ci ildə Fransada “Dmitri Şostakoviç” Beynəlxalq Assosiasiyasının təşkilatçılığı ilə keçirilən “Dmitri Şostakoviç, Qara Qarayev və Firəngiz Əlizadə“ adlı konsert məhz bu məqsəddən irəli gəlmişdir. Böyük uğurla qarşılanan bu konsertdə D.Şostakoviçin  ənənələrinə əsaslanan həm Q.Qarayevin, həm F.Əlizadənin öz üslubu tamaşaçıların diqqətini cəlb edir. Bu səbəbdən konserti işıqlandıran dünya mətbuatında dəyərli və müsbət fikirlər yer alır. 2022-ci ildə Böyük Britaniyada təşkil olunan “Şərqdən sədalar” adlı konsert proqramı isə D.Şostakoviçin 12 saylı simfoniyası və Q.Qarayevin “Yeddi gözəl” baletindən süita ilə yanaşı, Firəngiz xanımın yeni bir əsəri – “Nizami fəzası”nın səsləndirilməsi ilə əlamətdardır. Məlumdur ki, Nizami dünyanın gözəlliklərini, insanlığı, humanistliyi və bu kimi dəyərləri kamilliklə öz əsərlərində ifadə etmişdir. F.Əlizadənin dahi şairin dünyasına müraciət etməsi təsadüfi deyildir və bəstəkar Nizaminin “Sirlər xəzinəsi” əsərindən alınan təəssüratlarla “Nizami fəzası” əsərini yaratmışdır. Həmin konsertdə sələflərinin ənənələrini davam etdirən F.Əlizadənin “Nizami fəzası” əsərinin dirijor Kiril Karabitsin rəhbərliyi ilə Bormunt Simfonik Orkestri tərəfindən ilk dəfə dünya premyerası baş tutur. “Nizami fəzası” Böyük Simfonik orkestr və elektron səslər üçün misteriya kimi nəzərdə tutularaq, Nizaminin sönməz poetik ruhunun əks olunduğu möhtəşəm sənət əsəridir. “Nizami fəzası” əsəri Nizami dünyasının bəstəkarın təxəyyülündə təzahürü kimi qavranıla bilər və F.Əlizadə öz musiqisi ilə sanki Nizaminin fəlsəfi dünyasını fəzaya qədər çatdırmışdır. Onu da qeyd edək ki, misteriyanın əsasında duran motivlər və musiqidə həmin janrın oxşar cizgiləri XIX əsrin romantizm dövründə, R.Vaqnerin operalarında, xüsusilə də “Parsifal”da öz əksini tapmışdır. Bu baxımdan F.Əlizadənin “Nizami fəzası” əsəri XXI əsrdə dünya musiqi mədəniyyətində Şərq və Qərbin qovuşması kontekstində yaranan əsər kimi diqqətəlayiqdir. “Nizami fəzası” əsərinin ilk ifası zamanı orkestrlə elektron səslənmənin qovuşması sanki yer və fəza arasında sirli əlaqələrin oyanması təəssüratı yaradaraq, bəstəkarın texniki vasitələrlə kəhkəşanı təsvir etməsini işıqlandırır. Bu toxunma nöqtələri tədricən orkestrin müxtəlif alətləri ilə inkişaf edərək, ardıcıllığın müəyyən bir təmas xəttində birləşməsini, həmçinin, əvvəlcə Skryabin, daha sonra Ayvz və Varezdə nəzərə çarpan xüsusiyyətlər, elektron və simfonik  orkestrin münasibətləri həllini tapmışdır.

Bu konsertdə D.Şostakoviçin gözlənilməz və dünyada baş verən dəyişiklikləri əks etdirən təfəkkür tərzinin Q.Qarayev və F.Əlizadənin əsərlərin dərin məzmununa nüfuz etməsini müşahidə etməmək mümkün deyildir. Ümumiyyətlə, bu istiqamətdə təşkil olunan hər bir konsert rəngarəngliyi və psixoloji gərginliyi, mürəkkəb müasir harmonik ahəng vasitələrini birləşdirən musiqi dilinin zənginliyi ilə diqqətəlayiqdir. 

2022-ci ilin aprel ayında “Nizami fəzası”nın dünya premyerasından bir müddət sonra Xalq artisti, professor Fəxrəddin Kərimovun rəhbərliyi ilə Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestri həmin əsəri bəstəkarın yubiley günlərində Bakı tamaşaçılarına, sənətsevərlərə təqdim etmişdir.
Ustadlardan gələn ənənələrin davamı kimi oktyabrın 11-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Akademik Filarmoniyasında Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti təşkil olunmuşdur. Əməkdar artist Fuad İbrahimovun bədii rəhbərliyi və baş dirijorluğu ilə keçirilən konsertin solisti Avstriyadan olan violin ifaçısı Sergey Doqadin idi. Onu da qeyd edək ki, Sankt-Peterburq Konservatoriyasının məzunu olan S.Doqadin bir çox Beynəlxalq müsabiqələrin Qran-Pri mükafatçısı olmaqla yanaşı, müasir dövrdə dünyanın aparıcı violin ifaçılarından biridir. 
Ənənə və varislik prinsipi əsasında qurulan konsertin proqramında Firəngiz Əlizadənin “Nizami fəzası” əsəri ilə yanaşı, Dmitri Şostakoviçin violin və orkestr üçün 1 saylı konserti (a-moll, op.77) və Qara Qarayevin “Don Kixot” simfonik qravürləri səsləndirilmişdir. 

Qeyd edək ki, görkəmli bəstəkarların zəngin irsinin layiqli davamçısı olan Firəngiz Əlizadənin “Nizami fəzası” əsəri XXI əsr müasir musiqi tarixində dahi mütəfəkkir şairin mövzusu ilə bağlı ilk irimiqyaslı kompozisiyadır. İlk dəfə 2022-ci ildə Londonda səsləndirilən bu əsər musiqinin möhtəşəmliyi ilə fəzanı seyr edən Nizaminin obrazının təcəssümüdür. “Nizami fəzası” əsərində dahi şairin obrazı kainatın gözəlliyində müxtəlif təsvir vasitələri ilə vəsf olunur. Əsərin final hissəsində ənənəvi təsvirdən uzaqlaşaraq, sətiraltı məna yükündən doğan motivlərin Nizami obrazı ilə əlaqələndirilməsi kulminasiya ilə yanaşı, həm də əsərin əsas ideyasının təsdiqi funksiyasını daşıyır. “Nizami fəzası” əsərinin əksər hallarda A.Skryabinin “Prometey” və “İlahi poema” əsəri ilə müqayisəsi məhz dərin fəlsəfi ideyaların ifadəsi ilə bağlıdır. Firəngiz xanım “Nizami fəzası” əsərində D.Şostakoviç və Q.Qarayevin musiqi təfəkkürünün simfonik xüsusiyyətlərinə əsaslanaraq, təmkinli sadəliyi və coşğun virtuozluğu ifadə etməyə nail olmuşdur. Fuad İbrahimovun dirijorluğu ilə Azərbaycan Dövlət Simfonik Orkestri “Nizami fəzası” əsərinin dərin fəlsəfi ideyasını və F.Əlizadə musiqisinin zənginliyini yüksək peşəkarlıqla səsləndirməyə nail oldu. Əsərin dərin məzmunu təxminən 25 dəqiqə müddətində dinləyiciləri öz sirli aləminə apararaq, formanın inkişafı ilə müəyyənləşən müxtəlifobrazlılığı və onun sirlərini dərk etməyə yönəltdi. Bu baxımdan düşünülmüş məntiqilik və yığcamlıq “Nizami fəzası” əsərinin səciyyəvi cəhəti kimi şərh oluna bilər. Firəngiz xanımın fəlsəfi əqidəsinin simfonik orkestrin üsulları ilə qovuşması və təfəkkür tərzinin dərinliyi əsər boyu müşahidə olundu.

Bütün deyilənləri ümumiləşdirərək deyə bilərik ki, Nizami poeziyasının alleqorik kosmoloji düşüncələri müasir orkestrin bütün ifadə vasitələrinin çoxlaylı və çoxmənalılığı ilə Firəngiz Əlizadənin yaradıcılığında öz əksini tapmışdır. (Edqar Varezdən sonra).  Biz dərin təəssürat yaradan partiturada melodiyaların, ritmlərin, tembrlərin və onların fantastik birləşmələrinin fasiləsiz inkişafını müşahidə edirik. Orkestrin səslənmə sonoriyalarının amplitudası sirli uçurumun ən sakit xışıltısından yaxınlaşan fəlakətin sürətli gurultusuna qədər uzanır. Və burada təəssüflə etiraf etməliyik ki, musiqişünaslığın bugünkü vəziyyəti əsərin dərin, şifrələnmiş mənalarını hələ açmağa müvəffəq olmamışdır. Axı həm Nizaminin “Sirlər xəzinəsi”nin, həm də Firəngiz Əlizadənin “Nizami fəzası”nın dərk edilməsi hər kəs tərəfindən mümkün deyildir.

Yalnız dərketmənin sonsuzluq yolunu getməyə hazır olanlar bu əsərlərin çərçivəsinə daxil olmaq iqtidarında ola bilərlər. 

Q.Qarayevin “Don Kixot” simfonik qravürlərinə xas olan daxili əlaqələrin aydın məntiqi və özünəməxsus dramaturji inkişafının zənginliyi bir daha dinləyicilərə təqdim olundu. Müəyyən ardıcıllıqla səslənən 8 qravürün müxtəlif cəhətlərinin təcəssümü, obrazların fərqli təsirlər altında dəyişməsi orkestrin səslənməsində bir daha təsdqini tapdı. 

D.Şostakoviçin violin və orkestr üçün 1 saylı konserti (a-moll, op.77) Filarmonyanın səhnəsində ilk dəfə səslənirdi və S.Doqadinin ifasında XX əsr bəstəkarına hakim kəsilmiş duyğular, daxili sarsıntılar və psixoloji qarşıdurma aydın şəkildə ifadə olunmuşdur. 

Soştakoviç-Qarayev-Əlizadə tandeminin “Sələflər və xələflər” adı altında təqdim olunan növbəti konserti D.Şostakoviç ənənələrinin varislik və ənənələr yolu ilə yaşadılmasının bariz nümunəsi kimi dinləyicilər tərəfindən heyranlıqla qarşılandı. Bu əsrarəngiz konsertdə Nizaminin sirlərlə dolu hikmət xəzinəsi, D.Soştakoviçin bəstəkarlıq üsulları, Q.Qarayevin simfonik təfəkkürü və nəhayət, bütün bunları özündə birləşdirən F.Əlizadənin mənəvi ruhun təkmilləşməsini ifadə edən əsəri müasir dövrün idrak sonsuzluğunda təcəssüm olundu.  

Həbibə Məmmədova
sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent